Bakıda Avraziya xalqlarının mədəni irs ənənələri müzakirə olunub

3-10-2019, 11:45
47 dəfə Oxundu.

Bakıda Avraziya xalqlarının mədəni irs ənənələri müzakirə olunub

Beynəlxalq Muğam Mərkəzində Bakıda keçirilən Avraziya Xalqlarının Assambleyası günləri çərçivəsində dəyirmi masa təşkil edilib.
AZƏRTAC xəbər verir ki, müzakirələr "Avraziya xalqlarının mədəni irs ənənələri" mövzusuna həsr edilib.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov tədbirin əhəmiyyətindən söz açaraq diqqətə çatdırıb ki, müzakirənin məqsədi Avraziya xalqlarının zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı əlaqələrin genişləndirilməsidir.
Daha sonra Assambleyanın Beynəlxalq Mədəni Əməkdaşlıq Şurasının sədri Elmira Şerbakova çıxış edib. Bildirib ki, bu cür görüşlər Avrasiya xalqlarının mədəniyyətinin qarşılıqlı zənginləşməsinə kömək edir, peşəkar ünsiyyət imkanlarını genişləndirir, onların mədəni həyatında iştirakına cəlb edir və bütün xalqlar üçün ortaq mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına şərait yaradır.
Dəyirmi masada azərbaycanlı musiqişünaslar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırovanın "Azərbaycan musiqisi muğam kontekstində", Əməkdar incəsənət xadimi Sürəyya Ağayevanın "Azərbaycan türklərinin musiqi mədəniyyəti qədim və orta əsr dövrlərində" mövzularında məruzələri dinlənilib.
Tədbirdə Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Avraziya televiziya və radio Akademiyasının prezidenti Valeriy Ruzin, assambleyanın Hindistan üzrə müşaviri Sinqx Dalbir və digərləri çıxış edərək mədəniyyət sahəsində birgə fəaliyyətin mühümlüyünü qeyd ediblər.
Vurğulanıb ki, Avrasiyanın çoxmillətli ailəsi həm də mədəni müxtəlifliyi ilə seçilir və biz bu müxtəlifliyi araşdırmaqla bərabər gələcək nəsillərə ötürərək qorumağı bacarmalıyıq.
Dəyirmi masa müasir dövrdə siyasi-iqtisadi inkişafın mədəniyyətə təsiri mövzusunda müzakirələrlə davam edib.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam