YÜZ FAİZ NƏTİCƏ və yaxud QALİBİYYƏT YOLLARINDA

20-09-2019, 16:30
791 dəfə Oxundu.

YÜZ FAİZ NƏTİCƏ və yaxud QALİBİYYƏT YOLLARINDA



“Bilik məlumat deyil, bilməyin tək yolu təcrübədir. Bu mövzunu müzakirə edə bilərsiniz, amma bu sizə yalnız fəlsəfi bir anlayış qazandıracaqdır. Bu mövzunu həqiqətən bilmək istəyirsinizsə, onu təcrübədən keçirməlisiniz.” 
(Eynşteyn)



Məktəb həyatı da bir təcrübədir. Müəllimlik şərəfli peşədir, şərəfli olduğu qədər də mürəkkəb və məsuliyyətli bir iş olduğu üçün   müəllim hər bir şagirdin, valideyninin mənəvi dünyasını görməyi bacarmalı, cəmiyyət üçün şəxsiyyət formalaşdırmaqla yanaşı, öz mövqeyini təsdiqləməlidir. Doğrudan da öz mövqeyini təsdiqləməyən, özünü dərk etməyən insan başqalarını da istiqamətləndirə bilməz və ya bu istiqamət hədəfə doğru yolunu itirər.


 


Arzu Çobanova 15 ildir ki, Sumqayıt şəhər 17 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Ömrünü xalqının övladlarının təhsilinə,  tərbiyəsinə həsr edən bu müəllimi tanıyanlar  onun özünəməxsus iş metoduna, nitq mədəniyyətinə,   səmimiy­yətinə, vətənpərvərliyinə, xeyirxahlığına  yaxşı bələddirlər. Arzu Çobanovanın rəhbəri olduğu, eyni zamanda dərs dediyi siniflər hər zaman fərqləniblər, tədris ilini müvəffəqiyyətlə başa vurublar. Qürurverici bir haldır ki, sona çatan 2018-2019-cu tədris ilində  Arzu Çobanovanın rəhbərlik etdiyi iqtisadiyyat-humanitar təmayüllü XI a sinfi  ali məktəblərə qəbul üzrə 100 faiz nəticə göstərib və məktəb üzrə  rekorda imza atıb.



 


“Hər işin öz məsuliyyəti var. Təhsil sahəsi isə daha məsuliyyətli bir sahədir. Hazırda ictimaiyyət arasında ən müxtəlif səviyyələrdə geniş müzakirə olunan məsələlərdən biri təhsilin keyfiyyətidir. Şagirdin nailiyyəti müəllimin zəfəri, qələbəsi olduğu üçün hər bir təhsil işçisi bilməlidir ki, şagirdin şəxsiyyət kimi yetişdirilməsində ailə və mühit amili mühüm yer tutur. Demək, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün   biz  işimizə daha məsuliyyətlə yanaşmaqla yanaşı, şagirdə nəzarəti onun hiss etdiyi formada, şəxsiyyətinə toxunmamaqla həyata keçirməliyik. Gənclərin asudə vaxtının səmərəli təşkili, onların dövlətçilik ruhunda tərbiyə olunması, milli vətənpərvərlik ruhunun artırılması, özünəinam hissinin formalaşdırılması, məktəbin və biz müəllimlərin işinin əsasını təşkil etməlidir. Yalnız bu zaman yüksək təhsilə imza ata bilərik və vətənə gərəkli şəxsiyyətlər formalaşdıra bilərik” deyən Arzu Çobanova XI a sinfinin uğurlarında zəhməti olan məktəbin rəhbərliyinə, müəllim heyətinə, valideynlərə minnətdarlığını bildirir. Xüsusilə əsas fənn müəllimləri – riyaziyyat müəllimi Arzu Məmmədovaya, ingilis dili müəllimləri Lalə Teymurovaya, Gülşən Hüseynovaya, coğrafiya müəllimi Xalidə Cəbrayılovaya, tarix müəllimi Rövşən Əsədova dərin təşəkkürünü bildirir.



XI a sinfində 24 nəfər şagird təhsil alıb. Bu şagirdlərin hər biri bilik və bacarıqları ilə yanaşı həm dərsə davamiyyətləri, həm də təlim-tərbiyələri ilə seçiliblər. Arzu Çobanova rəhbərlik etməklə yanaşı həmin sinifdə Azərbaycan dili və ədəbiyyatı fənnini də tədris edib. Sözün həqiqi mənasında 24 şagirdin hər birinə ana qayğısı ilə yanaşan, onların dərsləri ilə yanaşı təlim-tərbiyəsində də xüsusi əməyi olan müəllimə bu gün valideynlər tərəfindən sonsuz bir məhəbbətlə sevilir. 



 


Qalibiyyət açarını əldə etmək üçün hər kəsdə vətənpərvərlik duyğusu olmalıdır. Bu duyğu insanı doğulduğu torpağa qırılmaz tellərlə bağlayır, insan vətəni, onun övladları üçün bütün qüvvəsini səfərbər edir. Onun fikrincə təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün təlim psixologiyasını daha da inkişaf etdirmək lazımdır. Çünki təlim psixologiyası pedaqoji psixologiyanın ən mühüm sahələrindən birini təşkil edir. Hazırki dövdə məktəbin qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində təlim psixologiyası sahəsində aparılan axtarışların nəticələri həlledici rol oynayır. Demək, böyüməkdə olan nəslə elmlərin əsasları haqqında dərin və möhkəm biliklər vermək, onlarda həmin biliklərdən istifadə edə bilmək, onları təcrübəyə tətbiq etmək bacarığının yaradılması  müasir dövrün ən ciddi tələbləri kimi qarşıda durmalıdır.  Doğrudan da, Nəsirəddin Tusinin dediyi kimi, “Elm səbəb, əməl isə nəticədir.”



 


A.Çobanova əsas fənn müəllimlərinə etimad göstərib onların zəhmətini mükafatlandır­dığına görə məktəbin direktoru Rəna Rufullayevaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə Əhmədovaya, təşkilati işlər üzrə direktor müavini Aynur Əliyevaya, psixoloq Elnurə Şirinovaya sonsuz təşəkkürünü bildirərək qeyd edir ki, bundan sonra daha böyük məsuliyyətlə çalışmaq, cəmiyyət üçün gərəkli şəxsiyyətlər formalaşdırmaq üçün bütün bilik və bacarığını səfərbər edəcək.


Ümidvarıq ki, neçə-neçə uğurların təməlini qoyan, respublikamızın təhsil sahəsində xüsusi əməyi olan Arzu Çobanova kimi  müəllimlərimizin vətən övladlarına sayğısı, sevgisi, qurub yaratmaq eşqi heç vaxt tükənməyəcək, onların şagirdlərinin səsi-sorağı ən yaxşı ali təhsil ocaqlarından gələcək! Biz də öz növbəmizdə qalibiyyət yollarında uğur daim sizinlə olsun, təhsil fədailəri deyir, Sumqayıt şəhər 17 nömrəli orta məktəbin bütün kollektivinə naliyyətlər arzulayırıq!


Nisə Heydərli,

Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü,

“Qızıl Qələm” Media mükafati laureati, 

şairə-publisist



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam