Nizami MƏMMƏDZADƏ.Həyatı və Yaradcıılığı

25-08-2015, 11:20
1 011

http://s47.radikal.ru/i117/1508/ee/e5a51634a4f2.jpg


Nizami MƏMMƏDZADƏ (Nizami Zilli oğlu Məmmədzadə) 1957-ci il may ayının 10-da Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində bitirib. İlk şeir yaradıcılığına məktəb illərində başlayıb. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 26 Bakı Komissarları adına mətbəədə çalışıb, "Bakı" axşam qəzetində texniki redaktor işləyib. Jurnalistika fakültəsini bitirən zaman diplom rəhbəri Azərbaycanın məşhur jurnalist, pedaqoq və ictimai xadim, "Bakı" və "Baku" axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev olub və sonra o, Nizami Məmmədzadəni "Bakı"axşam qəzetində işləməyə dəvət edib.
1984-cü ildə atası qəflətən vəfat etdiyindən ailə vəziyyəti ilə əlaqədar Borşalıya qayıdıb. Həmin ildən Marneuli Rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsində təlimatçı vəsifəsində işləyib. Marneuli Rayon Partiya Komitəsinin ilk partiya təşkilatının katibi seçilib. Tiflisdə Marksizm-Leninizm Universitetini bitirib. Partiya sahəsində çalışmaqla bərabər, jurnalistika ilə də məşğul olub, müxtəlif publisistik məqalələr, şeirlər, hekayələr yazaraq müntəzəm olaraq dövri mətbuatda dərc etdirib.
1989- cu ildə Ећulaveri kənd Sovetliyində sədr müavini vəsifəsində işləyib. Dəfələrlə rayon və kənd Sovetinin deputatı seçilib. 2008-ci ilə kimi Ећulaveri kənd bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb. Bununla bərabər 2001-ci ildə Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyinin orqanı olan "ZİYA" qəzetinin baş redaktoru olub və bütün şətinliklərə baxmayaraq qəzeti çap etdirib.
Nizami Məmmədzadə eyni zamanda İlya Çavçavadze adına Tiflis Pedaqoji Universitetinin Marneuli filialında üç il dərs deyib.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birlikələrinin üzvüdür.
Azərbaycan Jurnalistlər Birliyi Nizami Məmmədzadəni uzun müddət mətbuat sahəsində səmərəli fəaliyyətinə görə, Həsən Bəy Zərdabi adına makafata layiq görüb. Mükafatın diplomunu şəxsən Azərbaycan Jurnalistlər Birliyi sədri, mərhum yazıçı və publisist Hacı Hacıyev təqdim edib. N. Məmmədzadə bir sıra mükafatlara da layiq görülüb. Bakıda nəşr olunan "Borçalı" və "Qafqaz Press" qəzetlərinin Gürcüstan üzrə redaktor müavini və Kvemo Kartli bölgə inzibati idarəsinin nəşri olan "Region" qəzetinin Marneuli bölgəsi üzrə redaktoru vəzifəsində çalışıb.
Onun rəhbərlik etdiyi "ZİYA" qəzeti 2012-ci ildə Gürcüstan Azərbaycanlıları Konqresi tərəfindən "İlin ən yaxşı qəzeti" nominasiyasına layiq görülüb. Nizami Məmmədzadə 2012-ci ildə Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının təsis etdiyi "İlin ən fəal jurnalisti" nominasiyasına sahib olub. Gürcüstan prezidenti 2012-ci ildə onun "Ећərəf ordeni" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb, lakin məlum dövlət dəyişikliyi ərəfəsində N. Məmmədzadə bu ordenə sahib ola bilməyib.
O, hazırda "Gürcüstan Azərbaycanlı Jurnalistləri Birliyi" təşkilatının sədri, "Günəş" Assosiasiyasının sədri və "Günəş" qəzetinin baş redaktorudur.
Nizami Məmmədzadə 2008-ci ildən APA-nın (Azəri-Press Agentliyinin) Gürcüstan bürosunun rəhbəri kimi Gürcüstanın ictimai-siyasi həyatına yaxşı bələddir və müntəzəm olaraq aktual xəbərləri 5 dildə uğurla fəaliyyət göstərən APA.az saytı vasitəsi ilə Azərbaycan və dünya oxucularına çatdırır.
Nizami Məmmədzadənin indiyədək 8 kitabı işıq üzü görüb. Gürcüstanda və Azərbaycanda nəşr olunan müxtəlif almanaxlarda, saytlarda şeirləri və hekayələri dərc olunub və bir çox kitabların redaktoru olub. O, həmçinin Borçalıda aşıq yaradıcılığını, şifahi xalq ədəbiyyatını toplayıb. 2008-ci ildə N. Məmmədzadə görkəmli Borçalı aşığı, ustad sənətkarımız Aşıq Əmrah Gülməmmədova həsr olunan "Saz Əmrahı axtarır..." adlı kitab nəşr etdirib.

Nizami Məmmədzadənin çap olunmuş kitabları:

1. "Bu yurd mənim Borçalımdır" Ећeirlər kitabı. Bakı-2002-ci il.
2. "Yurd həsrəti" Hekayələr. Bakı-2004-cü il.
3. "ATA". Poema. Tbilisi-2007-ci il.
4. "Dünyanın o üzü və yaxud Borçalıdan Müqəddəs Məşhədədək xoş təəssüratlar..." Publisistika. Tbilisi-2008-ci il.
5. "Saz Əmrahı axtarır" Məşhur Borçalı aşığı Aşıq Əmrah Gülməmmədovun yaradıcılığı və şeirləri, eyni zamanda xatirələr toplusu. Tbilisi-2008-ci il.
6. "Borçalı harayı" Sənədli povest, publisistika, hekayələr, şeirlər. 2013-cü il. Tbilisi-2013-cü il.
7. "Отэц"- Rus dilində (Poema). 2014-cü il. Tərcümə edəni şair Qiya Paçxataşvili.
8. "Çələbilər" poeması. Tiflis-2015-ci il.
9. "Gürcüstanın azərbaycanlı jurnalistləri" Tiflis-2015-ci il.

Nizami Məmmədzadə Milli Mətbuatımızın 140 illiyinə həsr olunan "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabına görə 2015-ci il iyulun 22-də keçirilən təntənəli mərasimdə diplom, pul mükafatı və Ali Media Mükafatına, həmçinin müxtəlif qiymətli hədiyyələrə layiq görülüb.
Nizami Məmmədzadənin "Yollara qovuşan iz..." və toplayıb, hazırladığı "Borçalı bayatıları" kitabları çapa hazırdır.

Dünya

Bu gün varam, sabah yoxam,
Çal, ay dünya, çal ay dünya!
Yaşıl sinən gül-çiçəkli,
Arı çəkir bal, ay dünya!

Bir kimsəsiz bəndəyəm mən,
Müvəqqəti səs-küyəm mən,
Dünya, sənə qonağam mən,
Gəl könlümü al, ay dünya!

Sularında durulmuşam,
Hüsnünə mən vurulmuşam,
Bəzən küşüb qırılmışam,
Bu kefimi bil, ay dünya!

Dünya mənə qara olub,
Bizi pozan para olub,
Hər danışıq yara olub,
Dərdə çarə bul, ay dünya!

Məftun oldum varlığına,
Çox sıxıldım darlığına,
Keçdim sola, həm sağına,
Mənə çarə qıl, ay dünya!

Sənin ömrün çox-çox uzun,
Qoy şənlənsin oğlun-qızın,
Yola saldıq qışı, yazı,
İli belə sal, ay dünya!

Fərqi yox günün, ayın,
Ey insanlar günü sayın,
Bu dünyamız sirli oyun,
Bir tamaşa qıl, ay dünya!

Bu gün varam, sabah yoxam,
Çal, ay dünya, çal ay dünya!
Mən gedərgi, sənsə qalan,
Salamat qal, qal, ay dünya!

20 iyun, 2015-ci il. Marneuli.

Dünya

Dünya mənlə bu meydanda
Küştü tutub, cəng eyləyir.
Mənə hərbə-zorba gəlib,
Baş-beynimi dəng eyləyir.

İnsafını Allah alıb,
Kasıblara gün ağlamır.
Dünya belə bir dünyadır,
Heç kimsəni soraqlamır.

Dünya gəldi-gedər olub,
O heç kimi bağışlamır.
Hər kəlməsi neştər olub,
Dodağından zəhər damır!

Hər qapıda, hər ocaqda,
Neçə-neçə şəhid qanı.
Dünya belə bir dünyadır,
Onda insaf, mürvət hanı?

Namərdlərə meydan verən,
Mərd adamdan qaçan dünya!
Qartal kimi öz ovunu,
Tez götürüb uçan dünya!

Dünya, dünya, zalım dünya!
Biz gedərik, qalan dünya!
Dediklərin heç düz çıxmır,
Ömrü boyu yalan dünya!…


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: