Son dəqiqə:

Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

27-09-2019, 06:00
102 dəfə Oxundu.

Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Sentyabrın 26-da Çinin Azərbaycandakı səfirliyi milli bayram - Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxış edərək ölkəsinin 70 ildə keçdiyi inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. O deyib ki, bu gün Çin dünyanın ikinci ən böyük iqtisadiyyatıdır. Çin hakimiyyəti ölkənin modernləşməsi üçün bütün səyləri göstərir. Hazırda Çin dünyanın 130-dan çox ölkəsinin ticarət tərəfdaşıdır və BMT Nizamnaməsinin bütün şərtlərini yerinə yetirir. Ölkə, eyni zamanda, dünyada sülhməramlı missiyaya böyük töhfə verir.
2019-cu ilin aprelində Prezident İlham Əliyevin Çinə səfərini xatırladan səfir qeyd edib ki, bu səfər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib. Azərbaycan ilə Çinin münasibətləri sağlam təməl üzərində qurulub. Çin Azərbaycanı yaxın dost, etibarlı tərəfdaş kimi qəbul edir. Ölkələrimiz arasında münasibətlər dinamik inkişaf yolundadır. Diplomat bu əlaqələrin gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.
Rəsmi qəbulda çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan Prezidenti adından Çin xalqını təbrik edib, sülh və firavanlıq arzularını çatdırıb.
Qədim tarixə malik Çinin bu gün dünyada böyük nüfuza malik olduğunu vurğulayan Milli Məclisin Sədri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ikitərəfli, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Çin və Azərbaycanın dövlət rəhbərləri arasında mehriban münasibətlər qarşılıqlı əlaqələrin inkişafına geniş yol açır. Hər iki ölkənin hakim partiyaları arasında sıx əlaqələr qurulub. Qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlərin də rolu böyükdür.
Milli Məclisin Sədri deyib ki, iki ölkə arasında bir çox sahələrdə - iqtisadi, siyasi, humanitar sahələrdə getdikcə genişlənən əməkdaşlıq məmnunluq doğurur. Xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Çinin dəyişməz mövqeyi ölkəmiz üçün olduqca vacibdir.
Oqtay Əsədov ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Tədbir bədii hissə ilə davam edib.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam