Son dəqiqə:

Budapeştin ən gözəl meydanlarından biri bərpa edilib

29-09-2019, 06:00
95 dəfə Oxundu.

Budapeştin ən gözəl meydanlarından biri bərpa edilib

Budapeştdə Vöröşmarti mərkəzi meydanının bərpası başa çatıb. Payızın sonunda, həmçinin yaxınlıqdakı Deak Ferents, Beçi, Apasai Çere Yanoş, Harmintsad və Viqado kimi küçələrin də yenidən qurulması gözlənilir.
AZƏRTAC-ın xüsusi müxbiri Macarıstan paytaxtının bu izdihamlı meydanının yeni görkəmindən böyük zövq alıb. Meydanın mərkəzində yerləşən və tarixi irs statusu verilən məşhur Vöröşmarti abidəsi üzərindən bu gündən başlayaraq polietilen örtüklər çıxarılıb. Abidə kompleksinin ətrafında qazon sahəsi genişləndirilib. Qazon kvadratı nadir şəkildə bəzədilib – indi onun rəngi abidənin rəngindən daha tünddür. Bununla da elə təsəvvür yaradılır ki, abidə bir növ qazon kvadratının davamıdır.
İşlər başa çatsa da, texnoloji razılaşdırmalar oktyabrın 15-dək aparılacaq, piyadalar isə artıq bu gündən meydandan istifadə edə bilərlər.
Meydanda olan 10 ağaca əlavə olaraq 15 ağac da əkilib. Bundan başqa, ağaclara və qazona avtomatik suvarma sistemi çəkilib ki, bunun vasitəsilə əkilmiş ağaclar daim sulanır. İsti günlərdə əvvəlkinə nisbətən burada daha çox kölgəlik olacaq.
Şir heykəlləri olan fəvvarə indi meydandan götürülərək Vöröşmarti və Harmintsad küçələrinin kəsişməsinə yerləşdirilib və içməli su şəbəkəsinə birləşdirilib. Beləliklə, indi o, içməli suyu olan fəvvarə kimi mövcud olacaq. Bu, plastik tullantıların miqdarının azaldılmasına şərait yaradacaq.
Meydanın yenidənqurma prosesinin gedişində klassik işıqlandırma fənərləri təmizlənib. Onların sayəsində əvvəlki illərin ab-havası qorunub saxlanılıb. Yeni işıq-diodlu lampalar elektrik enerjisinə qənaət edəcək.
Beton körpü blokları yüksəkkeyfiyyətli və nadir şəkildə işlənib hazırlanmış andezit, qranit və əhəngdaşı örtükləri ilə əvəz edilib. Onlar arasında bağlılıq təkcə zahiri görünüşünün gözəl görünməsi ilə deyil, həm də dağılmazlığı və hava dəyişikliyinə davamlı olmasıdır.
Yağış sularının axdığı, işlənib köhnəlmiş kanalizasiya xətləri də müasirləşdirilib və yenidən torpağın altında gizlədilib. Yeri gəlmişkən, əvvəllər yuxarıdan sallanan elektrik şəbəkəsi xətləri də torpağın altında bərkidilib.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam