Şəfəq NASİR."Heykəltəraşlıq sənətinin münəvvəri"

11-06-2019, 08:30
0
Жалоба


Bu, Qarabağımızın ürəyi
olan Şuşa şəhərində 6 iyun
1929-cu ildə tanınmış xalça ustası Məcid kişinin ailəsində
dünyaya gəlmiş Münəvvər
Rzayevadır.
Mənə görə, hər hansı bir sənətə,
peşəyə maraq insanın ruhunda doğulur, onunla birgə böyüyür, qol-qanad atır və onu sənətin zirvəsinə
yüksəldir. Münəvvər xanımda heykəltəraşlığa maraq rəssamlıqdan
başlayıb, qəlbini, ruhunu saran romantika incə sənətlərə marağını
oyadıb.
Onun tərcümeyi-halı da incəsənət aləminin əsl xiridarı olduğunu
göstərir. O, 1950-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini,
1956-cı ildə isə V.İ.Surikov adına
Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini
bitirmişdir (N.V.Tomskinin sinfi).
Münəvvər Rzayeva həyatı boyu
100-ə qədər müxtəlif səpgili sənət
əsəri yaratmışdır. Sənətkarın əsərləri paytaxt Bakıdan başlayaraq,
Azərbaycanın müxtəlif bölgələrində
yerləşdirilmişdir. Heykəltəraş xanım
1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. 1953-cü ildən Rəssamlar İttifaqının, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü
olub. O, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam
kimi fəaliyyət göstərmişdir. Bunlar
Münəvvər Rzayevanın ömürlüyündə fəaliyyətini yığcam şəkildə əks
etdirən faktlardı. Lakin bir sənətkar,
duyğusal xanım kimi gözəlliklər, təzadlar içrə keçən həyatı da olduqca
maraqlıdır.
Münəvvər xanım bayırda lopa-lopa yağan qarın paklığından, baharın
xoş nəsimindən, al-əlvan çəmən ətrindən zövq alan və bunların yaratdığı ruhsallıqdan təsirlənərək,
şövqlə işləyən bir sənətkar idi.
Onun orijinal dəst-xətti yaratdığı sənət incilərində özünəməxsusluqla
ifadə olunurdu. Bütün sənət dostları
da heykəltəraşın sənətinə xas olan
bir mühüm cəhəti görür və təqdir
edirdilər. Belə ki, o, ən çox görkəmli şəxsiyyətlərin, şair, yazıçı və filosofların, dövlət xadimlərinin abidəobrazını yaradırdı. Bu zaman müəllif
işlədiyi heykəllərdə şəxsin daxili
aləmini, hiss və duyğularını tam dolğunluğu ilə əks etdirməkdən ötrü
gözləri xüsusi bir səylə, məhəbbətlə
və həssaslıqla işləyirdi. Bu heykəllərin sırasında Nazim Hikmət, Hüseyn Cavid, Mikayıl Müşfiq, Sergey
Yesenin, Nəriman Nərimanovun
büstlərini xüsusi qeyd etmək istərdik. Adlarını çəkdiyimiz bu görkəmli
şəxsiyyətlərə, onların yaradıcılığına,
ictimai fəaliyyətlərinə və mənəvi
aləmlərinə xüsusi marağı və sevgisi
Münəvvər xanımı hər zaman böyük
həvəslə işləməyə sövq etmişdir.
Münəvvər Rzayeva 100-ə yaxın
monumental əsərin müəllifidir. Bu
əsərlərin sırasında indicə qeyd etdiyimiz görkəmli sənətkarlardan savayı, Bəhmənyar, Məhsəti Gəncəvi,
M.Ə.Sabir, Mehdixan Vəkilov, Nigar
Rəfibəyli, Sevil Qazıyeva, Ayna Sultanova, Əlibala Şirinov, Şahnabat
Nəsirova... heykəltəraşın sənət
dünyasının inciləri arasındadır.
Münəvvər Rzayevanın son əsəri
isə ulu öndər Heydər Əliyevin
tuncdan olan barelyefidir (uzunluğu
82 sm, eni 59 sm, çəkisi 42 kq). Ulu
öndərin 75 illik yubileyi münasibətilə yaradılmış bu barelyef Qusar rayonunda yerləşən dağın 3763 m
hündürlüyündə olan ən uca dağ zirvəsinə bərkidilmişdir.
Mən Münəvvər Rzayevanı ötən
əsrin 80-ci illərindən tanıyırdım.
Haqqında bir neçə dəfə də işlədiyim
portret yazılarla mətbuatda çıxış etmişdim. Dəfələrlə sənətkarla emalatxanasında olmuşdum, bu zaman
onun iş prosesini izləməyə imkanım
yaranmışdı. Elə o vaxtlardan Münəvvər Rzayevanı yaxından tanımağa, mənəvi aləmini duymağa çalışırdım. O, əsərləri üzərində işlədiyi zamanların ovqatından danışırdı. Deyirdi, Məhsəti Gəncəvinin abidəsi
üzərində nə az-nə çox, düz 20 il işləmişəm, əsl məqama çatmaq üçün
onun nə qədər eskizlərini hazırlamışdım. Eləcə də başqa əsərləri bu
prinsiplə işləyirdim...
Heykəltəraşın gənc həmkarlarına
nümunə olacaq sənət vərdişləri vardı. O, hər hansı bir şairin, yazıçının,
filosofun obrazını yaratmazdan əvvəl onların həyatını, yaşadığı mühitini öyrənir, əsərlərini oxuyur, özünü
o dövrün, zamanın içində görməyə
çalışırdı və bundan sonra həmin obrazları sevərək, duyaraq yaradırdı.
Heykəltəraş bütün işlərində özünü
azad hiss edir, yaradıcılığında özəlliklərin olmasını sevirdi. Amma çox
zaman bu cəhəti həmkarlarına xoş
gəlmir, onu özbaşınalıqda qınayırdılar. Özündən eşitmişdim: Sevil Qazıyevanın abidəsini yaratmışdım,
işim Bədii şurada müzakirə olunurdu. Bu zaman üstümə hücumlar
başladı, nə başladı! Dedilər, bu heykəltəraş ipə-sapa yatan deyil, necə
istəyir, elə də işləyir. O zaman Bədii
şuranın iclasında iştirak edən nazir
Rauf Hacıyev hamını dinlədikdən
sonra danışır: - Siz deyirsiniz ki, bu
qız özbaşınadır, necə istəyir, elə də
edir. Nə olsun? Siz onun işlərindəki
mükəmməlliyə baxın! Unutmayın ki,
Münəvvər Rzayeva abidə qoyan
yeganə qadın sənətkardı, vaxt gələcək siz özünüz onun abidəsini qoyacaqsınız...
Yəqin, bugünkü nəsil Münəvvər
Rzayevanın sənət taleyində böyük
əhəmiyyət kəsb edən bəzi məqamlardan xəbərsizdir. Elə bu mənada
onun Nazim Hikmətlə bağlı həyatından bəzi epizodları yada salmaq istəyirəm. Münəvvər xanım V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq
fakültəsində təhsil alarkən bir xoş
təsadüf nəticəsində onunla rastlaşır. Həyat yoldaşı Münəvvərdən ayrı düşən şairin bu qıza bir övlad məhəbbəti yaranır. Onu qızlığa götürmək istəyir və bu məqsədlə Bakıda
yaşayan ailəsinə - anasına məktubla müraciət edir. Ana razılaşır... Münəvvər xanımın taleyinə sanki günəş doğur, bu qayğı, doğmalıq onu
tələbəliyin ehtiyacından və həmin
vaxtlar düçar olduğu xəstəliyin cəngindən xilas edir...
Nazim Hikmət onun qayğısını
doğma balası təki çəkir, əsl sənətkar kimi yetişməsinə kömək edir.
Münəvvər xanım onun portretini də
böyük məhəbbətlə yaradır. Şair ona
deyirmiş ki, gözlərimi çək, Münəvvər, onlar ruhumun aynasıdır... Münəvvər xanım şairin gözlərini gördüyü, duyduğu kimi çəkməyə nail olmuşdu. Bir dəfə Münəvvər xanımın
evində Nazim Hikmətin portretini
gördüm, arxasında şairin iki misralıq
belə bir qeydi vardı:
Adaşın mənim yüzümdən
qarə bəxt oldu,
Sənə faydam tokunur
inşaallah, qızım...
Bir haşiyə: Heykəltəraş Münəvvər
Rzayevanın məndə olan gündəliyində onun Rəsul Rza ilə bağlı qeydlərini oxumuşam. Münəvvər xanım yazır ki, Mikayıl Müşfiqin heykəlini işləmişdim. Rəsul Rza Cəfər Cəfərovla
emalatxanama gəlib hələ üzə çıxarmadığım heykəli görmüş və ikisi də
onu çox bəyənmişdi. Şair 20 günə
bu işi böyütməyi məndən xahiş etdi,
daha doğrusu, mənə ictimai tapşırıq
verdi. O vaxt R.Rza Yubiley Komitəsinin sədri idi. Müşfiqin heykəlini doğum gününə çatdırmağımı istəyirdi.
İşi deyilən vaxta qədər tamamladım.
Lakin Bədii şura işimi qəsdən gözdən salır, qəbul etmək istəmirdi. Bir
gün Rəsul müəllim mənə zəng etdi,
xəbər aldı ki, niyə səsin çıxmır? Mən
vəziyyəti olduğu kimi dedim. Rəsul
müəllim əsəbiləşdi, mənə tapşırdı ki,
Şuranın növbəti yığıncağında mənə
xəbər elə. O, Bədii şuranın yığıncağına gəlib çatdı. Şuranın üzvləri bir-bir
çıxış edib, deyirdilər ki, burada obrazlılıq yoxdur. Rəsul Rza onları təmkinlə dinləyib, çıxış üçün söz aldı.
üzünü çıxış edənlərə tutub hamısına
müraciətlə dedi ki, Müşfiqdən bir şeir söyləsinlər. Heç birindən səs çıxmadı. Rəsul müəllim belə olanda dedi: “Amma biz Müşfiqlə yaxın olmuşuq, günlərlə bir-birimizə şeirlərimizi
oxumuşuq, baş-ayaq yatmışıq, deməli, mən sizdən yaxşı bilərəm ki,
burada obrazlılıq var, ya yox. Münəvvər Rzayevanın heykəli Müşfiqin
xatirəsinə dəyərli bir töhfədir”. Rəsul
Rza heykəlin yerini seçdiyim məkana narazılıq edənlərə də sərt cavab
verdi. Bu işdə axıra qədər məni müdafiə etdi...
Münəvvər Rzayevanın taleyində
qəribə təsadüflər qədərincədir.
Bunlardan sonuncusu isə olumölüm tarixi ilə bağlıdır. Heykəltəraşlıq sənətimizin münəvvər siması -
Münəvvər Rzayeva doğum günündə - 6 iyun 2004-cü ildə dünyasını
dəyişib. Bu gün mənim də ürəyimi
ağrıdan bir məsələ ondan ibarətdir
ki, həyatda nə qədər çətinliklər görən, keçilməz sədlərlə qarşılaşan
(mətanətli xanım onları özünün ağlı,
istedadı və müdrikliyilə dəf edirdi)
Münəvvər Rzayeva ömrünün son
çağlarında görmə qabiliyyətini, gözünün nurunu itirmişdi. Baxışlarından heç nə yayınmayan, gördüyü
gözəlliklərdən doyunca zövq alan,
ruhlanan, həyatın vəsvəgəlməz füsunkarlığından ilhamlanan heykəltaraş xanım bu mənzərələri bir daha
görmək səadətindən məhrum oldu... Tezcə də bu məyusluğumu
üfüqdən yenicə baş qaldırmış günəşin zərrin şəfəqləri yuyub-aparır:
Münəvvər Rzayeva bu gün yaratdığı sənət incilərinin gözü ilə Azərbaycana, gözünü açdığı Şuşaya baxır, nigaran ruhu bu gözəlliklərdən rahatlıq tapır...


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация