İradə AYTEL.Seçmə şeirlər

28-08-2019, 15:00
173 dəfə Oxundu.

İradə AYTEL.Seçmə şeirlər

Sən mənim alım yazım

Sənnən xəbər gözlədim,
Kipriyə qaş düşəndə.
Quru-quru alışdım
Araya yaş düşəndə.

Oxunnan çıxıb yayım,
Oxuma! Yatıb toyum!
Ətaydı buta payım,
Yuxuma daş düşəndə.

Bu nə tale, nə yazı,
A baharım, ayazım?
Sən mənim alın yazım
Alnıma qış düşəndə!

Qara qız

Bəxtinə rəngin düşdü,
A bəxtəvər olanım!
Hanı baharın, qışdı?
Dərdi gövhər olanım!
Bu yaz səninki deyil,
Bu qız dünənki deyil,
Çək yazını dara qız,
Qara qız, ay qara qız!

Hanı şirin nağılın,
Hanı balın, noğulun?
Tələ qurdu yığvalın,
Düşdün tara, tora, qız,
Qara qız, ay qara qız!

Gəlinlik libasını 
Gözüyolda saçların 
Geyindikcə öyün, qız,
Üzündəki naxışlar
Xınasıdı dərdinin
Bəzəyinə söyün, qız.
Şana götür əlinə,
Göynək bağla belinə,
“Telini yan dara, qız!”
Qara qız, ay qara qız!

Oldun

Elə yaddın, elə uzaq,
Yaxın oldun... yaxın oldun.
Həsrətinlə ilmələnən
Qorxum oldun... qorxum oldun.

Ha gizlətsəm ürəyimdə,
Səni gəzdim hər deyimdə.
Od qaladın kürəyimdə
Ahım oldun... ahım oldun!

Yurdsuz nəfəs, cansız bədən,
Nə sən varsan, nədə ki mən...
Yuvasınnan çıxıb gedən,
Ruhum oldun... ruhum oldun!

Mənbə: http://edebiyyat-az.com/



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam