Eldar Nəsibli Sibirel."Yaddaş" (Poema)

20-11-2015, 10:15
0
Жалоба

Eldar Nəsibli Sibirel."Yaddaş" (Poema)


Ön söz yerinə

Vətəndən uzaqda doğulsam da mən,
Bu torpağa verdim könül varımı.
Tənzif əvəzinə ümidlərimlə
Sarıdım sağalmaz yaralarımı.
Çəkdiyim əzabla, udduğum qəmlə
Çoxu elə sandı, öləcəyəm mən.
Ancaq bilmədilər, gün işığında,
Bahar arzularının yaşıllığında
Təzədən dünyaya gələcəyəm mən.
Mən başdan-ayağa səbrəm,dözüməm,
Zaman çox sınayıb səbrimi mənim.
Otuz yeddidən bəri hər gün özümə
Min yol qazdırıblar qəbrimi mənim.
Nimdaş yaddaşların tərs yazısını ,
Gəlib yaddaşlardan siləcəyəm mən.
Daha daş dayanmaz yollarım üstə
Haqqın, ədalətin qolları üstə
Təzədən dünyaya gələcəyəm mən.
Daşdan-daşa dəyib başım dünyada,
Kədərin boynumda haqqı-sayı var.
Sevinc qismət olub mənə röyada,
Qatı açılmamış gülüş payım var .
Qansız hədələrə bir nərə üstə
Bir qəhqəhə çəkib güləcəyəm mən,
Sibirdən, qəbirdən qorxacağım yox,
Zamandan şan-şöhrət umacağım yox,
Təzədən dünyaya gələcəyəm mən.
Bir vaxt bu torpaqçün qovrulan sevgim,
Dənizdə yosundu,dağda mamırdı.
Daş qəfəs içində qıvrılan sevgim,
Qayadan süzülüb, daşdan damırdı.
Qanında bu duyğu çağlayanlarin
Dərdini gözündən biləcəyəm mən.
Durna qatarının yaz sədasında,
Ağrıyan qəlbimin saz sədasında
Təzədən dünyaya gələcəyəm mən.


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация