Eldar Nəsibli Sibirel.Ећeirlər

30-09-2015, 20:00
624 dəfə Oxundu.

Eldar Nəsibli Sibirel.Ећeirlər

http://s017.radikal.ru/i410/1508/17/4eaa587c9c82.jpg


QƏRİBSAMİЕћƏM-1972

Bu axşam nədənsə yaman kövrəyəm
Közərib od alır fikrim, xəyalım.
Bu axşam həsrətlə vuran ürəyəm.
Dağılıb, pərişan olubdur halım,
Sənsən, doğma yurdum, könlümə düşən,
Bu gün səndən ötrü qəribsəmişəm.

Hanı bir mahnının tilsimiylə mən,
Bir yaşıl çəməndə yatıb qaldığım?
Qaçan cüyürlərin çəhrimiylə mən,
Yorub yollarını əldən saldığım,
Ay damğacı düzüm, ay yanıq meşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.

Hanı dalğa-dalğa coşub-kükrəyən
Sevgi fərəhimin uçan gülüşü?
Zalım qardaşından qorxub titrəyən
Bir qız dodağının qaçan gülüşü?
Görüşə gecikən, gözü-bənövşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.

Görəsən, fikrindən keçirir nələr?
Gözü yolmu çəkir anamın indi?
Beşiyim başında uzun gecələr
Yuxuma da layla çalanım indi.
İstərəm bu dərdi sənlə bölüşəm,
Ana, səndən ötrü qəribsəmişəm.


YIXILMAZ DEYİRDİN...

Yıxılmaz deyirdin, haqqın
Yerdədir kürəyi daha.
Cidarlanıb, qaça bilmir
Arzunun yüyrəyi daha.

Yalanmış vədlər, vədələr.
Verdi, unutdu gədələr.
Əvəz eyləyir mədələr
Deyəsən ürəyi daha.

Bu yol gedir hara, bilmir.
Dözümü dağ yara bilmir,
Daşdan da çıxara, bilmir,
Adamlar çörəyi daha.

DEYİLƏM - 1975

Uzaqda dayanma, bir yaxına gəl,
Gəl, qorxma, sirrini yayan deyiləm.
Onsuz da o qədər aldanmışam ki,
Mən daha hər sözə uyan deyiləm.

Sevgimi umanlar sanki nağıldı,
Səni görən kimi qaçdı, dağıldı,
Mən indi dəliyəm, yoxsa ağıllı,
Özüm də özümə əyan deyiləm.

Bu həsrət vüsala qovuşar haçan?
Dünyada sən adlı bir ehtiyacam,
Ülvi gözəlliyə gözləri acam,
Ötəri baxmaqla doyan deyiləm.

HEYİF Kİ...

Gözəl yaratsa da Tanrım bu qızı
Özü öz qədrini bilmir heyif, ki...
İstəsə qəlbində sevinc çiçəklər,
Gözünün nəmini silmir, heyif ki...

Eşqinə yol alıb gələndən qaçır,
Dərdini onunla böləndən qaçır,
Dərdə bax, dərdindən öləndən qaçır,
Birinin dərdindən ölmür, heyif ki...

Gəlsə gəlişinə yollar açılar,
Eşqindən lal olan dillər açılar.
Gülsə, dodağında güllər açılar,
Bir dodaq tərpədib gülmür, heyif ki...

Dilində həyatın "neylim" , "neylim" i,
Bəyənmir Məcnunu, sevmir Leylini.
Qərib tənhalığa salıb meylini,
Allahın yoluna gəlmir, heyif ki...

Sibirel, dadına çatan istəyir,
İstəyir o səni, atam, istəyir.
Dünyada hər şeyi o tam istəyir,
Yastığı yarıya bölmür, heyif ki...



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam