все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Nofəl ÜMİD.Yeni şeirlər

Просмотров: 124
Nofəl ÜMİD.Yeni şeirlər


YOLUNU GÖZLƏDİM

Sən getdin, qəm aldı qoynuna məni,
Çökdürdün ömrümə dumanı, çəni.
Fələk də gətirdi saçıma dəni,
Hər gecə əllərim uzandı göyə,
Yolunu gözlədim, dönərsən deyə.

Sən getdin, səninlə getdi bu ürək,
Həsrət acısında bitdi bu ürək,
Söndü, daşa döndü, itdi bu ürək,
Köksüm buz bağladı… Bilirsən niyə?
Yolunu gözlədim, dönərsən deyə.

Bir sevgi yaratdıq saysız, qədərsiz,
Birgə addımladıq dərdsiz, kədərsiz.
Niyə getdin axı,bu eşq bəhərsiz.
Qoymadım qəlbimə yad nəfəs deyə,
Yolunu gözlədim, dönərsən deyə.

“Ayrılaq” söylədin, qırıldı qolum,
Sanki son mənzilə açıldı yolum.
Nədir bu iztirab, qurbanın olum,
De, kimə dəyişdin məni, de, nəyə?!
Yolunu gözlədim, dönərsən deyə.

ELİNDƏN GƏLƏR

Çalış, uzaq ol ki, dərdin daşından,
Gözün ağrımasın kədər yaşından.
Insana nə gəlsə davranışından,
Bir də, yersiz ötən dilindən gələr.

Bizi haqq yaradıb, gözə görünməz,
Saleh əməl könüllərdən silinməz,
Biqeyrətin soyu,kökü bilinməz,
Mərd oğul mərd kişi belindən gələr.

Çox yemək haramdır öz qədərindən,
Atdığın addımı düşün dərindən,
Şairə xoş sözlər şah əsərindən,
Bağbana bənzərsiz gülündən gələr.

Insan yerlə gəzər, xəyalı göylə,
Çətin, dar məqamda doğru söz söylə,
Hər zaman hər kəsə yaxşılıq eylə,
Pislik hər insanın əlindən gələr!

Nofəl, daha bəsdir, fikirdən əl çək!
Qəm yükü ağırdır, dözməyir ürək.
Qəhrəman oğluna dar gündə kömək,
Doğma obasından, elindən gələr.

SEVGİYƏ NAĞIL DEMƏ

Bənzətmə sevgini quru nağıla,
Qıyma ümidlərim sına,dağıla,
İnsan gərək sevgi ilə doğula,
Bu sevgiyə nağıl demə əzizim.

Xoş ovqatı,səfası var sevginin,
Canı üzən cəfası var sevginin,
Çox ürəkdə yuvası var sevginin,
Bu sevgiyə nağıl demə əzizim.

Sevənlərə əl uzadar əli yox,
Qəlb oxşayar,könül açar dili yox,
Bu sevginin nöqtəsi ,vergülü yox,
Bu sevgiyə nağıl demə əzizim.

Həyat bir an gözlərində dəyişər,
Sevən ürək eşq atəşində bişər,
Nağıl bitər, göydən üç alma düşər,
Bu sevgiyə nağıl demə əzizim.

RAHAT OLASAN

Göy üzünün qapısını,
Döyəsən rahat olasan.
Başını Tanrı önündə,
Əyəsən rahat olasan.

Tapasan xeyir izini,
Görməyəsən şər üzünü,
Hər yerdə sözün düzünü,
Deyəsən rahat olasan.

Nahaq keçib haqq səddini,
Tapmaq olmur söz mərdini,
Özün elə öz dərdini,
Yeyəsən rahat olasan.

Görməyib ömrün sonunu,
Çaldırasan son toyunu,
Nur ətirli ağ donunu,
Geyəsən rahat olasan.

ÜRƏYİM

Tökür vərəqlərə, gizli saxlayır,
Dərdini aləmə yaymır ürəyim.
Sənsizliklə dolan səhifələri,
Ömür kitabımdan saymır ürəyim.

Həsrətdən alışıb acı dərd yeyir,
Kənardan baxana “şirindir” deyir.
Gözəllər könlümün qapısın döyür,
Heç kimi yaxına qoymur ürəyim.

Hamı dəli deyir, dəli Nofələ,
Sənsiz ağlım, huşum çətin düzələ,
Qəlbin ümidləri tükənməz hələ,
Xəyallar qurmaqdan doymur ürəyim.
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов