Son dəqiqə:

Məhəmmənhüseyn ŞƏHRİYAR.Seçmə şeirlər

9-10-2019, 06:30
49 dəfə Oxundu.

Məhəmmənhüseyn ŞƏHRİYAR.Seçmə şeirlər

”Behcətabad xatirəsi”

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı.
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım, gör nə döşürməkdədi darı.
Bir quş: “Ayığam!”- söyləyərək, gahdan inildər,
Gahdan onu da, yel deyə laylay, huş aparı.
Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən,
Məndən aşağı kimsə yox, ondan da yuxarı.
Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh,
Bağrım yarılır, sübhüm, açılma, səni tarı!
Dan ulduzu istər çıxa, göz yalvarı çıxma!..
O çıxmasa da ulduzumun yoxdu çıxan.
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş böylə ağardıqca, daha baş da ağarı.
Eşqin ki qərarında vəfa olmayacaqmış,
Bilməm ki təbiət niyə qoymuş bu qərarı?
Sanki xoruzun son banı xəncərdi, soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı damarı.
Rişxəndilə qırcandı səhər, söylədi durma,
Can qorxusu var eşqin, uduzdun bu qumarı,
Oldum qaragün ayrılalı o sarı teldən,
Bunca qara günlərdi edən rəngimi sarı.
Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.
Əzbəs məni yapraq kimi hicranla saraldıb,
Baxsan üzünə, sanki qızılgüldi qızarı.
Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.
Eşqi var idi Şəhriyarın güllü-çiçəkli,
Əfsus ki,qəza vurdu, xəzan oldu baharı.

Yetim uşaq

Öz doğma diyarında çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, dərbədər, ey yetim.
Axan göz yaşın kimi niyə qiymətsiz oldun,
Açılmamış qönçəsən, niyə gül kimi soldun?
Qəminlə ürəyimi gəl, dağlama, ey yetim,
Həsrətli göz yaşımsan, sən ağlama, ey yetim!
Bağbansız sütül ağac, yandım sənin halına,
Necə dözüm bu acı, dözülməz əhvalına?
Dinlədim ürəyinin kədər, qəm nəvasını,
Günahkar millətindir, sən çəkdin cəzasını.
Məktəb sənin dərdinə eylər əlac, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!
Ölkən düşünsə idi sənin səadətini,
Duya bilsəydi elmə tükənməz rəğbətini,
Əl açıb dilənməzdin, bu böyük hümmətinlə,
Yandırmazdın məni də kövrək təbiətinlə.
Öz doğma diyarında çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!
İstəyini ödədim, fəqət məlul, pərişan,
Mən küllün fikrindəyəm, sən cüzin hayındasan.
Sənə pul yox, tərbiyə, təlim, təhsil gərəkdir,
Sənisə düşündürən bircə günlük çörəkdir.
Məktəb sənin dərdinə eylər əlac, ey yetim,
Öz yurdunda dərbədər, ac, yalavac, ey yetim!
Sınıq sazdır ürəyin, dilə gəlsə danışar,
Bir qığılcım düşərsə, məşəl kimi alışar,
Millət qəflətdə yatır, xəyanətkardı dövlət,
Bircə nəzər yetirmə sənə, mənə hökumət.
Sən bu biganəlikdən çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!
Bu ölkədə rəhmlə ədalət də qalmamış,
Yetim-yesirə xalqda mərhəmət de qalmamış.
Mənimsədi qəyyumun sənin də var-yoxunu,
Belə gördüm dünyanı, belə gördüm çoxunu.
Öz doğma diyarında çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!
Dilini bağladılar, bir dərdin açılmadı,
Fitri istedadından qığılcım saçılmadı,
Ötdü bahar, ötdü yaz, açılmadı bir gülün,
Niyə basa çatmadı sənin təkamül yolun?
Məktəb sənin dərdinə eylər əlac, ey yetim!
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam