все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Rahilə DÖVRAN."NUH DİYARI – “NUHÇIXAN”" (Məqalə)

Просмотров: 149
http://edebiyyat-az.com/wp-content/uploads/2016/07/rahileanam.jpg


Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,


/DÜNYA TUFANI ƏFSANƏSİ VƏ NAXÇIVAN/

NAXÇIVAN - 2018

DÜNYA TUFANI
Tarixşünaslıq elmində antik-qədim dövrlərin öyrənilməsində arxeologiya ilə yanaşı, digər elm sahələrinin, xüsusilə mifologiya və toponimikanın da imkanlarına istinad kimi yanaşılır. Artıq Qərb tarixşünaslığında da belə bir qənaət formalaşıbdır ki, tarixin dərinliklərinə baş vurulduqda arxeologiyanın imkanlarının bitdiyi yerdən mifologiya başlanır. Toponimika isə mifologiyanın izlərini qoruyub saxlayır, onu yaşadır və sonrakı nəsillərə ötürür.
Bu baxımdan son onilliklərdə Naxçıvanın tarixi ilə əlaqədar Naxçıvanda ilkin şəhərsalma tarixi ilə bağlı aparılan kompleks tədqiqatlar böyük əhəmiyyət kəsb etməkdədir. Naxçıvanla əlaqədar, Dünya tufanı, Nuh əfsanəsi, Nuh peyğəmbərin əfsanəvi gəmisi, bu gəminin məhz Naxçıvan torpağında quruya enməsi kimi hadisələr ətrafında mifologiya və toponimika ilə bağlı aparılmış araşdırmalar indiyədək arxeoloji tədqiqatların nəticəsində formalaşmış təsəvvürlərin daha da dərinləşməsinə və genişlənməsinə səbəb olmuşdur.
Dünya tufanı, Nuh peyğəmbərin gəmisi, Gəmiqaya, Nuhçıxan – Naxçıvanla səsləşən yer adlarının müəyyən olunması, bu adların xalqımızın fonetik deyimlərində günümüzədək gəlib çıxması və əldə olunan materiallar Naxçıvanda ilkin şəhərsalmanın tarixinə də Nuh peyğəmbər və Dünya tufanı hadisəsindən üzü bu tərəfə baxmağa geniş imkanlar yaratmışdır.
Naxçıvanda ən qədim insanların yaşaması ilə bağlı sonsuz sayda dəlillər vardır. belə önəmli faktlardan biri də uzun illərdən bəri bütün tədqiqatçı alimlərin diqqətini çəkən Nuh peyğəmbərin adı ilə bağlı toponim və abidələrdir. Araşdırmaçılar bu məsələni irəli çəkərkən olduqca unikal abidələri nümunə gətirirlər. Həmin abidələrə Ordubad rayonu ərazisindəki, eramızdan əvvəl IV-I minilliyə aid Gəmiqaya təsvirlərini. Nəbi yurdunu, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhdaban, Nuhgədik, Peyğəmbərayağı kimi yer adlarını misal çəkmək olar. Bundan başqa, alimlər Naxçıvan şəhərinin yaşının 5 min il olmasını sübut etmək üçün təkcə Naxçıvan şəhərinin tarixini deyil, ətraf ərazilərdə yerləşən tarixi abidələrin də nəzərə alınmasını diqqət mərkəzinə çəkirlər.
Nuh peyğəmbərlə əlaqədar olan əsatirlər və rəvayətlər, eyni zamanda bu hadisə ilə bağlı olan qədim toponimlər Naxçıvanın ilk insan məskunlaşması ilə əlaqədar çox qədim tarixə malik olduğunu göstərir. Artıq bu fikir həm ölkəmizin, həm də digər dövlətlərin tarixşünaslarının yekdil fikrinə çevrilmişdir ki, Naxçıvan – Nuhçıxandır. Yəni, Naxçıvan torpağı Nuh peyğəmbərin gəmisinin gəlib quruya çatdığı son mənzildir. Nuh peyğəmbərdən sonrakı mövcud həyat Naxçıvandan başlanır.
Naxçıvan adının və Naxçıvan şəhərinin Nuh peyğəmbərlə bağlı olması haqqında yəhudi alimi İosif Flavi (e.ə. I əsr), yunan alimi Klavdi Ptolomey (eramızın II əsri), ərəb alimi Əl-Əşrəfi (XVI əsr), fransız səyyahları Can Batist Tavernye və Dyübüa De-Manpere (XVII əsr), rus tədqiqatçıları – V.Qriqoryev, İ.Şopen, K.A.Nikitin (XIX əsr), V.M. Sisoyev, İ.M.Dyakonov (XX əsr) və başqaları məlumat vermişlər.
Bunların arasında daha çox diqqəti cəlb edən rus maarifçisi Konstantin Nikitinin 1882-ci ildə “Qafqaz ölkəsi və tayfalarını öyrənmə materialları” məcmuəsində çap olunmuş “Naxçıvan şəhəri və Naxçıvan mahalı” adlı əsəridir. K.Nikitin bu əsərində qeyd edir:
“Naxçıvan şəhəri insanlıq tarixinin ən qədim dövrləri ilə bağlı olan, böyük dünyəvi hadisələrlə səsləşən bir məkanda yerləşir...Rəvayətə görə Nuh peyğəmbər Naxçıvan şəhərində yaşamışdır. O, ailə üzvləri ilə bu yerdə məskunlaşmış, burada gələcək şəhərin əsasını qoymuşdur. Naxçıvan şəhərinin də ilk məskunlaşma, yaxud birinci dayanacaq mənasını bildirən adı da buradan yaranmışdır.
... Bundan sonra Nuh və onun ailəsi uzun müddət Naxçıvanda yaşamışdır. Rəvayətə görə insan nəsilləri buradan yayılmışdır. Nuh özü və onun bacısı, habelə ailəsinin digər üzvləri Naxçıvanda vəfat etmiş, burada da dəfn olunmuşlar. Hələ indi də onun buradakı məzarının və türbəsinin yerini göstərirlər...”
Konstantin Nikitin Nuhun Naxçıvandakı qəbrini də görmüş və onu belə təsvir etmişdir:
“Nuhun qəbri şəhərin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzar XVIII yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə o yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, çətinliklə keçmək mümkün olan, ortadan daş dirəklərlə möhkəmləndirilmiş mağaraya bənzəyir. Həmin dirəyin altında Nuh peyğəmbərin cənazəsi yerləşir”.
Ümumiyyətlə, Nuh peyğəmbərin Naxçıvanda yaşaması və burada vəfat etməsi barədə yüzlərlə elmi sübut və dəlil var. Ancaq bu zaman belə bir sual ortaya çıxır: Bəs, son vaxtlara kimi bu abidə barədə (Nuhun məzarı) niyə söhbət açılmayıb?
Çünki sovet hakimiyyətinin elə ilk illərində həyata keçirilən ideoloji siyasət nəticəsində Naxçıvanın ən qədim dövrlərindən Azərbaycan türklərinə məxsusluğunu sübut edən yüzlərlə tarixi abidə kimi Nuh peyğəmbərin məzarüstü türbəsi də məhv edilib. Düzdür, Nuh peyğəmbərin qəbirüstü türbəsi Naxçıvanda sovet hakimiyyəti qurulanadək bütöv bir panteon olmuş, minlərlə insanın ziyarətgahına çevrilmişdir. Lakin sovetlər birliyi dövründə “Nuh-Naxçıvan” mövzusu qadağan olunmuş, elmi ədəbiyyatlarda işlədilməsinə icazə verilməmişdir.
Nuh peyğəmbər, Dünya tufanı və Gəmiqaya mövzusuna ancaq Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra müraciət olunmağa başlanılmışdır. Beləliklə, XXI əsrin ilk illərindən başlayaraq Nuh peyğəmbərin gəmisinin Azərbaycanın ən qədim məskənlərindən biri hesab olunan Naxçıvan ərazisindəki Gəmiqaya adlanan dağlıq ərazidə torpağa enməsinə dair olan ehtimallar daha çox üstünlük qazanmağa başlamışdır.
Bu zamanadək Nuhun gəmisinə dair mənbələrdə bu hadisə ilə bağlı adı çəkilən Ağrı dağ və Cüdi dağı Türkiyə dövləti ərazisində, Gəmiqaya isə Azərbaycanın ulu Naxçıvan ərazisində olsalar da, uzaq məsafələrdə yerləşmirlər. Yəni, Nuhun gəmisi ilə bağlı hadisə Şərqi Anadoludakı Ağrıdağ ilə Naxçıvan diyarındakı Gəmiqaya arasında olan ərazilərdə baş vermişdir. Ağrı dağı və Cüdi dağı ilə müqayisədə Dünya tufanı, Nuh peyğəmbərin əfsanəvi gəmisi ilə bağlı toponimlər, adlar və rəvayətlər Naxçıvanda daha çoxdur.
Naxçıvan ərazisindəki Gəmiqaya, Haçadağ, Nuhdaban, Nuhəcir, Nuhram, Nürgüt, Nəsirvaz, Nəbi yurdu, Nuhgədik, Qapıcıq, Baca bulağı, Qaranquş yaylağı, Peyğəmbər ayağı, Dor gədiyi, Nuhçıxan və s. kimi çoxsaylı yer adları yuxarıda söylədiklərimizə əsas verir.
Göründüyü kimi, özündə qədim tarixin izlərini əks etdirən çoxsaylı toponimlər Naxçıvan diyarının Dünya tufanı, Nuh hadisəsi ilə əlaqədar olduğunu açıq-aşkar şəkildə diktə edir. Naxçıvan sözünün etimologiyası ilə bağlı aparılan elmi araşdırmalar da bir daha sübut edir ki, “Naxçıvan” sözü “Nuh” ifadəsi ilə bağlıdır və “Naxçıvan” “Nuhçular”ın, “Nuh tərəfdarlarının məskəni” deməkdir.
Həm də Naxçıvandakı folklor materiallarında və toponimlərdə təkcə gəminin yerə enməsi deyil, bu prosesin hamısı – Qaranquşla bağlı əhvalat, dağın haçalanması – Haçadağın bölünməsi əfsanəsi, Gəmiqaya, Nuhdaban, Nəbi yurdu, bir sözlə həyat ümidinin başlandığı andan yerə enmə və məskunlaşma prosesinə kimi olan gedişat öz əksini tapmışdır.
Nuh peyğəmbərlə və Dünya tufanı ilə bağlı əsatir və əfsanələrdə də Naxçıvandakı yer adları geniş yer tutur. Məsələn, rəvayətlərdən birində deyilir ki, “Nuhun gəmisi Gəmiqayada quruya oturmuşdu. Oğlanları bir gün gördülər ki, uca dağlar od tutub yanır... Bu nə sirdir dedilər, dağ da yanar?
... Nuh Nəbi dedi: - Gördüyünüz elə-belə od deyil... Bu torpağın mayası oddan yoğrulub... Yanan dağlardan biri Gəmiqaya, biri İlan dağı, biri Ağrı dağıdır.
Nuh Nəbi sözünü qurtardı. Dayandığı yerdən bir addım irəli atdı. Oğlanları həmin yerdə yurd saldılar, adına da Nuhdaban dedilər”.
Bundan başqa, digər bir qədim əfsanədə, hətta Naxçıvan ərazisindəki Gəmiqaya adının yaranması hadisəsi aşağıdakı şəkildə əks olunmuşdur:
“Gəmi bir dağa yan alıb, ehmalca qayaya toxundu. Nuh buna Gəmiqaya adı verdi. Gəmidəkilər quruya çıxdılar”.
Olduqca maraqlıdır ki, Nuh peyğəmbər hekayəti ilə səsləşən toponimlərin böyük əksəriyyəti əfsanəvi gəminin yerə endiyi ehtimal edilən Gəmiqaya-Qapıcıq ərazisindədir.
Nəbi yurdu.
Toponim və əfsanələrdə adı çəkilən Nəbi yurdu, yəni Nuh peyğəmbərin yurdu ilə əlaqədar yaşayan toponimdir. Bu yer ilin bütün fəsillərində başı qarla örtülü olan Gəmiqaya – Qapıcıq zirvəsindən bir qədər aşağıda yerləşir. Nəbi yurdu buzlaşmanın qurtarıb həyatın, insan məskunlaşmasının başlandığı məkan anlamı daşımaqdadır. Hətta burada qədim qəbirlərə də rast gəlmək mümkündür. Gəmiqaya qayaüstü rəsmlərinin bir çoxu Nəbi yurdu ərazisindədir.
Qaranquş yaylağı.
Bu əfsanəvi yaylaq yeri Nəbi yurduna bitişik ərazilərdədir. Gəmiqayadakı iki minə yaxın sayı olan qayaüstü təsvirlərin böyük əksəriyyəti Qaranquş yaylağındadır.
Naxçıvandan toplanmış folklor materiallarına istinad edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir Qədirzadə həmin hekayəti aşağıdakı variantda təqdim edir:
“Toplanmış rəvayətlərə görə Dünya tufanı başa çatıb sular sakitləşəndən, küləklər dayanandan sonra Nuh peyğəmbər qarğanı buraxır ki, görsün quru yer varmı? Qarğa gedib qayıdır. Peyğəmbər bilir ki, hələlik quru yer yoxdur. Sonra Qaranquşu buraxır. O, çox gec qayıdır. Peyğəmbər baxır ki, onun ayaqlarında və dimdiyində palçıq var. Düşünür ki, artıq sular çəkilməyə başlayıb. Müəyyən vaxtdan sonra Qaranquşu yenidən buraxır. Qaranquş bir müddət dolandıqdan sonra gəmiyə gəlir. Lakin gəmidə qalmayıb yenidən geri dönür. Beləliklə, onun qurunu tapdığı bəlli olur. Gəmi də həmin istiqamətdə hərəkət edib quruya çatır. Gəmidəkilər Qaranquşu həmin yerdə görürlər. Bundan sonra ərazi onun şərəfinə “Qaranquş yurdu” adlanır.”
Olduqca maraqlıdır ki, Gəmiqaya ərazisindəki qayaüstü rəsmlərdə qaranquş şəkli də qeydə alınmışdır. Qayaüstü rəsmlərdəki Qaranquş təsvirləri bu xilaskar quşu bir neçə yöndən təqdim edir.
Nəbi yurdu ilə müqayisədə Qaranquş yaylağında qədim qəbirlər bir az da çoxdur.
Deməli, Gəmiqayadakı Qaranquş yaylağı Nuh peyğəmbərin əfsanəvi gəmisindəki canlılar içərisində ilk dəfə quru yeri, torpağı tapan, həyat əlamətlərini nişan verən qaranquşun şərəfinə onun adı ilə adlandırılmışdır. Nuh peyğəmbərin gəmisindəkilərin timsalında insanlığı sahilə çıxaran quşun adı Gəmiqayadakı Qaranquş yaylağı ilə əbədiləşdirilmişdir.
Xəzər obası.
Gəmiqaya ərazisində mövcud olan “Xəzər obası” toponimi də Həzrəti Nuhla bağlı olan toponimlərə aid edilir. Bir sıra mənbələrdə bu yerin adı “Qəzər yurdu” kimi də işlədilmişdir. Amma yerli əhali arasında bura Xəzər obası və ya Xəzər yurdu alaraq adlandırılır.
Məlum olduğu kimi, mənbələrdə Xəzərin Nuh peyğəmbərin oğlu və türk-müsəlman qövmünün atası sayılan Yafəsin törəmələrindən, daha doğrusu, Nuhun nəvələrindən birinin adı kimi göstərilir. Nəbi yurdunun sağ tərəfində yerləşən Xəzər obası ərazidəki ilkin insan məskunlaşması ilə bağlı yerlərdən biridir. Nəbi yurdu və Qaranquş yaylağı Gəmiqayadakı məskunlaşmanın başlanğıc mərhələsini, Xəzər obası isə onun davamını, genişlənməsini göstərir.
Qapıcıq.
Bu toponim də Dünya tufanı və Nuh peyğəmbər rəvayəti ilə vəhdətdən yaranmışdır. Kiçik Qafqazın və Gəmiqaya silsiləsinin ən yüksək zirvəsi sayılan 3906 metr yüksəklikdə olan Qapıcıq zirvəsi məna etibarilə Dünya tufanı hadisəsində Nuh peyğəmbər üçün açılmış kiçik qapı, yer aləminə giriş yeri kimi anlaşılmaqdadır. Əsatirdə də göstərildiyi kimi, Nuh peyğəmbərin gəmisi bir müddət səfərdən sonra gəlib çatdığı bu yerdə qapı boyda, baca şəklində torpaq sahəsi görünür və bura əfsanəvi gəminin son dayanacağı olur.
Qapıcıq – Nuh peyğəmbərin ardınca yeni insan nəsillərinə açılan ilk qapı mənasında da əhəmiyyətlidir. Baca bulağı və Qapıcıq haqqındakı tədqiqatlar Dünya tufanı hadisəsi və Nuh peyğəmbərin əfsanəvi gəmi səfəri ilə bağlı rəvayətlərlə tam üst-üstə düşür. Nəbi yurdu, Qaranquş yaylağı, Xəzər obası toponimləri ilə bağlı olan fərziyyələr Baca bulağı və Qapıcığa aid mülahizələri tamamlayır və daha da dolğunlaşdırır.
Haçadağ.
Ulu Naxçıvan diyarı ərazisində Dünya tufanı zamanı Nuhun əfsanəvi gəmisinin toxunaraq yarıb keçdiyi məşhur İlanlı dağın adıdır. Rəvayətə görə bu dağın və ona yaxın olan, İranın Ordubad rayonu ilə sərhəddində yerləşən Kəmki dağının adlarını Həzrəti Nuh qoymuşdur. Rəvayətdə deyilir:
“Nuhun gəmisi hər yerdə sulardan sakit keçir. Təkcə bir dağdan keçəndə gəmi bir az ilişir. Nuh deyir: - İnan ki, dağdır. Ona görə bu dağın adı İnan dağı qalır.
Nuhun gəmisi xeyli aralıda yenə də çətinliyə düşür. Nuh deyir: - Bu dağ o dağdan kəm deyil. Bu sözə görə o dağın adı Kəmki olur”.
Haça dağ – Dünya tufanı zamanı Nuhun gəmisinin yer aləminə can atarkən ilk dəfə torpağa ilişdiyi yerin adıdır. Bəlkə də Nuh əsatirindəki Qaranquşun caynağındakı palçıq məhz Haçadağdan götürülmüş torpaq payıdır. Haçalanmış dağ Nuhun gəmisinin istiqamətini təyin etməyə imkan verir. Haçadağa toxunandan sonra gəmi Qapıcığa doğru istiqamət almışdır.
Beləliklə, Dünya tufanından sonra Naxçıvan ərazisindəki məskunlaşma dəniz səviyyəsindən 3906 metr yüksəklikdə olan Qapıcıq zirvəsindən, Baca bulağından üzüaşağı Nəbi yurduna və Qaranquş yaylağına, oradan Xəzər obasına tərəf uzanıb gəlmişdir.
Ordubad rayonundakı Nəsrivaz kəndinin adı da əsatirdə bəhs olunan Nisr dağı ifadəsi ilə uyğun gəlir. Eyni zamanda Culfa rayonu ərazisində Haçadağın ətrafında olan Peyğəmbər ayağı yeri Nuh peyğəmbərin Gəmiqayadan Nuhdabana, başqa sözlə Naxçıvana doğru hərəkətinə bir işarət kimi dərk edilməlidir.
Nuhdaban.
Naxçıvan Muxtar Respublikasından toplanmış folklor nümunələrindən birində bu yaşayış yerinin yaranması haqqında məlumata rast gəlinmişdir:
“Nuh Nəbi sözünü qurtardı. Dayandığı yerdən bir addım irəli atdı. Ayağı torpağa gələndə pəncəsi yox, dabanı yerə dəydi. Oğulları həmin yerdə yurd saldılar, adına da Nuhdaban dedilər”.
Qədim folklor nümunələrindən, rəvayətlərdən, eyni zamanda Nuh hadisəsi ilə tam səsləşən toponimlərin bizə verdiyi dolğun məlumatlar sayəsində qətiyyətlə söyləmək olar ki, müasir Naxçıvan – Nuhçıxan Nuhdabandan başlanır. Nuhdaban Dünya tufanından sonrakı ilkin sivilizasiyanın birinci oturaq dayanacağıdır.
Beləliklə, həyat Qapıcıqdan Nəbi yurduna, Qaranquş yaylağına, Xəzər obasına, oradan Nəsirvaz yaşayış yerinə, oradan isə tam oturaq yaşayış yeri hesab olunan Nuhdabana doğru hərəkət etmişdir.
Həm də Naxçıvan şəhərinin ilkin salındığı yerdir, yəni Nuhdaban – Nuhçıxandır, nəhayətdə isə Həzrəti Nuhun son məskunlaşdığı müqəddəs məkandır. Fərziyyə və əsatirə görə Nuh peyğəmbər bu yerdə Naxçıvan şəhərinin binasını qoymuşdur. Məhz buna görə də Ulu Nuh Nəbinin məzarı Naxçıvan şəhərindədir. Naxçıvan şəhərinin adı da Nuhçıxan ifadəsindən əmələ gəlmişdir.
Məlum olduğu kimi, Dünya tufanı, Həzrəti Nuhun əfsanəvi gəmisi haqqında İslama qədərki dinlərin müqəddəs kitablarında da bəhs olunmuş və bu əsatir məzmunca oxşar şəkildə təsvir olunmuşdur. Amma onların içərisindən ən səhih məlumatlara malik, dolğun olanı “Qurani-Kərim”dir.
İnsanlığın ikinci atası olaraq tanınan Həzrəti Nub (ə)-nin adı “Qurani-Kərim”də 43 dəfə çəkilmişdir. Uzunömürlülüyünə görə Həzrəti Nuha – Ənbiyaların şeyxi – qocası da deyilir. Tarixi mənbələrdə əsl adının Əbdül-Ğəffar, Əbdül-Əli, Əbdül-Məlik olmasına da rast gəlinir. Onun qövmü ilə olan dastanı bir neçə surədə (Əraf, Muminun, Nuh, Hud, Şuəra, Qəmər) təfsilatı ilə gəlmişdir.
Paltarı yundan, yeməyi isə göy-göyərtidən olan bu peyğəmbərin (ə) 460 yaşına qədər övladı olmadığı da tarixi mənbələrdə göstərilib. Həzrəti Nuh (ə) ilk peyğəmbərdir ki, insanlara buyurdu: “Ən mühüm işlərinizi “Bismillah” ilə başlayın”. Həzrəti Nuhun (ə) yaşı da mənbələrə görə 1000, 1450, 1470, 2300, 2500, 2800 olaraq dəyişir ki, bu da tədqiqatçılar arasında ixtilaflara səbəb olur. “Qurani-Kərim”də isə Həzrəti Nuhun 950 il yaşadığı təsvir olunmuşdur.
Bugünkü yazımızı daha anlayışlı xarakterizə etmək üçün “Qurani-Kərim”də təsvir olunmuş bu əfsanəvi hadisənin qısa şərhini dəyərli oxucularımızın nəzərinə çatdırmaq istəyirəm.
Həzrəti Nuhun adı, az qala dünyada hamıya tanışdır. Nuh peyğəmbər beş əsas “Ulu-Əzm” peyğəmbərlərdən birincisi olub. O bütpərəst qövmünü tək olan Allaha iman və itaət etməyə çağırır, camaat isə bütpərəstlik edir, insan və heyvan şəkilndəki bütlərə sitayiş etməyə davam edirdi. Həzrəti Nuh ən çox yaşamış peyğəmbərlərdəndir. O, 950 il insanları Allaha itaətə dəvət edib. Bu 950 il ərzində isə bəzi rəvayətlərə görə vur-tut 12, bəzilərinə əsasən də 80 nəfər iman gətirib. Allah Nuhun qövmünü sınağa çəkir. İman gətirənlər qurtuluşa nail olur, kafir olanlar isə Allah-Təalanın qəzəbinə düçar olurlar.
Günlərin bir günü Uca Rəbbimiz Nuha buyurur ki, böyük bir gəmi düzəltsin. Sonra o və iman gətirənlər həmin gəmiyə minsinlər. Quraqlıq bir yerdə gəmi düzəldən Nuhu bütpərəst qövmü məzəmmət etməyə başlayır. Nuh isə öz işini səbrlə davam etdirir.
“... (Sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt..” Nuh gəmini düzəldir, ümmətinin əyan-əşrəfi isə yanından ötüb keçdikcə onu məsxərəyə qoyurlar. Nuh onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz” (“Hud” surəsi, 37-39-cu ayələr).
Gəmi hazır olur. Allah Nuha əmr edir ki, hər heyvan növündən bir dişi və bir erkəyi gəmiyə yığsın. Həzrəti Nuh bütün heyvanlardan, quşlardan, balıqlardan bir cüt götürüb qəfəslərə yerləşdirir. Nuhun dörd oğlundan üçü – Sam, Ham, Yasəf Allaha iman gətirir, Kənan isə kafir olur. Nuh arvadı, oğulları, gəlinləri və bir neçə mömin şəxslə gəmiyə minir. Vəd olunan tufan qopur. Su həm yerdən çıxır, həm göydən yağış şəklində yağırdı:
“Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. Nəhayət (göydən axan və yerdən qaynayan), sular əzəldən müəyyən edilmiş bir iş üçün bir-birinə qovuşdu (“Əl-Qəmər” surəsi, 11-12-ci ayələr). Nuhun nicat gəmisinə minməyənlər suda məhv oldu. Nuhun oğlu Kənan da boğulub öldü...”
Nuh (gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: “- Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” Nəhayət, “dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu” (“Hud” surəsi, 42-43-cü ayələr). Beləcə, Nuh qövmünün kafirləri Allaha ağ olduqları üçün Onun qəzəbinə uğradılar.
“... Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu...” “... Ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan törənəcək (mömin) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə (gəmidən) en” (“Hud” surəsi, 44-48-ci ayələr).
Bəzi ehtimallara görə tufan altı ay çəkir. Nəhayət, Nuhun gəmisi uca bir dağın başında oturur. Tufandan sonra həyat yenidən canlanır. Hər dişi və erkək heyvanlardan balalar törəyib çoxalır, insanlar da Nuhun üç oğlunun nəslindən artırlar. Buna görə Adəmdən sonra insanların ikinci ulu əcdadı – ikinci babası Həzrəti Nuh sayılır.

Nuh tufanı haqqında Avropa, Asiya, Amerika, Avstraliya və digər bölgə xalqlarında 200-dən artıq əfsanə, əsatir mövcuddur. Mesopotamiyada aparılan arxeoloji tədqiqatlar zamanı tapılan gil lövhələrdə bütün Yer kürəsini su basması haqda Şumer əfsanəsi yazıldığı aşkar olunub. Lakin bu əfsanələrdə də uydurmalar, həqiqətlə uzlaşmayan “faktlar” çoxdur.
Əfsanələrdə olduğu kimi, Tövratda da bildirilir ki, Nuh tufanı bütün Yer kürəsini bürüyüb. Lakin Quran bu tufanın yalnız Nuhu inkar edən qövmü üçün göndərdiyini bəyan edir. Yəni, bu tufan müəyyən coğrafi ərazidə baş verib.
Belə ki, qazıntılar nəticəsində məlum olur ki, Nuh tufanı bütün Yer üzündə deyil, Mesopotamiya ovalığında, müasir İraq ərazisində baş verib. Buradan məlum olur ki, Quran versiyası elmi faktlarla tam şəkildə üst-üstə düşür.
Nuh tufanı e.ə. III-IV minillikdə baş verdiyi güman edilir. XX əsrdə arxeoloqlar Nuh tufanının izlərini tapmaq üçün genişmiqyaslı tədqiqatlara başlayır. Nəticələr uğurlu olur. Tufanın izləri qədim Mesopotamiyanın 4 şəhərində tapılır. Tufan zamanı Mesopotamiyanın düzənlik hissəsi, Elamdan Suriya yaylasınadək su altında qalır. Məlum olur ki, bu 4 şəhərin mədəniyyətləri güclü tufan nəticəsində məhv olub. Arxeoloji qazıntılar zamanı qədim dövrə aid qəbiristanlıqda əmək alətləri ilə yanaşı, lilin çıxması tədqiqatşıların təəccübünə səbəb olub. Burada tapılan alətlər və saxsı qablar üzərindən lil təbəqəsi təmizləndikdən sonra Mesopotamiyanın bu bölgələrində tufan olduğu təsdiqlənir. Lil nümunələrinin mikroskopik analizi göstərir ki, qalın lil təbəqəsi buraya çox güclü tufan nəticəsində çöküb. Özü də burada aşkar olunan lil kütləsi təkcə Mesopotamiyada rastb gəlinir. Bu mümkün fakt onu sübut edir ki, tufan yalnız Mesopotamiya düzənliyində baş verib. Beləliklə də, elmi şəkildə sübut olunur ki, Nuh tufanı əfsanələrdə deyildiyi kimi, bütün dünyanı deyil, müəyyən arealı əhatə etmişdir.
Bütün deyilənlərin hamısı, aparılan ciddi elmi araşdırmalar və keçirilən beynəlxalq elmi simpozium da təsdiq edir ki, Nuhun gəmisi Azərbaycan ərazisində torpağa enibdir və bu torpaq Qoca Şərqin qapısı sayılan Naxçıvan torpağıdır.
Beləliklə, Həzrəti Nuh, Dünya tufanı hadisəsinin məhz ulu Naxçıvan diyarında vaqe olduğuna daha da aydınlıq gətirmək üçün bir daha mənbələrdə əks olunmuş məlumatlara baş vurmaq lazım gəlir. Bu məlumatlara əsasən orta əsr mənbələrində rast gəlinir və yuxarıda da bəhs etdiyimiz kimi heç də az deyildir.
Lakin XIX əsrin əvvəllərindən başlayaraq bir sıra yazılarda Naxçıvanın Nuh peyğəmbərlə bağlılığı, peyğəmbərin məzarının bu şəhərdə olması haqqında məlumatlar verilir. Verilən məlumatların bir qismi ziddiyyətli və təhrifli olsa belə, yenə də mənbəşünaslıq baxımından əhəmiyyətli yazılardır.
Belə ki, V.Qriqoryevin 1833-cü ildə nəşr edilmiş “Статистические Описание Нахичеванской провинции” kitabındakı məlumat olduqca maraqlıdır. Müəllif öz əsərində Nuhun qəbrinin Naxçıvan şəhərinin cənubunda, Köhnə qalanın yaxınlığında yerləşdiyini yazmaqla, qəbrin o dövrkü vəziyyəti haqqında məlumat verir.
Bu məzar haqqında məlumatlara İ.Şopenin 1852-ci ildə Sankt-Peterburqda dərc olunmuş əsərində də rast gəlinmişdir.
Özündən əvvəlki müəlliflərə, xalq arasında mövcud olan rəvayətlərə, Nuh peyğəmbər, Dünya tufanı, Nuhun və bacısının məzarının Naxçıvanda olması ilə bağlı geniş məlumata, yazımızın əvvəlində də istinad etdiyimiz K.A.Nikitinin 1882-ci ildə СМОМПК adlanan topluda nəşr etdirdiyi “Город Нахичевань и Нахичеванский уезд” məqaləsində rast gəlirik.
Müəllif xalq arasında olan rəvayəti müəyyən dəyişikliklərlə toplayaraq dərc etdirmişdir. O da digərləri kimi Bibliyaya əsaslanaraq gəminin Ağrı dağda dayandığını, sonra Nuh peyğəmbər və yanındakıların Naxçıvan şəhərində yerləşdiklərini yazır.
K.A.Nikitin Nuhun və bacısının Naxçıvanda dəfn olunduqlarını, Nuhun arvadı Nuhqarın (Noemqari) isə məzarının Mərənd şəhərində olduğunu bildirir. Müəllif yazır ki, Nuhun məzarı şəhərin cənubunda, köhnə qalanın yaxınlığındadır. K.A.Nikitinin təsvirindən aydın olur ki, türbənin quruluşu Atabəy məqbərəsinə oxşamaqla iki hissədən – Sərdabə və Türbədən ibarət olmuşdur. Alt hissəyə pilləkənlərlə yenildiyini, həmin hissənin tavanının, bir sütun üzərində dayandığını nəzərə alaraq Naxçıvan memarlıq məktəbinin daha qədim tarixə malik olduğunu söyləməyə imkan verir. Məzarın məhz həmin sütunun altında olduğu göstərilir. Son dövrdə Nuhun məzarı ilə bağlı aparılan arxeoloji axtarışlar da onun mənbədə təsvir olunduğu şəkildə olduğunu aşkar etmişdir.
Bu tarixi mənbələr və rəvayətlər sayəsində Bəhruz Kəngərlinin tablolarındakı həqiqətlər də öz təsdiqini tapmışdır.
Nuh peyğəmbərin məzarı ilə bağlı V.M.Sisoyevin “Нахичевань на Араксе и древности Нах. АССР” kitabında da diqqətəlayiq və dolğun məlumatlar verilmişdir. Müəllif əsərində məzarüstü abidənin quruluşu və ölçüləri ilə bağlı dəqiq məlumatlar təsvir etmişdir.
Məlum hadisə ilə əlaqədar aparılmış tədqiqatlar zamanı araşdırmalarda ilkin mənbələr kimi şifahi xalq ədəbiyyatı nümunələrinə də istinad edilmişdir. Ağız ədəbiyyatı, rəvayət və əfsanələr, şeir parçaları, bayatılar, atalar sözləri və məsəllər min illərin izini saxlayan, olub-keçənləri nəsildən-nəsilə ötürən mənəviyyat bağlarının insan genlərində kodlaşdırılmış sistemin mikrohissəciklərinin bəlkə də, inikasıdır. Əcdadlarımızın sorağının şəkillər, həndəsi fiqurlar, qayaüstü rəsmlər, piktoqrafik yazılarla birlikdə ağız ədəbiyyatında kompleks şəkildə öyrənilməsi daha əhəmiyyətli, daha vacibdir.
Arazətrafı ərazilərdə Həzrəti Nuhun izləri təkcə yazılı daşlarda, toponimlərdə deyil, həm də folklor nümunələrində bu gün də yaşayır:
Qapıcıqda ozan yox,
Dərdlərini yazan yox,
Kitab qoyub gediblər
Heyif onu yazan yox.
Bundan başqa, bu ərazidə yaranmış çoxlu atalar sözləri və məsəllər də vardır ki, bunlar da Nuh peyğəmbərin adı ilə bağlıdır. Məsələn, “Nuh Nəbidən qalıbdır”, “Nuh əyyamından qalıbdır”, “Nuh Nəbini taxtda görüb”, “Nuhdan qalma məsəldir”, “Nuh Nəbini taxtda görüb, Süleymanı qundaqda” və s. Gəmiqaya ətrafında yaşayan bütün kəndlərin əhalisinin dilində əzbər olan bu sayaq folklor nümunələrinin hamısının tarixi kökləri vardır.
Göründüyü kimi, Yer kürəsindəki Dünya tufanı hadisəsinin əhatə etdiyi coğrafiyada, heç bir ərazidə Naxçıvandakı qədər həmin hadisə ilə səsləşən çoxsaylı mifoloji motivlərin, əfsanə və rəvayətlərin, etnoqrafik materialların, toponimlərin olması qeydə alınmamışdır. Həzrəti Nuhun və övladlarının Naxçıvan ərazisində yaşayış məskənləri salması ilə əlaqədar olan nümunələr ancaq və ancaq Naxçıvandadır.
Əfsanədən göründüyü kimi, Naxçıvanda və ona yaxın ərazidə yerləşən dörd böyük dağın adı Nuh peyğəmbərin adı ilə əlaqələndirilir. Bəzi alimlər Nuhun tufanı haqqında olan əfsanənin müsəlman xalqları arasında yayılmasının yalnız “Qurani-Kərim”lə bağlı olduğunu göstərir.
Bəlkə də bir çox müsəlman xalqlara bu əfsanə “Qurani-Kərim” vasitəsilə məlum olmuşdur. Lakin yuxarıda bəhs olunanlardan da gördüyümüz kimi, əfsanənin Naxçıvan variantı “Qurani-Kərim”də olan variantdan köklü surətdə fərqlənir və dəqiq lokal xüsusiyyətlərə malikdir.
Min illərlə Naxçıvan ərazisində yaşamış qədim qəbilələrin yaddaşında qorunub saxlanan bu əfsanənin nə vaxt və necə yarandığı olduqca maraqlıdır. Ümumiyyətlə, ümumdünya subasmasının Dəclə və Fərat çayları arasında (Mesopotamiyada) baş verdiyi artıq elmi cəhətdən təsdiq olunmuşdur. Onda sual oluna bilər, əfsanənin Arazboyu ərazi ilə, xüsusən Naxçıvan bölgəsi ilə nə əlaqəsi?
Əgər xəritəyə nəzər salsaq, Dəclə və Fərat çayının coğrafi cəhətdən Araz çayından o qədər də uzaqda olmadığını görərik. Başqa sözlə, əfsanədə göstərilən təbii fəlakətin Naxçıvanla birbaşa əlaqəsi ola bilərdi. Əfsanənin Naxçıvan variantında təbii fəlakət “subasma” yox, ‘tufan” adlanır. İkinci, burada fəlakətin səbəblərindən ətraflı bəhs olunmur, əsas diqqət Nuhun gəmi ilə bu bölgəyə gəlməsi və burada onun başına gələnlərə yetirilir.
Ümumdünya daşqınına (Nuhun tufanına) qədər Naxçıvanın adının nə olduğu bizim üçün qaranlıq olsa da, “Qurani-Kərim”də dəfələrlə xatırladılan tufandan sonra bu ərazidə Həzrəti Nuhun nəslinin – türklərin məskunlaşdığı və burada ilkin sivilizasiyanın başlandığı şəksizdir.
Naxçıvanda Nuh tufanından sonra ilk yaşayış msəkənlərindən biri olmaq etibrilə təqribən 10 min il bundan əvvəl burada yaşayışın başlanmasını göstərən və bu gün də mövcud olan tarixi abidələr, kənd, şəhər, oba adları öz əlamətlərini bildirir və deyilənləri təsdiq edir. Gəmiqaya daşları üzərində yazılmış piktoqrafik yazılar, Kolanı nekropolundan tapılmış Günəş Allahının sxematik təsviri kimi nümunələr bu barədə daha dərin düşünməyi tələb edir.
Arxeoloji qazıntılar zamanı II Kültəpə ərazisindən tapılan maddi mədəniyyət nümunələri, daş alətlər, monoxrom və polixrom boyalı gildən hazırlanmış saxsı qablar e.ə. III-II minilliyin nümunələri hesab edilir. Naxçıvan şəhərinin binasının təqribən 5000 il bundan öncə qoyulduğunu söyləməklə bərabər, burada ilk yaşayışın daha qədimdən, Nuh tufanından sonra başlanıldığı haqqında fikir söyləmək üçün tapılmış maddi mədəniyyət nümunələrinin əsas verdiyini qeyd etməliyik.
Hələ e.ə. III-II minilliklərdə burada sənətkarlığın, kənd təsərrüfatının inkişafı, əkinçiliyin, bağçılığın yaranması, əlverişli coğrafi ərazidə yerləşən Naxçıvan diyarının şöhrətini artırmışdır.
Böyük tarixi inkişaf yolu keçən Naxçıvan məmləkəti həm də zaman-zaman müxtəlif imperiyaların maraq dairəsində olmuşdur. Dəfələrlə işğalçı ordular Naxçıvanı çapıb-talamış, dağıdıb viran qoymuşlar.
“Səyahətnamə” kitabında Naxçıvan şəhərindən bəhs edən türk tarixçisi Övliya Çələbi bu torpaqların türklərin ən qədim yaşayış məskənlərindən biri olduğunu qeyd edərək yazırdı:
“Bu şəhər doğrudan da, öz adına layiqdir. Biri ona Naxçıvan deyir, digəri Nəhşəvan... Əldə edilmiş çoxsaylı arxeoloji materiallar və yazılı mənbələrdən belə nəticə çıxarmaq olar ki, Naxçıvan Cənubi Qafqazın ən qədim şəhərlərindən biri olmuşdur. K.A.Nikitin, S.A.Zelinski, F.A.Brokhauz, İ.A.Yefron və başqaları belə hesab etmişlər ki, şəhərin yaranma tarixi bizim eradan əvvəl II minilliyin ortalarına aiddir”.
Beləliklə, mənbələrə istinadən tam əminliklə söyləmək olar ki, Naxçıvan şəhəri qədim Nuhdabanın üzərində salınmışdır. Ən qədim zamanlarda bu ərazilərdə yaşamış Naxçı tayfaları da əslində, Nuhçu qəbiləsinin adı ilə bağlıdır. Bütün bunlar Naxçıvan sözünün Nuhçıxan anlayışı ilə üzvi surətdə əlaqədar olduğunu təsdiqləyir. Hətta Novruz bayramındakı “Novruz” sözü də Nuh-ruz, Noy-ruz, Noyruz-Novruz şəklində inkişaf edərək formalaşmışdır.
Rəvayətə görə, Həzrəti Nuh peyğəmbərin əfsanəvi gəmisi Dünya tufanından sonra gecə ilə gündüzün taraz olduğu gündə quru torpağa çatmış və bununla da insanlığın yeni həyatı başlanmışdır. Ən qədim zamanlardan indiyədək Yer kürəsinin müxtəlif yerlərində həmin sivilizasiya aktı Novruz bayramı hadisəsi kimi qeyd olunmaqdadır.
““Naxçıvan” sözünün mənşəyini Naxçıvandan kənarda axtarmaq, ona müxtəlif epitetlər qoşmaq doğru deyil. Bu sözün mənşəyini açıb-açmamağımızdan asılı olmayaraq onun etimologiyasının mənbəyi Naxçıvandır”. Filologiya elmləri doktoru A.Bağırovun bu düzgün qənaəti onu “Naxçıvan” sözünün Nuh peyğəmbərin adı ilə bağlılığı fikrinə gətirib çıxarmışdır.
Naxçıvan toponimi haqqında müxtəlif fikirlərin də mövcudluğu təbii haldır və qəbul edilməlidir. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor V.Əliyev yazır:
““Naxçıvan” sözünün etimoloji cəhətdən təhlili mübahisəli olub, bu adın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar Naxçıvanın adını qədim Nuh əfsanəsi ilə əlaqələndirirlər. Şumer mənşəli bu mifologiyaya görə çox qədim zamanlarda ümumdünya daşqını baş vermiş, dünyanın üzərini bütövlükdə su basmışdır. Həmin vaxt Nuh peyğəmbər övladları ilə birlikdə öz gəmisində xilas olaraq bu yerə gəlmiş, məskunlaşıb şəhər salmış və sonralar tədricən insan nəsli buradan dünyaya yaılmışdır. Odur ki, ümumdünya daşqını zamanı Nuhun quruya çıxdığı bu ilk insan məskəni onun şərəfinə Nuhçıxan adlandırılmışdır”.
Göründüyü kimi, “Nuh tufanı” əfsanəsi qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir. Tədqiqatçı R.Sultanovun fikrincə, tufan Ağrı dağında vulkan püskürməsi ilə əlaqədar Dəclə və Fərat çaylarının daşması nəticəsində baş vermişdir. Deməli, Ağrı dağına yaxın olan Araz çayında, daha doğrusu, Naxçıvanın özündə də güclü daşqın olmuşdur. Tədqiqatçı Ə.Hüseynli isə Gəmiqayada Nuh peyğəmbərlə bağlı qədim yazı olduğunu qeyd etmişdir.
Ümumilikdə, Nuh əfsanəsi e.ə. II minilliyin ortalarında şumerlər tərəfindən ilk dəfə yazıya alınmışdır. Bir sıra tarixçi və coğrafiyaşünasların fikrincə, bu Naxçıvan şəhərinin salındığı tarixlə (e.ə. 1539) eyni dövrə təsadüf edir.
Həzrəti Nuh və Dünya tufanı barədə ən qədim məlumata “Bilqamış dastanı”nda rast gəlirik. Tövrat və “Qurani-Kərim”dəki süjetlərlə, cüzi fərqlər nəzərə alınmazsa, bütünlüklə üst-üstə düşən şumer süjetində peyğəmbər Utnapisti adı ilə yad edilməkdədir. Tövratda Nuhun gəmisinin yan aldığı dağın Ağrı dağı, “Qurani-Kərim”də Cudi dağı olduğu göstərilmişdir. “Bilqamış dastanı”nda isə bu dağ Nisr dağı olaraq yazılıbdır. Bu halda söhbət Naxçıvandakı Nəhəcir dağından getdiyi ortaya çıxmaqdadır.
Azərbaycan rəvayətlərindən birində məhz bu hadisə belə söylənilir:
“Nuhun gəmisi öncə Cudi dağına, daha sonra Ağrı dağına yan alır, sonra Haçadağa toxunaraq onun zirvəsini parçalayıb haçalayır və ən sonda Nəhəcir dağında ilişib dayanır. Nuh gəmidən burada endiyi üçün əraziyə Nuhçıxan deyilir. “Naxçıvan” adı da buradan yaranıb”.
Bütün bunlar Naxçıvanın Nuh yurdu, Nuhçıxan, yeni insan nəslinin başlandığı yer olduğunu düşünməyə önəmli əsaslar verir. Deməli, Naxçıvan – Nuhçıxandır. Naxçıvan böyük sivilizasiyanın yaşıdıdır. Naxçıvanın yaşı Həzrəti Nuh peyğəmbərin əfsanəvi gəmisinin yerə, ulu Naxçıvan torpağına endiyi vaxtdan başlanır. Bu torpaq ən qədim zamanlardan ilk insanların Nuh tayfalarının ilkin yaşayış məskəni olmaqdan, əsaslı bir şəhər mədəniyyəti səviyyəsinə çatanadək böyük bir yol keçmişdir. İndiki Naxçıvan şəhəri həmin tarixi bünövrə üzərində formalaşmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 26 aprel 2001-ci il tarixdə verdiyi “Ordubad rayonu ərazisindəki Gəmiqaya abidəsinin öyrənilməsi haqqında”kı qərarı ilə Naxçıvanda Dünya tufanı, Nuh peyğəmbər və sivilizasiya ilə əlaqədar məsələlərin araşdırılması və təbliği baxımından yeni mərhələ başlanmışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış 28 iyun 2006-cı il tarixli “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqındakı; 10 fevral 2009-cu il tarixli “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqındakı; 7 iyun 2011-ci il tarixli “Naxçıvan: ilk yaşayış və ilkin şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq sipoziumun təşkili barəsindəki sərəncamları ilə Naxçıvanın bəşəriyyətin ilk dövrlərdəki tarixinin öyrənilməsi və bütün dünyaya tanıdılması işi üçün geniş üfüqlər açılmışdır.
Bu misilsiz tarixi sənədlərin imzalanması və uğurla həyata keçirilməsi qədim Naxçıvanın şanlı tarixinə, bilavasitə doğma Azərbaycan tarixinə edilən ən böyük xidmətlərdir.
Ən nəhayət, Ulu Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi tamamilə təbii haldır. Çünki bu, həm dini-dünyəvi, qədim tarixliyi ilə, həm də regionda gedən çoxəsrlik tarixi-mədəni proseslərin reallıqları ilə tam səsləşir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi haqqında”kı 2 iyun 2016-cı il tarixli sərəncamında haqlı olaraq deyildiyi kimi “Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün keçmişi ərzində islam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub-yaşadılmasında özünəməxsus rol oynamışdır”. Bütün dövrlərdə, o cümlədən hazırki mərhələdə də Naxçıvanda milli-mənəvi dəyərlərin ağırlığı ilə Şərq-müsəlman amillərinin sintezi qorunub saxlanılır, inkişaf etdirilib möhkəmləndirilir.
Ən qədim insanın nicata qovuşduğu məskən kimi mifik təsəvvürlərdə inanc yerinə çevrilən bu torpaq tarixi qüdrətini müasir inkişaf dinamikası və quruculuq işləri ilə yenidən özünə qaytarır. Bu da ilk növbədə muxtar respublikada son iki 10 illikdə aparılan yüksəliş salnaməsinin bəhrəsi və Heydər Əliyev siyasətini burada uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun səmərəli idarəetməsinin nəticəsidir.
Ümummilli Lider Heydər Əliyev demişdir:
“Naxçıvanın tarixi təkcə muxtar respublikanın yaranmasından başlanmır. Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, qədim tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunlar hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib və gələcəkdə də göstərəcəkdir”.
İstifadə edilmiş mənbələr:
1. Григорьев В.Г. Статическое описание Нахичеванской провинции. СПб. 1833, 263 с.
2. Никитин К.А. Город Нахичевань и Нахичеванский уезд. СМОМПК. Вып.-2. Тифлис 1882, 142 с.
3. Смирнов К.Н. Материалы по истории и етнографии Нахичеванского края. Баку «Озан» 1999, 156 с.
4. Сысоев В.М. Нахичевань на Араксе и древности Нах. АССР. Баку, 1929, с. 87-121
5. Сысоев В.М. Древности Нахичеванской АССР. Отдельный оттиск из 4-го выписка Известии. «Азкомстарус»а. Баку, 1928, с.123-215.
6. Шопен И. «Исторический памятник состояния Армянской области в эпохи ее присоединение к Российской империи. СПб. 1852, 1231 с.
7. Həbibbəyli İ. Nuhun qəbri hardadır?. “Vətən səsi” qəzeti. 6 fevral 1991-ci il, № 6.
8. Naxçıvan folkloru. Bakı, “Sabah” nəşriyyatı, 1994, səh. 70.
9. Əsatirlər, əfsanələr və rəvayətlər (tərtibçilər Arif Acaloğlu, Cəlal Bəydili ), Bakı, “Şərq-Qərb”, 2005.
10. Abbas Seyidov. Gəmiqaya. Bakı, 2003.
11. Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. «Элм». Баку, 1991.
12. Qədirzadə Qədir. Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan. “Qızıl dağ”, 2008.
13. Naxçıvan MR Dövlət Arxivi, fond 314, siyahı 8, s/v 28-31. (K. Smirnov “Naxçıvan diyarının tarixi və etnoqrafiyası haqqında materiallar”).
14. Övliya Çələbi. “Səyahətnamə”, Bakı 1997.
15. Oğuz Y. Tuncay B. “Türkün gizli tarixi”, Bakı, “Apostrof”, 2009.
16. Naxçıvan folkloru antologiyası. Bakı, “Elm”, 1994.
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 49 sayısı

"Usare" dərgisi 18 sayısı

"Hece Taşları" dərgisi 42 sayısı

"Açıkkara" dərgisi 6 sayısı

"Mevsimler" dərgisi 17 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов