Günel ƏJDƏRQIZI."Məhv olmuş arzular" (Hekayə)

4-09-2015, 16:00
832 dəfə Oxundu.

Günel ƏJDƏRQIZI."Məhv olmuş arzular" (Hekayə)

http://s017.radikal.ru/i404/1506/59/a6ad59b98794.jpg


Toy günü yaxınlaşırdı. Fədayənin sevincinin həddi – hüdudu yox idi. Ağ gəlinlik donunu geyinib vüsalına qovuşacaqdı. Ömrünün sonuna kimi sevdiyi adamın həyat yoldaşı olacaqdı. Fədayə Yalçının uşaqlıq sevgisi idi. Ali məktəbə eyni ildə daxil olmuş, birinci kursu qurtarandan sonra ailə daxilində kiçik yığıncaq edərək üzük taxmışdılar. Qərara gəlmişdilər ki, ali məktəbi qurtarandan sonra toy etsinlər. Vətən qarşısında borcunu verməkdən ötrü Yalçın əsgərliyə getmiş, toyun vaxtı bir az da uzanmışdı. Fədayə hər gecə tanrı dərgahına əl açaraq Yalçını qoruması üçün allaha yalvarmışdı. Axı müharibə gedirdi. Elə bir gün olmurdu ki, televiziyada kiminsə həlak olması haqqında xəbər verilməsin. Qonşu kəndlərdən düşmənlərin atdığı güllələrin səsləri açıq-aydın eşidilirdi. Yalçın hərbi xidməti başa vurub sağ-salamat evlərinə qayıtmışdı. Toyun vaxtı yaxınlaşdıqca Fədayənın həyacanı da artırdı. Hər gecə xəyallar qurur, arzularla yatırdı. İki gün öncə gəlinlik paltarını da seçib bəyənmişdi. Ağ gəlinlik paltarında özünü şahzadə kimi hiss edirdi. Paltarın yaraşıb-yaraşmadığını yoxlamaq üçün əyninə geyinəndə qəfil Yalçın oraya gəlmiş, onu gəlinlik paltarında görmüşdü. Fədayə uşaqlığdan eşitmişdi ki, bəyin toydan əvvəl gəlini toy paltarında görməsi pis əlamətdir. Guya bədbəxtlik gətirir. Fədayə bütün bunlara inanmasa da, ürəyində qorxu hissləri vardı.

Evlərinə gəlib gedənlərin ardı-arası kəsilmirdi. Qohum-əqrabalar toya görə canfəşanlıq edirdilər. Qonaqların qulluğunda durmaq, iş-güc görmək hamı kimi Fədayəni də yorurdu.

Bu gün nədənsə əvvəlki günlərə nisbətən qonaqların sayı az olmuşdu. Hamı erkən yatmışdı. Fədayə yuxuda qışqırtı eşidirdi. Kimsə qaçın, hücum var- deyə çığırırdı. Güllə səsləri eşidilirdi. Fədayə yuxudan gözlərini güclə açdı. Gecənin bir aləmi idi. Bir anlıq öz-özünə fikirləşdi ki, nə yaxşı oyanıb. Qorxulu yuxuydu. Lakin anasının göz yaşları içində qapını açıb "qızım, geyin, biz getməliyik, ermənilər hücuma keçib"- deməsi onu yuxudan oyatdı. Hər şey həqiqət imiş. "Qızım, qardaşların, atan silah götürüb əsgərlərimizə köməyə getdilər. Atan dedi ki, qonşu qadınlara qoşulub o biri kəndə gedin. Meşənin içi ilə qaçın, açıq yola çıxmayın".

Fədayə paltarını geyinərək anasının arxasınca düşdü. Yol boyu ağlaşan uşağların səsi, atılan güllə səsləri, səs-küy bir-birinə qarışmışdı. Onlar qonşu qadınlarla bərabər meşə yoluna üz tutdular. Qaranlıqda heç bilmirdilər hara gedirdilər. Təkcə bir nəfər də fənər vardı. Bir xeyli getmişdilər ki, ayağlarına insan cəsədlərinin dolaşdığını gördülər. Fənəri yandırıb baxanda dəhşətə gəldilər. Fədayənin atası, qardaşları, nişanlısı, qonşusunun oğlanları qətlə yetirilmişdi. Ölənlərə işgəncələr verilmişdi. Qulağları, burunları kəsilmiş, gözləri çıxarılmışdı. Başı kəsilmiş başqa cəsədlər də vardı. Fədayə anasıyla bərabər cəsədləri qucaqlayıb ağlamağa başladı. Güllə səslərinin yaxından atıldığını eşidən qadınlar onları güclə cəsədlərdən ayırıb aparmağa çalışdılar. Bir az getdikdən sonra qadın və uşaq cəsədlərinə rast gəldilər. Uşaqların əl, ayaqları kəsilmişdi. Hətta azyaşlı bir uşağın ürəyini çıxarıb yerinə palçıq yumrulayıb qoymuşdular. Fədayə öldürülmüş uşaq cəsədlərinə baxdıqca elə bilirdi ki, yuxudadır. Belə vəhşiliyi ancaq insan xisləti olmayan hansısa bədheybət eləyə bilərdi. Bu an bir qrup əsgər onlara atəş açmağa başladı. Qadınlar qaçmağa başladılar. Fədayə anasının da ölümünün şahidi oldu. Artıq 5 nəfər qız qalmışdılar. Dayanmadan qaçırdılar. Qarşıda hündür qaya vardı. Qəfil pusqu qurmuş erməni əsgərləri onların üzərinə şığıdılar. Onlar qızları təhqir etməyə başladılar. Bütün qızlıq arzuları bir günün içində məhv olmuş Fədayə qayanın başına çıxdı. Bir tərəfdə ermənilər, o biri tərəfdə uçurum vardı. O, bir anlıq dayandı. Atasını, anasını, qardaşlarını, nişanlısını düşündü. Həyatda kimin üçün yaşamalıydı. Ermənilərə əsir düşüb namusunu, qızlıq ləyaqətini ayaqlar altına atıb hər gün ölü kimi yaşamaqdansa, qayadan atılıb şərəfli ölməyi üstün tutdu. Özünü qayadan üzü aşağı yerə atdı. Fədayə məhv olmuş arzularıyla bərabər daşlara çırpılaraq parça-parça oldu.

3.09.2015



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam