Son dəqiqə:

“GəncLİK” proqramının iştirakçıları məlum olub

3-10-2019, 00:30
93 dəfə Oxundu.

“GəncLİK” proqramının iştirakçıları məlum olub

Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) həyata keçirdiyi “GəncLİK” proqramının sonuncu seçim mərhələsi uğurla başa çatıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, seçim mərhələsinin məqsədi namizədin iki dəqiqə ərzində “Niyə mən “GəncLİK” proqramına seçilməliyəm?” sualına cavabında özünü sərbəst şəkildə ifadə etməsinə nail olmaqdır. Seçim mərhələsində iyulun 24-dən avqustun 5-dək videomüraciətlərin qəbulu prosesi aparılıb. Nəticədə 60 gəncin videomüraciəti ekspertlərin rəyinə əsasən uğurlu hesab edilib.
Gənclərin hərtərəfli inkişafının dəstəklənməsi, sosial fəallıqlarının artırılması, liderlik bacarıqlarının formalaşdırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən layihələrin davamı olaraq “GəncLİK” proqramı gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsini hədəfləyir.
Proqramda iştirakla bağlı mayın 27-dən iyunun 24-dək ərizə qəbulu həyata keçirilib. Müraciət edənlər “GəncLİK” proqramının rəsmi internet səhifəsi vasitəsilə ərizə formasını doldurub qeydiyyatdan keçiblər. Proqrama müraciət etmiş mindən artıq gənc arasından 321 nəfər test imtahanında iştirak şansı qazanıb. İmtahanda keçid balını toplayan 104 gənc növbəti mərhələdə videomüraciət hazırlayaraq iştirak ediblər. Sentyabrın 7-14-də keçirilən müsahibə mərhələsində ekspertlər tərəfindən səsləndirilən sualları dolğun cavablandıraraq müsbət rəy almış 30 gənc “GəncLİK” proqramında iştirak hüququ qazanıb.
Oktyabrdan start verilən təlimlər və görüşlər üç ay davam edəcək. Təlim proqramının yekununda iştirakçıların inkişafının qiymətləndirilməsi aparılacaq. Sonra gənclər iki ay ərzində profillərinə uyğun olaraq beynəlxalq təşkilatlarda və yerli qurumlarda təcrübə keçəcəklər. Növbəti mərhələdə proqram iştirakçılarının fərdi və ya qrup şəklində ideyaları qrant formasında maliyyələşdiriləcək və iki ay ərzində icra olunacaq. Sonda proqramı uğurla yekunlaşdıran gənclərin müvafiq işlə təmin olunmasına və ya mövcud iş yerində irəliləməsinə dəstək göstəriləcək.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam