TİMSS-2019 tədqiqatı üzrə əsas mərhələ

11-06-2019, 03:30
0
Жалоба

Təhsil İnstitutu (ARTİ) tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının əsas mərhələsinə start verilib.
Əsas mərhələdə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda, eləcə də digər şəhər və rayonlarda yerləşən ümumtəhsil məktəblərindən təsadüfi seçimlə müəyyənləşdirdiyi 252 sinifdə təhsil alan təxminən 6500-ə yaxın şagirdin iştirakı nəzərdə tutulub. Tədqiqatda Azərbaycan bölməsi ilə yanaşı rus bölməsində təhsil alan 4-cü sinif şagirdləri də iştirak edir.
Tədqiqatın əsas mərhələsində doldurulan sorğular hər qiymətləndirmənin nəticələrinə əsasən TİMSS milli tədqiqat koordinatorları və TİMSS Sorğusu üzrə Beynəlxalq Ekspertlər Komitəsi tərəfindən daim yenilənir.
TİMSS tədqiqatının keçirilməsində başlıca məqsəd qlobal kontekstdə sistemin nailiyyət meyillərini qiymətləndirmək, təhsil siyasəti barədə məlumat toplamaq, yenilənmiş siyasətin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və kurikulum islahatına təkan vermək, eyni zamanda şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdən ibarətdir. Bu sorğulardan toplanan məlumatlar təhsil siyasətinin tətbiqi barədə dinamik mənzərəni əks etdirir.
Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən və hər dörd ildən bir (1999, 2003, 2007, 2011, 2015 və 2019) keçirilən TİMSS tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Qlobal konteksdə öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 70-ə yaxın ölkə TİMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TİMSS-ə yeni ölkələr qoşulur.
Qeyd edək ki, ölkəmiz sonucu dəfə TİMSS tədqiqatında 2011-ci ildə iştirak edib və yalnız IV sinif şagirdləri ilə təmsil olunub.
Tədqiqatla bağlı daha ətraflı məlumatı ARTİ-nin rəsmi veb saytında yerləşdirilmiş “Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramında nailiyyətlərin qiymətləndirilməsi meyilləri” yazısından oxumaq olar.

Mənbə: http://www.edu.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация