все шаблоны для dle на сайте newtemplates.ru скачать
0

Xalq yazıçısı Anar.”Ədəbiyyatın keşiyində”

Просмотров: 33
Xalq yazıçısı Anar.”Ədəbiyyatın keşiyində”


Nizami İnstitutu mədəniyyətimizi, ədəbiyyat elmimizi, dilimizi yaşadan, qoruyan, nəsillərdən-nəsillərə çatdıran yüksək mənəviyyat ocaqlarımızdandır.
Söz sənəti üç amilə bağlıdır – həyat gerçəkliyi, bədii ədəbiyyat və geniş anlamda – nəzəriyyə, tarix, tənqid daxil olmaqla – ədəbiyyatşünaslıq elmi.
Milli mədəniyyət tariximizdə – ədəbiyyat elmi və bədii ədəbiyyat – əkizdirlər. Qədim dövrün ədəbiyyat nəzəriyyəçisi Xətib Təbrizidən üzü bəri – Nizaminin, Nəsiminin, Füzulinin bədii yaradıcılığında söz sənətinin sirləri haqqında dərin hikmətlər ifadə olunmuşdur. Orta çağ risalələri, təzkirələr, cünglər bizə milli ədəbiyyatımızın zəngin xəzinəsini çatdırmışlar. Mirzə Fətəli Axundzadənin Molla Rumi haqqında məqaləsi çağdaş anl
amda tənqidimizin ilk örnəklərindəndir. Ədəbiyyatın məqsədi, qayəsi, üslubiyyət və ifadə vasitələri haqqında dəyərli fikirlər Həsən bəy Zərdabinin, Mirzə Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əlibəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Abbas Səhhətin, Hüseyn Cavidin bədii və publisist yazılarında mühüm yer tutur. XX əsrin əvvəllərində ilk peşəkar tənqidçilərimiz Abdulla Sur, Hüseyn Sadiq (Seyid Hüseyn) Firidun bəy Köçərli fəaliyyətə başlayırlar. Firidun bəy Köçərli ədəbiyyat tariximizə aid çox qiymətli ikicildliyin müəllifidir. Yeri gəlmişkən, başqa bir önəmli əsərin – İsmayıl Hikmətin Azərbaycan və türk ədəbiyyatlarına həsr olunmuş 4 cildini bugünkü əlifbamızla nəşr etmək nəcib və vacib iş olardı.
Müxtəlif dövrlərdə Türkiyədə və İranda ədəbiyyat tariximizə aid ciddi araşdırmaların dəyərini azaltmadan bu sahədə ilk fundamental iş Heydər Hüseynov və Məmməd Arifin redaktəsi ilə nəşr olunmuş ikicildlik “Azərbaycan ədəbiyyatı tarixi” sayılmalıdır. Sonralar tədqiqatlar daha da genişləndirilərək və təkmilləşdirilərək üç cildlik ədəbiyyat tariximiz nəşr olundu. Əlbəttə, bu kitablarda da, ümumən o dövrün ədəbi tənqidində, mətbuatında da sovet ideologiyasının təsiri və təzyiqi aydın görünür, marksist-leninçi təlimə əsaslanan sırf sinfi baxış əks olunub, söz sənətimizin bir çox parlaq nümunələri, pantürkist, mürtəce burjua romantizmi adıyla çıxdaş edilib.
Acı bir həqiqətdir ki, 1933-cü ildən bugünə qədər Nizami İnstitutunun on beş müdirindən beşi 37-38-ci illərin repressiya qurbanları olmuşlar.
Sovet dönəmində yaranmış bədii ədəbiyyatda belə gah millətçilik, yalançı xəlqilik, gah nihilizm, kosmopolitizm, formalizm, süni novatorluq meyilləri “tapılırdı”, Altmışıncı illər nəslinin əsərləri “sosialist realizmi” metoduna zidd olduğuna, plakat əmək qəhrəmanlarına deyil, adi adamlara üz tutduğuna, “işıqlı sovet həyatını” tünd qara boyalarla təsvir etdiyinə görə damğalanırdı.
Amma bununla bərabər ədəbiyyat elmimiz və tənqidimiz bütün yasaqlara və qadağalara rəğmən ədəbiyyatın həqiqi dəyərlərinin keşiyində dayanıb, bu gün bir çox hallarda baş alıb gedən ölçüsüzlüyə, meyarsızlığa, subyektivizmə, ucdantutma tərifnamələrə uymurdu. Çünki sözünün dəyərini bilən ciddi alimlər öz yazılarına Tarixin verəcəyi qiyməti yaşadıqları Zamanın konyunktur hökmlərindən və imtiyazlarından üstün tuturdular.
Ədəbiyyatçı alimlər ədəbiyyat tariximizi sistemləşdirməklə, ardıcıl təsnifat aparmaqla, faktik bilgilər toplamaqla və nəzəri ümumiləşdirmələrlə bu elmin özülünü qurmuşlar. Və bu əməli işdə Elmlər Akademiyasının 85 il bundan əvvəl fəaliyyətə başlamış Nizami İnstitutunun böyük xidmətləri var.
Bəzi inkarçılar sovet dövrünün bütün aşkar uğurlarına göz yumaraq o dövrün ancaq qüsurlarını göstərirlər. O rejimin qüsurlarını, yanlışlıqlarını, hətta cinayətlərini unutmadan ədalət və həqiqət naminə onu da deməliyik ki, elə Elmlər Akademiyamızın özü də, onun institutları da, o cümlədən Nizami İnstitutu da məhz o dövrdə yaranıb və səmərəli işlər görüb. Qədim dövr və Orta əsrlər ədəbiyyatı, XVIII, XIX və XX yüzillərin ədəbiyyat tarixləri, ədəbiyyat nəzəriyyəsinə, folklora, mifologiyaya, əruz vəzninə, aşıq sənətinə aid araşdırmalar, tənqid və mətbuat tarixiylə bağlı tədqiqatlar, klassik və müasir yazıçılara həsr olunmuş monoqrafiyalar xalqımızın mənəvi zənginliyini əks etdirən sərvətdir və bu sərvət neçə-neçə nəslin milli ruhda yetişməsinə, mədəni dəyərləri dərk etməsinə misilsiz xidmət göstərib. Ədəbiyyatımız, incəsənətimiz, təhsil sistemimiz və elmimizin başqa sahələriylə bir sırada ədəbiyyatşünaslığımız da müstəqilliyimizin mənəvi təməlini qoyan ən mühüm amillərdəndir. Bu mənada müstəqillik dövrümüzdə yaranmış ədəbiyyatşünaslıq nümunələri, çoxcildlik ədəbiyyat tariximiz bu möhkəm dayaqlar əsasında və müasir dövrün yaratdığı imkanlar zəminində uğurla meydana çıxır. Müstəqillik dövründə işıq üzünə çıxarılan monumental nəşrin elə ilk cildi ədəbiyyat tariximizə yeni, daha dürüst, daha elmi baxışın yaranmasına sübutdur. Ədəbiyyat tariximizin kökləri əskilərdə olduğu kimi, bizə yad dillərdə çatmış mətnlərlə deyil, ümumtürk abidələri, türk folklor və mifologiya örnəkləriylə bağlanır.
Bu baxımdan unudulmaz ulu öndər Heydər Əliyevin “Kitabi-Dədəm Qorqud” dastanının 1300 illiyiylə bağlı qərarı ədəbiyyat tarixşünaslığımızın dönüş nöqtələrindən sayılmalıdır. Heydər Əliyevin siyasi iradəsiylə və sırf elmi yanaşma nəticəsində dastanın yaşı Həzrət Məhəmmədin müasiri Dədə Qorqudun yaşadığı dövrlə, yəni VII əsrlə bağlandı və bu rəqəm YUNESKO tərəfindən də təsdiq edildi.
Bu gün böyük qürur və iftixar hissiylə deyə bilərik ki ədəbiyyatımızda “Kitabi Dədəm Qorqud” kimi ölməz bir abidə də var, bu abidəni doğma dilimizdə yaradan ozan-şair-dastançı Dədə Qorqud kimi dahi bir sənətkarımız da… Böyük ədəbiyyat tariximiz də bu faktdan başlanır.
Dastanın hərtərəfli araşdırılmasında Nizami İnstitutunun və onun içindən çıxmış Dilçilik və Folklor institutlarının əməkdaşlarının xidmətləri xüsusi qeyd olunmalıdır.
Sovet dövründə yasaq olunmuş başqa bir tarixi uyğunsuzluğu da aradan götürməyin vaxtı çatmışdır. Əgər Türkiyə ədəbiyyatşünasları haqlı olaraq Nəsimini, Xətaini, Füzulini Azərbaycan ədəbiyyatından ayırmadan öz ədəbiyyat tarixlərinə də salırlarsa, biz də Sivaslı Qazı Burhanəddinlə bərabər Səfəvilər müridi Pir Sultan Abdal, Qaracaoğlan, afşar Dadaloğlu kimi şairlərin yaradıcılıq irsini Türkiyə ədəbiyyatından qoparmadan ortaq şeir və dil örnəklərimiz kimi araşdırmalı, Azərbaycan ədəbiyyatı tarixinə daxil etməliyik. Həsənoğlunun doğma dilimizdə yaranmış əruz vəznli qəzəllərindən daha əvvəl heca şeirimizin ilk böyük sənətkarı Yunis Əmrənin möhtəşəm divanı da ədəbiyyat və dil tariximizin malı olmalıdır. Bu örnəklərsiz şifahi və yazılı poeziyamızın inkişaf və dəyişmə proseslərini müəyyənləşdirmək çətin olardı. Ədəbi təkamülü bugünkü siyasi sərhədlərin o tayına, ya bu tayına düşməsiylə ayırmaq keçmişə bütöv şəkildə baxmağa əngəl törədər, bu, baxışlarda natamamlığa, yarımçıqlığa səbəb olar. Güman edirəm ki, yeni nəşrə hazırlanan və artıq birinci cildi çıxmış 10 cildlik ədəbiyyat tariximizdə bu cəhət nəzərə alınacaq.
Müstəqillik illərində Nizami İnstitutunun ərsəyə gətirdiyi çox dəyərli işlər – “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının bugünkü əlifbamızla nəşrləri, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Müstəqillik dövrü ədəbiyyatı haqqında ikicildlik son illərin böyük nailiyyətidir.
Gələn il Azərbaycan Yazıçılar təşkilatının da 85 yaşı tamam olur və bu gün mən Yazıçılar Birliyimiz adından özündən bir yaş böyük qardaşını – Nizami adına Ədəbiyyat İnstitutunu ürəkdən salamlayır, alqışlayır, ona daha böyük uğurlar arzulayıram. Ona – yəni institutun əməkdaşlarına, rəhbərliyinə, çünki institut yalnız addan və binadan ibarət deyil, onu yaradanlar və yaşadanlar insanlardır – peşəkar, fədakar alimlərdir.
Səksən ildən artıq bir müddətdə Yazıçılar təşkilatıyla Ədəbiyyat İnstitutu sıx yaradıcılıq təmasında çalışırlar. Nizami İnstitutu hər ilin ədəbi prosesinə aid elmi konfranslar keçirir, alimlərimiz, tənqidçilərimiz yeni əsərlərimizi diqqətlə izləyir, təhlil edirlər. Təşkilatımızın nizamnaməsinə görə, Akademiyanın ədəbiyyat üzrə həqiqi və müxbir üzvləri Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasına daxildirlər. Qəzetimizin və jurnallarımızın redaksiya heyətlərində ədəbiyyatşünas alimlər, tənqidçilər önəmli yer tutur.
1945-ci ildə Akademiya təşkil olunanda onun ilk həqiqi üzvləri sırasında görkəmli ədəbiyyat xadimləri – 39 yaşlı şair Səməd Vurğun və 34 yaşlı nasir Mirzə İbrahimov da vardı. 45-ci ildən bu günə qədər 73 il ərzində Akademiyanın tərkibinə şair kimi deyil, filoloji elmlər doktoru, ədəbiyyatşünas alim kimi əvvəl müxbir, sonra həqiqi üzv seçilmiş Bəxtiyar Vahabzadədən başqa, heç bir yazıçı Akademiyaya üzv olmayıb. Bu vaxt ərzində üç bəstəkar (Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov) həqiqi üzv, iki bəstəkar (Fikrət Əmirov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə) müxbir üzv seçilmişlər. Dahi və görkəmli bəstəkarlarımızın Akademiyaya üzvlüyünə layiq görülməsi, əlbəttə, bizi sevindirir.
Bütün hallarda yazıçılarla alimlərimiz bir məqsədə birgə xidmət edirlər – ədəbiyyatımızın həqiqi dəyərlərinin keşiyində dururlar, dilimizin saflığı və sağlamlığı uğrunda birlikdə çalışırlar.
Hörmətli Prezidentimiz İlham Əliyevin 85 yaşlı Nizami İnstitutunun əməkdaşlarını təltif etməsi dövlətimizin bu böyük elm ocağına diqqətinin və qayğısının daha bir təzahürüdür.
Yazıçılarımızın alim qardaşlarını və bacılarını bu möhtəşəm bayramları, ortaq bayramımız münasibətilə ürəkdən təbrik edirəm.
Neçə-neçə belə illərə… Bir yerdə… Birlikdə… Bərabər…

14 noyabr 2018

Mənbə: [leech=http://edebiyyatqazeti.az]http://edebiyyatqazeti.az
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Комментариев:0



"Kümbet" dərgisi 50 sayısı

"Usare" dərgisi 19 sayısı

"Hece Taşları" dərgisi 45 sayısı

"Açıkkara" dərgisi 8 sayısı

"Mevsimler" dərgisi 18 sayısı

О сайте

About Us

Популярные категории

Навигация по сайту

Облако тэгов