Sumqayıtın yerli büdcə gəlirləri 30 milyon manata çatıb

11-08-2019, 10:30
0
Жалоба

Cari ilin 6 ayı ərzində Sumqayıtda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 150 milyon manat olub. Bu da əvvəlki dövrə nisbətən 4 faiz və ya 6 milyon manat artım deməkdir. Nəqliyyat sahəsində göstərilən xidmətlər 8 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox, rabitə xidmətlərinin həcmi isə 7,7 dəfə çox və ya 35 milyon manat olub.
AZƏRTAC xəbər verir ki, bu faktlar Sumqayıt şəhərində 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında qeyd edilib.
Məruzədə bildirilib ki, yerli büdcə gəlirləri proqnoza qarşı 6 milyon manat və ya 25 faiz artaraq 30 milyon manata çatıb. Xərc hissəsi 23,4 milyon manat proqnoza qarşı, 19,2 milyon manat və ya 82,2 faiz icra edilib.
Hesabatda Məşğulluq Mərkəzi tərəfindən ilin əvvəlindən 5537 nəfər iş axtaran kimi qeydiyyata alınıb. Şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 4210 nəfər işlə təmin olunub. Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin artırılması məqsədilə ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 3090 haqqı ödənilən ictimai iş yeri açılıb. 74 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib, 104 nəfər Özünüməşğulluq Proqramının təlimlərinə cəlb olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sosialyönümlü fərman və sərəncamlar əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsinin prioritet istiqamət olduğunu bir daha təsdiqləyir və bu sahədə başlanan dəyişikliklərin davamlı xarakter aldığını göstərir. Təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, ailə başçısını itirənlərin, tələbələrin, aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, problemli kreditlərin kompensasiya olunması, çoxmənzilli yaşayış binalarının istismara qəbulunun sadələşdirilməsi, minimum pensiya və əmək haqqının artırılması sosial sahədə dəyişikliklərin başlandığını bir daha təsdiqləyir.
Diqqətə çatdırılıb ki, Dövlət Sosial Müdafiə Fondu üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon manat artaraq 67 milyon manata çatıb, 51690 pensiyaçıya xidmət göstərilib. Şəhər üzrə əmək pensiyalarının orta aylıq məbləği 222 manat olub.
Bununla yanaşı, şəhərdə müxtəlif sosial obyektlərdə məskunlaşan məcburi köçkünlərdən 1850 ailə yeni inşa olunmuş yaşayış binalarına köçürülüb. Hesabat dövründə “Nizami kinoteatrı”nın, Məhkəmə Kompleksinin, “Muğam evi”nin tikintisi, Sumqayıt Bulvarının genişləndirilməsi işləri görülüb, 5-ci Polis Bölməsinin yeni inzibati binası istifadəyə verilib.
Məruzədə təhsil, səhiyyə, mədəniyyət, idman, gənclər işi ilə yanaşı, əhaliyə göstərilən içməli su, təbii qaz, enerji, telekommunikasiya, nəqliyyat xidmətlərinin, şəhərdə aparılan abadlıq işlərinin mövcud vəziyyəti də təhlil edilib.

Mənbə: https://azertag.az 


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация