все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

“Narahat olmayın, bu dövrün böyük əsəri də yazılacaq”

Просмотров: 121
“Narahat olmayın, bu dövrün böyük əsəri də yazılacaq”


“BizimYAZI” “Müstəqil.Az”ın “Səmimi söhbət” adlı yeni lahiyəsinin ilk qonağı Natavan xanım Dəmirçioğlu ilə söhbəti təqdim edir:

– Natavan xanım, necəsiz?

-Babat demək olar. Bir az payız başlayandan fəsil xəstəliyindən qoruna blmədim, amma indi yaxşılıqdır, şükür Allaha.

– Şükür Allaha ki, yaxşısız, xəstəliyi bir daha yaxın qoymayın. Bəs bu, sualı yaradıcılığınızla bağlı ünvanlasaq necə?

-Yaradıcılıqda işlər qaydasındadır. Mən səhhətimə qarşı diqqətsiz olsam da, yaradcılığa qarşı çox mühafizəkaram. Yaradıcılığı bütün yad təsirlərdən unikal qoruyuram. “ Fəsil xəstəlikləri”, “dəbdə olan bəlalar”, – heç biri ona təsir edə bilməz. (gülüş)

-Bu çox yaxşı. Natavan xanım, camaatımızın işi-gücü tükənib e deyəsən, yazanlarımız oxuyanlarımızdan daha çoxdur ya bizə elə gəlir?

-Yazarlar həm də ən səviyyəli oxucu olmalıdır. Oxuculuq böyük bir mədəniyyət göstəricisidir. Ona söz yox ki, yazıçılıq oxumaqla öyrənilmir. Amma bununla belə, oxumadan yazmaq təhsil almadan dərs deməyə, usta yanında şəyird dayanmadan sənətlə məşğul olmağa bənzər. Ruslar ”samouçeniye” deyirlər, özüöyrənmə, özfəaliyyət, sonra da özünəvurğunluq yaranır və ədəbiyyat ədəbsiz bir məsələyə çevrilir. Qaldı ki, yazanların çox olmasına, o problem və bəla deyil, oxuyanların az olması arzuolunmazdı. Oxumadan yazanların isə işi dediyimiz kimidir.

Yazıçının oxucu olması yaxşıdır

-Yəni bir neçə oxucu birdən birə yazıçı olur, bu yaxşıdır ya pis?

-Ünvanlı kimləri nəzərdə tutursuz, bilmirəm. Ümumi deyim ki, yaxşı oxucu, pis yazıçıdan qat-qat qiymətlidir mənim üşün. Oxucunun yazıçı olması yox, yazıçının oxucu olması, özü də yaxşı oxucu olması yaxşıdır.

-Əsərlər yazılır, kitablar nəşr olunur, nəşriyyatlar işləyir, sizcə ortaya qoyulası bir şey tapmaq olurmu?

– Ortaya qoyulası fakt ədəbiyyatda ancaq ədəbi hadisəyə çevriləcək əsər ola bilər, o isə çox ciddi məsələdir. Güclü enerjisi olan əsər nə istəməklə, nə tələb etməklə, nə tənqid etməklə, nə qarşıya məqsəd qoymaqla, nə hədələməklə, nə ənam verməklə, nə də arzulamaqla yaranır. O Tanrı hadisəsi kimi bir işdir. Əlbəttə bütün dövrlərdə saysız-hesabsız ədəbiyyat nümunələri yaranır. Sənət nuru, Tanrı işığı yalnız birinin, ikisinin üzərinə düşür. Ancaq bir məsələ var, mən buna əminəm: istər dünya ədəbiyyatında, istərsə də Azərbaycan ədəbiyyatında meydan heç vaxt boş olmur. O böyük ədəbi şəxsiyyəti və ədəbi əsəri Tanrı, Zaman… – kimsə mütləq təmin edir. Siz ədəbiyyat tarixinə xronoloji olaraq baxsanız, görərsiz ki, bu həmişə belə olub. Ona görə narahat olmayın, bu dövrün böyük əsəri də yazılacaq.

Ədəbi cameədə xaos var

– Sizin özünüzün ədəbi taleyinizdən bədgüman olmadığınızı biz də bilirik, siz də, elə oxucular da. Ümumiyyətlə isə, vəziyyət necədir ədəbi cameədə?

– Ədəbi cameədə xaos var, ədəbiyyat adına sırınan küllü miqdarda maklatura var, hələ maklaturalara verilən çeşid-çeşid mükafatlar var, ucuz özünüöymə var, bunlar pisdir, amma çox da təhlükəli deyil, çünki ilk baxışdan bilinən qusurlardır. Ən böyük problem odur ki, meyarsızlıq var, əyarsızlıq var. Bu təkcə ədəbiyyatda deyil, cəmiyyətdə də belədir. Bilirsiz, əslində həmişə belə olub. Böyük Molla Pənah Vaqif deyirdi: ” Mən cahan mulkundə, mutləq, dоğru halət gormədim, Hər nə gördüm, əyri gördüm, ozgə babət görmədim. …Muxtəsər kim, bеlə dunyadən gərək еtmək həzər, Оndan otru kim, dеyildir oz yеrində xеyru şər, Alilər xaki-məzəllətdə, dənilər motəbər, Sahibi-zərdə kərəm yоxdur, kərəm əhlində zər, İşlənən işlərdə еhkamu ləyaqət görmədim.” Əsrlər sonra rəhmətlik Məmməd Araz “İti bazarında atından baha, Mən belə dünyanın nəyindən küsüm.” deyirdi. İndi təsəvvür edin, on səkkizinci əsrdə Vaqif, iyirminci əsrdə Məmməd Araz belə deyibsə və üstəgəl “dünya korlana-korlana gedir”sə, gör indi vəziyyət necədir.

Ədəbiyyat tənha sənətdir

– Ədəbi mühütdə həmişə dəstəbazlıq olub, indilərdə isə daha qabarıqdır. Bu nədən irəli gələ bilər, dərc olunmaq ki, problem deyil.

-Dəstəbazlıq özünüqoruma instinkindən gəlir. İnsanlar quruplaşırlar, bir-birini tərifləyir, bir-birini müdafiə eləyirlər, bir birini başqalarının- daha layiqlilərin qabağına itələyirlər və sair. Lap müasir formanı götürsək sosial şəbəkələrdə bir-birini paylaşırlar, göylərə qaldırırlar. Ədəbiyyat tənha sənətdir, burada tənhalıq böyüklükdür həm də. Çap məsələsinə gəldikdə: bu qədər mətduat bolluğunda, çap imkanlarının genişliyində yenə də problemlər var. Dediyiniz “dəstəbazlıq” fəsadlar törədir. Hər ədəbi orqanın “qapı üzünə həmişə açıq olan müəllif”ləri var və əksinə…

– Nədirsə son vaxtlar evindən-eşiyindən küskün çıxan qadınlar şair, yazıçı olub. Heç onları oxuyursuz?

– Sualın birinci tərəfi şobiznes aləmini yada salır. Əvvəl orada eləydi. Deyir, ”Gülmə qonşuna, gələr başına”, onlara güldük, başımıza gəldi (gülümsəyir). Sualın ikinci hissəsinə cavab kimi deyim ki, mən mütaliə vərdişimin elə bir həddindəyəm ki, artıq ədəbiyyatı hiss edirəm. Müasirlərimin böyük əksəriyyətini oxumuram, bununla belə, qəribədir ki, mən təxmini bilirəm kim nə yazır, necə yazır. Ədəbiyyata dəxli olmayanları isə hissiyyatla duyuram və yan keçirəm.

Kişilər kişi komandasını qorumağa çalışırlar

– Həm də kişilərimiz də qadın yazarlara az qala çəpəki baxır, niyə?

-Sizin bu sualınız, belə götürəndə çox ötəri bir sualdır, digər bir prizmadan və fərqli rakusdan baxanda isə bunun bir kitablıq cavabı var. Qısasını deyək: bütün kişilər kişi komandasını qorumağa çalışırlar. Məsələn, kişi məclisləri, kişi müzakirələri, ftbol maçları, kişi qonaqlıqları, kişi söhbətləri (bu dünya siyasətindən başlamış, ciddi ədəbi – elmi müzakirələr də daxil olmaqla, qadın söhbətlərinə və məişət problemlərinə qədər yaşamı əhatə edir). Burada onlar özlərini rahat hiss edirlər və ərazidə qadınları görmək istəmirlər. Çox təbiidir bu və istəməyə-istəməyə əraziləri uduza-uduza gəlirlər. Artıq qadınlar hər yerdə var. Elmdə, sənətdə, ədəbiyyatda isə yaxından müşahidə etdiyim situasiyanı sizinlə bölüşüm: Ən ciddi elmi müzakirələrdə, ədəbi söhbətlərdə qadın danışanda kişilər nəsə bir narahatçılıq yaşayırlar. Onlar sövqi-təbii olaraq qadının çox primitiv, bəsit, dayaz bir fikir söyləyəcəyindən, bununla məclisin səviyyəsini aşağı salacağından sanki narahat olurlar. Oadın fikrini deyib qurtarana qədər onlar “iynə üstündə oturmuş kimi” rahatsız görünürlər. Bu adətən belə olur. Bu da təbiidir. Və bəzən başqa mənzərə yaranır: qadın yazıçı, ya alim elə bir fikir söyləyir ki, bayaqdan kişilər onu heç deməyib. Bax, bu məqamda vəziyyət çox ciddi xarakter alır və tamam başqa situasiya yaranır. Kişi sənətkarlar dərhal daxili səfərbərliklə o qadından üstün “peroformans” sərgiləyirlər. Yox, əgər bu alınmırsa, o qadına şərait yaradan, necə deyərlər fürsət verən həmcinsləri onların narazılığını və təssüfünü öz üzərinə yığmış olur. Və O, bu “səhvə” bir də heç vaxt yol verməməyə çalışır. Bacardığı qədər səni görməzdən gəlir və bunu bacara bilməyi həmcinsləri tərəfindən rəğbətlə qarşılanır. Ağılı, məntiqi və yaradıcılığı olan xanım yazarlara ancaq təfəkkürü olan kişilər nisbətən imkan verir, o da müəyyən miqdarda. Kimsə mübahisə etmək istəyər bu fikirlərə qarşı, mən dəqiq yaşantılarımı söylədim. Bizdə qadın özünü, sözünü, imzasını, yaradıcılığını, necə deyərlər, sübut edibsə bunun bir adı var: hünər! Təsəvvür edin, ailə var, uşaqlar, ev qayğıları və bütün bunlar…

Bu mənlik deyil

– Natavan xanım, gözəl əsərlər müəllifisiz, bu sözssüz belədir, lakin yazmasaz olmaz?

-Mənə həmişə az yazdığıma dair sual verirlər, hətta irad bildirirlər. Şükür, bir “yazmasaz olmaz?” da deyən tapıldı(gülür). Faiq, bu mənlik deyil. Az yazmaq, çox yazmaq, ya heç yazmamaq. Vallah, bunlar idarə olunur… Bilmirəm mən kimlərin ruhunu daşıyıram, təkcə onu bilirəm ki, yazanda ruhum sevinir. Mən qadın kimi taleyimdən narazılıq edə bilmərəm, üstəlik övladlarım sevincimdir. Bunlarla bərabər, yazmaq tamam başqa xoşbəxtlikdir, heç bir duyğu ilə müqayisə edilə bilməz.

…Ağacları adamlar qədər tanıyırdı

-Yəni hiss etsəniz ki, tükənmisiz, yazmağa da hər şey olduğu halda yorğunsuz, bezmisiz, nə olar?

-Bilirsiz, mən tez-tez atamı düşünürəm. Daha doğrusu, onun ömrünü, ölümünü, taleyini, yaradıcılığını, həyatdan üzülüşünü… Atam ağac oyma sənəti ustası idi. Onu son gününə qədər yaradıcı, həyat eşqilə dolu gördük. Ağacları adamlar qədər tanıyırdı. “Əlvən ağac” deyirdi, qiymətli ağac növlərinə. Bir də görürdün əl boyda bir ağac parçasını göz bəbəyi kimi qoruyur. Bilirdi ki, ona necə həyat verəcək, nəyə işlədəcək. Elə bir dövr gəldi ki, atam o yığıb saxladığı, tütyə kimi işlətdiyi “əlvən ağaclar”a qarşı biganələşməyə başladı. Mənim Amerikada “Səbət” povestim çap olunmuşdu. Bu münasibətlə AzTV- nin “Zəka nuru” verlişinə dəvət olunmuşdum. Verlişdə atamın mütaliyə mədəniyyətindən öyrəndiyimdən danışanda onun haqqında keçmiş zamanda danışmışam. Bacım var filoloqdu, məktəb direktorunun nüavini işləyir, elə deyə-deyə qaldı ki, niyə atam sağ ola-ola ondan keçmiş zamanda danışmısan. Cavab verə bilmədim. Həmin verlişin diskini aparıb atama göstərəndə, qayıtdı ki, danışığın anana bənzədi və başladı anamdan danışmağa. Anamın ölümündən 40 ilə yaxın müddət keçirdi. Başqa vaxt olsaydı mənə fikir bildirərdi, rəy deyərdi. Atam artıq daha çox o dünyaya köçən əzizlərimizin- anamın, qardaşlarımın, şəhid bacım Vəfanın yanındaydı. Baxmayaraq ki, bütün bu danışdıqlarımdan sora hələ üç-dörd il yaşadı. “Əlvən ağaclar”ı ilə maraqlanmadığı vaxtdan atam ölməyə başlamışdı. Onu ailədə təkcə mən hiss etmişdim, deyəsən. Bax, sizin suala cavab məni o yerlərə götürdü. …Nə olar? Demək, mən o vaxtdan ölməyə başlayaram…

Ədəbiyyatda istənilən qədər bəladan danışmaq olar

-Natavan xanım, o sualı verməyə peşman oldum. Cavabınıza kövrəldim. Amma bir yazar olaraq deyin, ədbiyyatımızın hər hansı bir bəlası varmı, nədir bu, yaxud bəla deyilən şey ədəbiyyatda necə olur?

-Bilirsiz, bir var Tanrı hadisəsi, bir var təbiət hadisəsi, bir var ictimai hadisə, bir var bioloji hadisə, bir də var ruh hadisəsi. İnsanın yaradılışı bioloji hadisə olsa da, onun dil faktoru Tanrı hadisəsidir, qalan baş verənlərin əksəriyyəti təbiət hadisəsi, bir hissəsi isə ictimai hadisədir. Ədəbiyyat Ruh hadisəsidir. Ədəbiyyatın bəlası odur ki, onu ruh doğmasın, sən yaratmağa çalışasan. Belə olan halda ədəbiyyatda istənilən qədər bəladan danışmaq olar və olur.

-Suallarım sizin yaradıcılığınızı o qədər də əhatə eləmədi, buna görə acığınız tutmadı ki?

-Qətiyyən yox, çox xoş oldu. Yaradıcılıq durur, biz dururuq. Qarşıda aylar, illər də var yəqin… Bir də ki, müəllifin öz əsərlərindən danışması nə dərəcədə qəbulediləndir ki… onu ya yazmaq, ya oxumaq lazım, bir də təhlil etmək olar…

Söhbətləşdi: Faiq BALABƏYLİ

Mənbə: http://www.bizimyazi.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов