Son dəqiqə:

XİN: Ermənistanın hazırkı rəhbərliyinin sərgilədiyi mövqe öz-özünü, öz xalqını aldatmaqdan başqa bir şey deyil

5-10-2019, 03:00
94 dəfə Oxundu.

XİN: Ermənistanın hazırkı rəhbərliyinin sərgilədiyi mövqe öz-özünü, öz xalqını aldatmaqdan başqa bir şey deyil

Ermənistan XİN-in mətbuat xidməti ən son şərhində “Dağlıq Qarabağ xalqının” maraqları məsələsini bir daha səsləndirib.
AZƏRTAC xəbər verir ki, bu məsələ ilə bağlı KİV-ə açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib: “Bu barədə Azərbaycanın mövqeyi dəfələrlə səsləndirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Valday” beynəlxalq diskussiya klubunda çıxışı zamanı bu məsələyə kifayət qədər əsaslı, aydın, konkret və qətiyyətli cavabını verib.
Ermənistanın hazırkı rəhbərliyinin sərgilədiyi mövqe isə öz-özünü, öz xalqını aldatmaqdan başqa bir şey deyildir, çünki dünya ictimaiyyətini aldatmaq mümkün deyil və mümkün olmayacaq. Ümumiyyətlə, Ermənistan siyasi rəhbərliyinin münaqişənin həlli çərçivəsində müzakirə olunan sənədlərlə, Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilən bəyanatlarla yaxından tanış olmalarına ciddi ehtiyac duyulur. Bu sənədlərin heç birində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisinə münasibətdə “xalq” anlayışına rast gəlinmir. Hətta Ermənistan XİN-in mətbuat xidmətinin özünün istinad etdiyi ATƏT-in Mink Qrupunun həmsədrlərinin birgə bəyanatları və münaqişənin iki tərəfi arasındakı razılaşmalarda aydın şəkildə “əhalilərin sülhə hazırlanmasından” söhbət gedir. Azərbaycanın dövlət başçısı hər bir kəsə aydın olacaq şəkildə izah etdi ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil, burada söhbət Azərbaycanın sözügedən bölgəsinin azərbaycanlı və erməni icmalarından ibarət əhalidən gedir.
Əgər Ermənistan tərəfi həqiqətən bu bölgədə demokratiyanın qələbə çalmasında maraqlıdırsa, o zaman Ermənistan, Azərbaycanın işğal olunmuş əraziləri üzərində faktiki nəzarəti həyata keçirən bir tərəf kimi, ilk növbədə, öz qoşunlarını bu ərazilərdən çıxarmalı və bu torpaqlardan zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin geri dönüşünə, yəni onların qanuni və demokratik hüquqlarının təmin olunmasına əngəl törətməməlidir”.


Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam