Tanınmış şair, publisist Rafiq Odayla oxucuların görüşü keçirildi

22-10-2019, 14:30
225

GÜNDƏLİK.İNFO xəbər verir ki, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ə.Rəsulzadə adına kitabxana filialında tanınmış şair, publisist, ədəbiyyatşünas, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odayla oxucuların görüşü keçirilib.
Tədbir Sumqayıt şəhərinin 70 illik yubileyi çərçivəsində M.Ə.Rəsulzadə adına kitabxana filialın təşəbbüsü, "Dəlidağ" və "Dan yeri" Ədəbi Birliklərinin, "Çeşmə" Ədəbi Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin Sumqayın regional bölməsinin birgə təşkilatçılığı ilə hazırlamışdır.
“Rafiq Oday dünyası” adlandırılan, iştirakçıları əsas etibarilə oxucular - Sumqayıt şəhər 1 və 14 saylı tam orta məktəbin, Sumqayıt şəhər TET Gimnaziyanın, Zəngilan rayon 5 saylı tam orta məktəbin şagirdlərindən ibarət olan tədbirdə, həmçinin şairin qələm və məslək dostları da iştirak etmişdir.
Tədbiri giriş sözü ilə kitabxana filialın müdiri Ofelya xanım Qafarova açaraq görüşün məqsəd və qayəsindən danışaraq, qeyd etmişdir ki, Rafiq Oday geniş və çoxşaxəli ədəbi-bədii fəaliyyətlə məşğul olur. 15 kitab müəllifi olan Rafiq Oday indiyə kimi 1000-dən artıq kitaba naşirlik etmiş, 500-ə yaxın kitabın redaktoru olmuş, 100-dən artıq kitaba ön söz yazmış, şairlərin yaradıcılığını təhlil etmiş, həmçinin Sumqayıt və ətraf rayonlarda yaşayan qələm adamlarının əsərlərindən ibarət 15 almanax tərtib edib, nəşr etdirərək oxucuların ixtiyarına vermişdir.
Sonra torpaqlarımızın azadlığı uğrunda aparılan doyüşlərdə qəhrəmanlıqla şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sual-cavab formatında qurulan tədbirdə şairin qələm dostları – Əməkdar jurnalist Rəhman Orxan, Namiq Dəlidağlı, Firdovsi Cəfərxan, Nisə Heydərli, Sevinc Qərib, Sabir Yusifoğlu, Xatirə Fərəcli, Lilpar Cəmşidqızı, Qənirə Mehdixanlı, Zümrüd Baloğlanova, Rahilə veysəlli, Əlhəddin Cekli Paşayev, Süleyman Sərraf, Polad Sabirli, Gülvin Gülpinar, Güloğlan Dünya, Sübhan Arifoğlu, Şərbətəli Mahmudov, Cəbrayıl Topcaqlı və digərləri Rafiq Oday yaradıcılığına münasibət bildirmiş və onları maraqlandıran suallara cavab almışlar.
Aşıq Cəmil Aslanoğlu öz ifası ilə məclisə yeni rəng qatmış, bədii qiraət ustası Gülnarə Şöhrəddinqızının səsləndirdiyi şeirlər iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbirdə adları qeyd olunan məktəblərin şagirdlərinin Rafiq Odayın şeirləri əsasında təqdim etdikləri kompozisiyalar maraqla qarşılanmışdır.
Görüşdə həmçininin oxucuların çoxsaylı sualları cavablandırılmışdır.
Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ə.Rəsulzadə adına kitabxana filialının müdiri Ofelya xanım Qafarovaya şair və yazıçıların əsərlərinin təbliğinə və qələm adamlarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən Fəxri fərman təqdim olunmuşdur.
Uzun müddət iştirakçıların yaddaşından silinməyəcək tədbirin sonunda müəllif “Qərib ruhların nəğməsi” kitabını öz imzası ilə oxuculara bağışlamış və xatirə şəkilləri çəkilmişdir.

Mərcan Sabirqızı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: