"2 oktyabr – Beynəlxalq Qeyri-Zorakılıq Günü"dür

3-10-2015, 02:16
928

http://gundelik.info/uploads/posts/2015-10/1443820643_1443761368_12067343_1626630840943907_1635837509_n.jpg


2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla 2 oktyabr tarixi "Beynəlxalq Qeyri-Zorakılıq Günü" kimi qeyd edilir. Qəbul olunmuş qətnamədə bu beynəlxalq günün məqsədi – sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiq etməkdir. 2 oktyabr təsadüfən seçilmiş tarix deyil, məhz bu gün Hindistanın müstəqilliyi uğrunda hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum günüdür.

2010-cu ildə Azərbaycanda məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə "Məişət Zorakılığının qarşısının alınması" haqqında Qanun qəbul edilmişdir.

Beynəlxalq səviyyədə zorakılıqla mübarizə aparmaq çox əhəmiyyətlidir. Bu gün filmlərdə, mediada yayımlanan xəbərlərdə tez-tez zoraklıq halları ilə qarşılaşırıq. Bütün bunların hər gün geniş şəkildə yayılması zorakılığın qəsdən olmasa da dolayı yolla təlqin edilməsinə səbəb olur. Filmlərdə, televiziyada yayımlanan seriallarından kitablara qədər bir çox yerdə əxlaqi degenerasiyaya məruz qalmış insanlar sanki qəhrəman kimi təqdim edilir. Bir-birinə xəyanət edən ər-arvadlar, ensest münasibətlər, güc və ya iqtidar üçün törədilən cinayətlər, korrupsiyalar, sui-istifadələr, intriqalar, qadınları alçaltma, hətta döymə kimi hadisələr gündəlik həyatın bir hissəsi olaraq insanlara göstərilir.

Bunların bir qismi real həyatdan götürülmüş hadisələr ola bilər. Lakin bir çox psixoloqlar mediada geniş şəkildə istifadə edilən şiddət faktorunun cəmiyyətlərə mənfi təsir etdiyinə diqqət çəkir. Məsələn, uşaqlar kiçik yaşlarından yetkin olana qədər istər filmlərdə, istərsə də xəbərlərdə minlərlə cinayət səhnəsinə şahid olurlar. Bu səhnələrin çox az hissəsində cinayətkarların peşman olmasına, çəkdiyi vicdan əzabına yer verilir. Sanki insanlara "adam öldürdükdən sonra da həyatın eynilə davam etdiyi, həbsdəki həyatın da adi bir həyat tərzi olduğu" düşüncəsi təşviq edilir. Bu kimi uğursuz nümunələrin güclü təlqinlərlə təqdim edilməsi zorakılığı normal qarşılayan insanların formalaşmasına səbəb olur.

Bunun əksinə media maarifləndirici funksiya daşıya bilər, sosial şəbəkələrdə bu mövzuda gündəm yaradıla bilər. Filmlərdə zorakılığı əsas metod olaraq qəbul etmədən şər qüvvələrlə mübarizə aparan vicdanlı qəhrəmanlara, etdikləri pisliklərdən peşman olan insanlara yer verilə bilər. Dərs kitablarında şiddətin həll yolu olmadığı, cəmiyyətə və fərdlərə verdiyi zərərlər statistik məlumatlar və müvafiq misallarla izah edilə bilər.

Yalnız bu halda uşaqlar küçələrdə rahat oynaya, qadınlar ən qaranlıq küçələrdən qorxmadan keçə bilərlər. Silah və fərdi müdafiə vasitələrinə ayrılan yüz milyardlarla dollar insanlığa daha faydalı hala gələr. Bundan əlavə müharibələr, yoxsulluq, aclıq, cahillik sona çatar. Bütün bunlar elə də çətin deyil. Çox asanlıqla həll edilə biləcək hadisələrdir. Yetər ki, pisliyə qarşı yaxşılığı müdafiə edən insanlar birlik olmağı istəsinlər.
(gmiib.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: