BMT modeli üzrə üçüncü yay məktəbinə ərizə qəbulu başlanılıb

7-09-2019, 08:30
0
Жалоба


Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində sentyabrın 27–30-da keçiriləcək BMT modeli üzrə üçüncü yay məktəbinə ərizə qəbuluna başlanılıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Şamaxı rayonunda təşkil olunacaq yay məktəbinə seçiləcək gənclər diplomatiya və beynəlxalq əməkdaşlıq, habelə BMT-nin müxtəlif qurumlarının iş prinsipləri haqqında biliklərini artırmaq, öz fərdi və professional bacarıqlarını inkişaf etdirmək və yeni əlaqələr qurmaq imkanı əldə edəcəklər.
Üçüncü yay məktəbində BMT Baş Assambleyasının İqtisadi və Maliyyə Məsələləri Komitəsi – “Mövcud ticari vəziyyətin dünya iqtisadiyyatına təsiri”, Ümumdünya Turizm Təşkilatı – “Tanınmamış və mübahisəli ərazilərdə turizm”, Futuristik Komitə - “III Dünya müharibəsinin astanasında” mövzuları üzrə simulyasiya olunacaq.
Müraciət etmək üçün bu keçiddən istifadə etmək mümkündür: https://forms.gle/6DQDxzy95UvWWCmr9
Müraciət üçün son tarix sentyabrın 15-dir. Müraciət edənlər mütəmadi əsasda müsahibəyə dəvət olunacaqlar. Sessiyalar ingilis dilində olacaq.
BMT modeli üzrə birinci yay məktəbi 2015-ci il avqustun 10–14-də Daşkəsən rayonunda, ikinci yay məktəbi isə 2016-cı il avqustun 2–5-də İsmayıllı rayonunda təşkil edilib.
Qeyd edək ki, BMT modeli konfransları gənclərin xarici dil, danışıq, təqdimat, ünsiyyət, rəsmi yazı və bir çox digər şəxsi və iş bacarıqlarının inkişafına və onların beynəlxalq səviyyədə müxtəlif konfranslar üçün rəqabət qabiliyyətlərinin artırılmasına böyük töhfə verir.

Mənbə:https://azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация