Vəfa MÜRSƏLQIZI.Yeni şeirlər

30-08-2015, 17:30
955 dəfə Oxundu.

Vəfa MÜRSƏLQIZI.Yeni şeirlər

http://s020.radikal.ru/i723/1508/0b/6587b93f33b5.jpg


CÜCƏRİR!

Nə əkirəm ürəyimə,
Kədərin tağı cücərir,
Dərdi nə qədər çəksəmdə,
Başı aşağı cücərir!

Ümidləri bəsləməkdən,
Gəlişini istəməkdən,
Yollarını gözləməkdən,
Gözümün ağı cücərir.

Yuxu tapmayan şairin,
Dərdin atmayan şairin,
Gecə yatmayan şairin,
Səhər varağı cücərir,

Sinəsini dağlamaqdan,
Gedənləri saxlamaqdan,
Bu qadının ağlamaqdan,
Başı, ayağı cücərir.

Güvəndiyim dağlar

Bu həsrətin şaxtasından,
Saçım ağappaqdır gülüm.
Sən güvənən dağ deyiləm,
Mənə də qar yağdı gülüm!

Viranədən bağmı olar?
Ruhsuz candan, sağmı olar?
Dağ çəkəndən dağmı olar?
Mənə də qar yağdı gülüm.

"Su gəldi arxa dolmadı"
Dərdimiz xalxa qalmadı,
Məndən də arxa olmadı,
Mənə də qar yağdı gülüm!

Demə mənə

Yolunda bir qara daşa dönərəm,
Küsərəm, gedərəm, başa dönərəm,
Gözünün üstündə qaşa dönərəm,
Gözün üstə qaşın, var demə mənə!

Harda görünübdür belə od-ocaq?
Bir ömür boyunca ürək yanacaq,
Atəşim ozümü yandırır ancaq,
Mən od parçasıyam, qor demə mənə!

Daha qovuşamağın çarəsimi var?
Hardasa qurtarır başlayan yollar,
Sən ki, özgəsinin həmdəmisən yar,
Məni yaralayıb, yar demə mənə!

MƏN ELƏ HƏMİNƏM

Mən elə həminəm,ay dəli adam,
Qaşım gözüm də o , gülüşüm də o,
Sən qoyub gedəndən heç dəyişmədim,
İşim gücüm də o, vərdişim də o.

Dəniz kənarına çıx bircə kərə,
Hələ də ordadır ayaq izlərim,
Yenə də dilimə yalan gəlməyir,
Yenə də uşaq tək safdır gözlərim.

Yenə inanıram yalan deyəndə,
Yenə boylanıram yolara tez -tez,
Yenə ağlayıram yağış yağanda,
Çəkilib bir küncə səssiz -səmirsiz.

Yenə gecələri yata bilmirəm.
Sübhədək oyağam düzün bilirsən,
Yenə o ürəyi daşıyıram mən ,
Sən də içindəsən özün bilirsən.

O sənsən dəyişib gələn bəxtəvər,
Sinəndə mən boyda daş gəzdirirsən,
Məni itirəndən üzündə kədər,
Gözündə bir ovuc yaş gəzdirirsən.

Yaman sınıxmısan, əzik-əziksən.
Mən susdum, qınaya bilmədim səni,
Mən elə həminəm , sən dəyişmisən,
Bağışla tanıya bilmədim səni.

Səndən sonra!

Səndən sonra çox şeyi bildim.
Sən bunları deməmişdin mənə.
Adamların adlarının Əli, Vəli, Fatma, Sona yox,
Xəyanət, sevgi, qürur, kədər, qorxu olduğunu.
Əslində çiçəklər ətir saçmırmış, sadəcə arıları yoldan çıxarırmış.
Adamlar ömür boyu özünü aldatmaqla məşğul olurmuş və
ölüm anında ancaq özündən
halallıq almalıymış.
Sən bunları deməmişdin.
Ağın qara, sevincin kədər, həyatın bir adının ölüm oluğunu.
Qadınların kişilərdən daha güclü olduğunu və
kişilərin yetimliyini daşıya bildiyini, deməmişdin.
Deməmişdin Ən güclü insanların
həyatda iki şeydən qorxduğunu
XƏYANƏTDƏN və TƏNHALIQDAN.
Ən hündür boylu kişilərin ən cılız qadınların arxasında təklikdən gizlənə bildiyini.
Tikan batan balaca əllərimi öpəndə
qanamayan yaraların daha çox ağrıtdığını da deməmişdin.
Ən böyük həsrətlərin gül, çiçək kimi yazda cücərdiyini,
dünyada xatirələrdən daha insafsız heç nə olmadığını.
Sən çox şeyi demədin.
Bir də yaxşı ki demədin......
Mən səndən sonra çox şeyi özüm öyrənməliydim, ata!



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam