Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi-metodiki seminar keçirilib

20-10-2019, 16:00
82


Dövlət İmtahan Mərkəzində  2019-cu il oktyabrın 17-də xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi-metodiki seminar keçirilib

Dövlət İmtahan Mərkəzdə 2019-cu il oktyabrın 17-də 2019/2020-ci tədris ili üçün ali təhsilin magistratura və bakalavriat səviyyələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşma və ixtisasları üzrə keçirilmiş qabiliyyət imtahanlarının yekunlarına, həmçinin növbəti tədris ilində keçiriləcək qabiliyyət imtahanlarına həsr edilmiş seminar keçirilmişdir.
Seminarda qabiliyyət tələb edən ixtisaslaşmalar və ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Bakı Xoreoqrafiya Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Sumqayıt Dövlət Universitetinin, Qərb Universitetinin, Xəzər Universitetinin professor-müəllim heyətini təmsil edən nümayəndələr iştirak etmişlər. Seminarda həmçinin canlı bağlantı vasitəsilə Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitunun, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Lənkəran Dövlət Universitetinin professor-müəllim heyətinin nümayəndələri də iştirak etmişlər. DİM-in Naxçıvan, Gəncə , Şəmkir, Bərdə, Şəki, Göyçay, Şirvan, Xaçmaz Regional bölmələri yaradılan canlı bağlantı vasitəsilə seminarın gedişini izləmişlər.
Seminarı giriş sözü ilə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açaraq 2019/2020-ci tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarının müvəffəqiyyətlə başa çatmasını vurğulamış və imtahanların yekunlarına dair məlumatları seminar iştirakçılarının nəzərinə çatdırmışdır. Sədr, həmçinin seminar iştirakçılarına 2020-ci ildə keçiriləcək qabiliyyət imtahanlarında tətbiq ediləcək yeniliklər haqqında məlumat vermişdir. Belə ki, növbəti ildən musiqi sənəti istiqamətinin musiqi təhsili haqqında sənəd tələb edilməyən (populyar musiqi və caz ifaçılığı (estrada sənəti), vokal sənəti (xanəndəlik), vokal sənəti (milli vokal)) ixtisasları üzrə elektron imtahan keçiriləcəkdir. İmtahan proqramı ümumtəhsil məktəblərinin “Musiqi” fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında tərtib ediləcəkdir.
Populyar musiqi və caz ifaçılığı (estrada sənəti), vokal sənəti (xanəndəlik), vokal sənəti (milli vokal) ixtisasları üzrə musiqi imtahanının proqramları təsdiq edildikdən sonra yaxın günlərdə DİM-in internet saytında veriləcəkdir.
Seminarda 2019-cu ildə ilk dəfə olaraq buraxılış imtahanlarında iştirak etmədən qabiliyyət imtahanlarında iştirak etmiş subbakalavrlar haqqında statistik məlumatlar, onlar üçün mövcud müsabiqə şərtləri müzakirə edilmişdir. Bu məsələ ilə bağlı bəzi təkliflər irəli sürülmüşdür.
İclasda “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanları haqqında müzakirələr aparılmış ekspertlərin fikirləri dinlənilmişdir. Bu ixtisas üzrə qabiliyyət imtahanı haqqında müzakirələr müvafiq istiqamət üzrə keçiriləcək seminarlarda mütəxəssislər tərəfindən davam etdiriləcəkdir. Yekun qərar verildikdən sonra “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanlarının proqramı DİM-in internet saytında veriləcəkdir.
Seminarda qeyd edilmişdir ki, qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul aparılan ali və orta ixtisas təhsili müəssisələrinin mütəxəssislərinin vahid reyestrinin yaradılması zərurəti meydana çıxmışdır və bu sahədə DİM müvafiq işlər görəcəkdir. Gələcəkdə həmin ekspertlərin sertifikat alması üçün kursların təşkil edilməsi nəzərdə tutulur.
Seminarda ötən tədris ilində keçirilmiş qabiliyyət imtahanlarının nəticələri müzakirə edilmiş, qarşıya çıxan bir sıra məsələlərin növbəti tədris ilində keçiriləcək qabiliyyət imtahanlarında nəzərə alınacağı qeyd edilmişdir.
Təhsil müəssisələrinin nümayəndələrinə tövsiyə edilmişdir ki, qabiliyyət imtahanlarının proqramlarını, qiymətləndirmə meyarlarını işləyərək DİM-ə təqdim etsinlər və həmin məlumatlar vaxtında nəşr edilərək abituriyentlərin istifadəsinə verilsin. Qabiliyyət imtahanlarının proqramları, imtahanlara hazırlaşmaq üçün metodik tövsiyələr və digər məlumatlar DİM tərəfindən “Xüsusi qabiliyyət imtahanları” jurnalının müvafiq saylarında nəşr ediləcəkdir.
Müzakirələr istiqamətlər üzrə elmi-metodiki seminarlarda davam etdiriləcəkdir. Elmi-metodiki seminarların cədvəli yaxın günlərdə DİM-in internet saytında yerləşdiriləcəkdir.
Seminarda qabiliyyət tələb edən ixtisaslar üzrə təhsili olan bütün mütəxəssislər iştirak edə bilər.

Mənbə: http://www.dim.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: