Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

17-07-2019, 09:00
0
Жалоба

http://edebiyyat-az.com/wp-content/uploads/2015/07/ni.jpg

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru


Dərdim sənsizliyin dərdini çəkir

Bir səhər üz tutdum dənizə sarı,
Görüş yerimizdə ayaq saxladım.
Öpdü həsrət məni sən əvəzinə,
Töküldü gözümdən leysan, ağladım.


Mənə elə gəldi dəniz bu saat,
Coşaraq tez məni qucaqlayacaq.
Köksümə sığmayan hicran qəmini,
Sənin əllərinlə sığallayacaq.


Açıb gözlərimi nəmli baxışla,
Boylandım dənizə xəyala dönüb,
Sahili qucan o ləpələr kimi,
Sənə sarılmışdım suala dönüb.


Görmək istəməzdim sənsizliyimi,
Ağlar gözlərimi yumdum yenidən,
Hönkürtü səsimi batırmaq üçün,
Asılı qalmışdım bircə zəngindən.


Bu necə səadət, bu necə zülüm?!
Birisi inləyir, biri kef çəkir,
Nə yaxşı yenə də sən varsan gülüm,
Dərdim sənsizliyin dərdini çəkir.


BİLMİRƏM


Sən ömür baharı, mən könül qışı,
Haraya gedəcək bu yol, bilmirəm.
Mən bəxtin önündə payız yağışı,
Alırsan könlümü gəl al, bilmirəm.


Ayrılıq deməyə gəlmədi üzüm,
Verdiyin vədəndə qışladı sözün,
Həsrəti eyləyib dağ, dərə, düzüm,
Çəkdin sinəm üstə min yol, bilmirəm.


Könlümün evinə bir yol uçduğun,
Gözümdən gizlənib, nədən qaçdığın,
Hər məni görəndə geniş açdığın,
Kimlərə açılır o qol, bilmirəm.


Deməyin, sərxoşam xumar çəkibdi,
Mənə nə dağ çəkib o yar çəkibdi,
De kimin saçına tumar çəkibdi,
Əlimdə buzlayan o əl, bilmirəm.

Ölümlü gecəm

İslatdı dərdimi göz yaşlarımda,
Qucağında ölüm gətirən gecə.
Hönkürtü səsində açılan səhər,
Kəsdi kələyimi dan yerinəcən.


Donmuş nəfəsimdə şehə bələndi,
Ruhumun can adlı sızıltıları.
Sən demə dərd elə üzə güləndi,
Açıldı ömrümün ölüm qatları.


Susdu kabus kimi, susdu o gecə,
Ölüm küləyinin əsdi yelləri.
Asdı ürəyimdən kəfənliyimi,
Açıldı qəbrimin qərib dilləri.


Bir ölüm gətirdi mənə o gecə,
Bir ölüm oxudu ömür payıma.
Mən can diləmədim, heyf bu ömür-
Can verə bilmədi vətən hayına.


04.05.2019


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация