Preloader image

İlham Əliyev Özbəkistanın nümayəndə heyətini qəbul edib
11-07-2017, 05:00
Xeberler / Prezident
Redaktə
 http://s019.radikal.ru/i623/1707/f7/8ccf6a6e7d5c.jpg


Prezident İlham Əliyev Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovu və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovu qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin yaxşı perspektivlərə malik olduğunu dedi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə bu yaxınlarda Səudiyyə Ərəbistanında qısa söhbətini xatırlayan Prezident İlham Əliyev qeyd etdi ki, bu görüş zamanı əlaqələrimizin gələcəyi haqqında danışıldı və qeyd olundu ki, Azərbaycan dost Özbəkistan ilə bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Dövlətimizin başçısı dini qurumlar sahəsində də təcrübə mübadiləsi və əməkdaşlıq ilə əlaqədar müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində bu il Özbəkistanda keçiriləcək İslam həmrəyliyinə həsr edilmiş konfransın böyük əhəmiyyətə malik olduğunu dedi və bildirdi ki, bu konfrans xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşması baxımından önəm daşıyır. Dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycanda digər mötəbər beynəlxalq tədbirlərlə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bir çox konfranslar keçirilir.

Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı. Qardaş Özbəkistan və Azərbaycan xalqlarının bir-biri ilə tarixi dostluq telləri ilə bağlı olduğunu deyən Artukbek Yusupov Özbəkistanın ilk Prezidenti İslam Kərimovla Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında sıx dostluq münasibətlərinin olduğunu dərin ehtiram hissi ilə qeyd etdi. O bildirdi ki, Azərbaycandakı inkişaf prosesləri və dost Azərbaycan xalqının uğurları ölkəsində maraqla izlənilir.

Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Mənbə: http://www.president.az
Teqlər:
Məqaləni bəyəndinmi?
Dostlarla bölüşmək:
comments powered by HyperComments
up