“İradə Aytelə güvənmirəm!” – Emin Piri ilə İradə Aytelin söhbəti… (fotolar)

28-10-2019, 09:00
106

“İnsan ürəkdən yox, çiyinlərdən və dizlərdən sevir. Bütün ruhunla, inamınla, güvəninlə başını dizinə, çiyninə qoya bilirsənsə qadın odur”.
Emin Piri

Sözə dəyər verən oxucular, uzun müddətdir “Gənclərlə söhbət” layihəsi barədə düşünürdüm. Bu, ədəbi, siyasi çərçivələrdən kənar söhbətimdə sadəcə istedadlı gənclər iştirak edəcək. Və istedadına ən çox güvəndiyim gənclərdən ilk olaraq Emin Piri ilə danışmağı qərara aldım. Emin Piri müasir Azərbaycan Ədəbiyyatının tanınan simalarındandır əlbəttə. Zaman-zaman siz istedadlı, lakin tanınmayan, yeni imzalarla da tanışlığın şahidi olacaqsınız.
Ümid edirəm, vaxtınızı dəyərləndirməkdə yanılmaram…
Müharibə əliliydi babam,
aldığı təqaüdün qəpiklərini
gizlədərdi əlində.
“Tapın görüm, hansı əlimdədi?
Pul, tapanındı”
oynardı bizimlə.
Ancaq heç vaxt tapmadıq
qəpikləri hansı əlində gizlətdiyini.
görəsən, bilirdimi
biz bilirik
bir əlini müharibədə itirdiyini…

Emin Piri
 
-         Emin, “Gənclərlə söhbət” layihəsinin ilk qonağısan və aylar əvvəl başlamalı olduğumuz bu söhbət çox gecikdi. Biz niyə görüşə bilmirik?
-         Bəlkə də heç nə gecikməyib sadəcə biz tələsirik. Gecikmək və tələsmək də əslində nisbi məsələdir. Zamana və məkana görə dəyişir. Bilmirəm, ola bilsin, yanlış edirəm. Amma mütləq olan heç nə yoxdur. Görüşməyə gəldikdə isə mən aylardır, ədəbi mühitdən kimsəylə görüşmürəm. Son vaxtlar yalnız dost hesab etdiyim şəxslərlə bir neçə saatlıq görüşüm olub, vəssalam. Ədəbi mühitdə bir növ dərvişlik yolunu tutmuşam. Belə olduqda mühiti həm müşahidə qabiliyyətim çox olur, həm pis vərdişlərdən uzaq oluram, həm də yaradıcılığa, mütaliəyə daha çox zaman ayıra bilirəm.
-         Ədəbi mühitdə Emin Piri kimdir?
-         Piri var. Amma bəzi proseslərdən sonra bir neçə Emin. Bu insnaların yanaşmasıdır. Kimin nə düşünməsi məni narahat etmir. Sadəcə bəzi status və açıqlamlardan sonra bəziləri bilərəkdən qeyri-ciddi obraz yaratmağa çalışır və ya ən azından görməzdən gəlir. Bu insanlar kimlərdir? Haqqı olmadan haqq alanlar, ailəsinin adından istifdə edib ciblərdən pul yığanlar, araq pulu üçün hər cürü vicdansızlığa əl atanlar. Eyni zamanda istedadsız və müdiriylə münasibətinə görə belə yanaşanlar. İkinci tərəfə görəsə Emin Piri 180 dərəcə fərqlidir. Mənimçün dəyərlilər elə onlardır. Əslində həmişə istəmişəm həmişə düşmənlərim olsun. Bu halda ətalətdən yayınır, öz üzərimdə daha çox çalışır, daha mübariz oluram. Eyni zamanda bu məndə immunitet yaradır. Hər kəs sevəcəyi gün məhv olacağım gündür. Ona görə Tanrı məni çoxluğun sevgisindən qorusun.
-         Gəncliyini yaşaya bilirsənmi?
-          Öncələrə gəldikdə, yeniyetməlik və tələbəlik illərimdə gənclik yaşamamışam. Amma ədəbi mühitdən sonra bəli. Açığı deyərdim ki, milyonerin milyonlarla nail ola bilməyəcəyi gəncliyi yaşaya bilmişəm. Bu məsələdə narazılıq edə bilmərəm. İndini desək, bundan öncə söylədiyim kimi dərvişlik və nizamlı həyata keçmişəm. Dərvişlik dediksə daha çox pis vərdişlərdən, eyş işrət məclislərdən uzaqlığımı nəzərdə tuturam.
-         Sevişmək də eyş-işrət sayılır?
-         Sevmədiyinlə sevişmək eyş-işrətin bir növüdür.
-         Sevdiyinlə sevişmisən?
-         Sevdiyim qadınların şəxsi həyatını heç zaman bölüşmərəm. Buna görə də bu suala cavab verməməyimi məqbul bilin.
-         Ümumi deyə bilərsən. Sevdiyin və sevmədiyin qadınla sevişməyin fərqini bilmək maraqlıdır. Həm də Emin Pirinin baxış bucağında…
-         Mənə görə intim də kutsaldır. Mənafe olmadan olan yataq barədə sadəcə susmaq lazımdır. Hər halda, bir kərə də olsun sevmiş olan insan bunun fərqini hər kəsdən yaxşı bilir. Sadəcə onu deyə bilərəm ki, sevdiyinlə yataq seks deyil, ritualdır. Açığı mənə bu tip suallar ünvanlayırlar. Bu barədə danışmayacağıma söz vermişdim və etmirdim. Sadəcə bir-iki sualınızı cavabladım. İnanmıram ki, bundan sonra bu barədə nəsə cavablayam.
-         Emin, qadın necə olmalıdır?
-         İnsan ürəkdən yox, çiyinlərdən və dizlərdən sevir. Bütn ruhunla, inamınla, güvəninlə başını dizinə, çiyninə qoya bilirsənsə mənə görə qadın odur.
-         Qadın dostların çoxdu, kişi?
-         Hər kəs mənim dostumdur, eyni zamanda dostum yoxdur.Bunun fərqinə baxmamışam. Onu bilirəm ki, qadınlar arasında mərd, ləyaqətli tanışlar var. Eyni zamanda, kişilər arasında da.
-         Emin Piridə ən sevdiyin cəhət hansıdır?
-         Səmimi olmağım. İnadkarlığım bir də. Bəzən yeri gələndəı heç nədən qorxmamağım.
-         Bilirsənmi İradə Aytel səni çox sevir?
-         İradə Aytelin məni çox sevdiyinə inanıram. Amma İradə Aytelin özünə güvənmirəm. Ümumiyyətlə, hər kəsə qarşı beləyəm. Hamıya inanıram, amma kimsəyə güvənmirəm.
-         Güvənsiz yaşamaq çətin deyilmi?
-         Bəzən insanı incitsə də güclü edir. Bəzən bezirsən bundan. Şair demişkən bəzən zəifliyindən yox, güclü olmağından yıxılır  adam. Kimsəyə güvənmədikdə həyatda qalmağın tək yolu o odur ki, güclü olasan.Həmçinin güvənsizlikdə düşünürəm ki, mənim məndən başqa kimsəm yoxdur. Zəifliyimi kimsə bağışlamaycaq. Beləcə daxilində immunitet yaradırsan. Özünü güclü etməyə məhkum edirsən. Nəyisə kimsədən gözləmirsən. Yalnız nail olacağın şeylərə yalnız təkbaşına nail olmaq istəyirsən.
-         İxtisasca müəllimsən. Gənc yaraşıqlı müəllim. Şagirdlərin şeirlərini oxuyurmu?
-         Şagirdlərimi öz yaradıcılığımdan uzaq tuturam. Dərslərini oxusunlar. Məktəb bitirəndən sonra hansı istəsə dostca bölüşə, ədəbiyyat, yaradıcılıq haqqında danışa bilərik. Amma belə istəmirəm. Düzdü, indiyə kimi 10-15 şagirdimə kitabımı hədiyyə etmişəm. Amma bu kitab verməklə də bitib. Ümumiyyətlə, oxuyub oxumadıqları ilə də ilgilənməmişəm.
-         Bəzən deyirlər şeir yazmaq vergidir. Sən necə düşünürsən? Nədir şeir yazmaq?
-         İstedad hər kəsdə var. İstedad dediyimizsə enerjidir. indi baxır, kimin enerjisi azdır, kiminki çox. Və eyni zamanda kim enerjini düzgün xərcləyir və ya yönəldə bilir. Şeir həyatı yaşamağı və eyni zamanda dəqiq həyat müşahidəsi istəyir. Poeziyanın müəyyən dərəcədə genetik olduğunu düşünürəm.
-         Atadan oğula gələn poeziya deyəkmi sənin poeziyana?
-         Bir qədər bu da var. Amma mən Tanrıdan gəlmə daha çox adlandırardım( gülür).
-         danlayır özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.
Emin Piri yaradıcılığının ana xəttini müharibə mövzusunda yazdığı şeirlər təşkil edir. Bu, zamanımızla ayaqlaşsa da, müharibə mövzularına az yanaşılır. Yəni, müharibə başqalarının yaradıclığından sükutla keçir. Yalançı pafoslarıdan danışmıram. Nədən qaynaqlanır bu? Sanki Emin Piri dünyanın hər bir nöqtəsində cərəyan edən müharibənin içindədi?
-         Nə qədər qəddarca çıxsa da, məni üzsə də müharibələrə və faciələrə minnətdaram. Bir növ şeytan kimi onlardan bəhrələnirəm, onlar mənim qidamdır. Bəşəri söhbətləri milliləşdirir, milli məsələlərə bəşəri baxıram. Ona görə belə alınır.
-         İndi sevgilin yanında olsaydı və qulağına şeir pıçıldamaq istəsəydin, hansı şeirini deyərdin?
-         Heç zaman çap olunmamış, heç zaman çap etdirməyəcəyim şeirləri deyərdim. Mənim həmişə bir sevgilim var;  o da Tanrımdır. Ona deyəcəyim şeirlərisə əlbəttə kimsə bilməz.
-         Qadın anadır deyilir…
-         Anadır, bacıdır, övladdır, sevgilidir, həyat yoldaşıdır,öldükdə isə vətəndir…
-         Emin, səncə ailə həyatı sevgini böyüdür, ya kiçildir?
-         Səmimi sevgilərdə böyüdür, saxta, maskalanmış münasibətlərdə isə kiçildir.
-         Niyə evlənmirsən?
-         Güvənəcəyim, sevəcəyim birinin yolunu gözləyirəm.
-         Gecələr nə üçündü, ay Emin?
-         Gecələrə şairənə obrazlar qoşa bilərik. Amma və lakin sadəcə yer kürəsinin öz oxu ətrafında fırlanmasından başqa bir şey deyil. Biz öz təsəllimizə, hislərimizə, darıxmağımıza və.s bəhanələr, səbəblər tapa bilərik. Yalnız özümüzü aldatmaqla məşğuluq. Özünü aldatmaq xoşbəxt edirsə, o gözəl yalandır.
-         Onda qoy bir gözəl yalan da soruşum və həqiqət olacağına inanaraq cavab ver. Prezident olsaydın ilk nə edərdin?
-         İmperator olmağın yollarını arayardım…
-         Fikrin hey ucalarda olardı deyirsən. Lap ucada isə Allahdı oturan.  “Göydən lopa-lopa qar yağır, bəs niyə Allah yağmır” demişdin. Göydən Allah nə zaman yağacaq?
-         Bax, belə düşünək də, dünyada sərhədlər, müharibələr, din, irq ayrıseçkiliyi-varlı kasıb olmasa, Allah yerə enərmi? Mənim ruhuma həmişə Allah yağır. Lopa-lopa qar şəklində. O həmişə burda olub. bizimlə bərabər öz içimizdə. Yəni var olandan. Enməyini gözləməyə ehtiyac yoxdur. Zatən enib. Boşuna enməyini gözləməyə ehtiyac yoxdur.
-         Maraqlı cavab idi. Dövlətdən umacağın var? Daha doğrusu, hakimiyyətdən…
-         Bu barədə hələki danışmaq istəmirəm. Layiq olduğum yerdə olum,mənə bəs edər.
-         Mənə şeir deyərsən? Elə indi…
-         Səni sevməyin yanında
Yaşamaq heç nədi, heç nə!
Gərək səni sevəm,
Sevəm
Ürəyi şüşə qabda yox
Elə səndə olan divəm.
 
Adın da mürəkkəbdi,
adın dilimə dəyməz.
Özün demişdin axı,
Adam bəxtindən qaçıb
Gülləyə gələnə dəyməz.
 
Sərhədləri itirilmiş
Məmləkətin küncündəyəm.
Daha bu kağız ölkədə
Kiməm ki, kimdən inciyəm.
 
Sağımda sən,
Solumda sən.
De, nə qədərsən,
Neçəsən?!
Bəlkə o qədər sənlərdən
Birin mənimçün keçəsən…
-         Emin, sən ədəbiyyatda inandığım və güvəndiyim imzalardansan. Uğurlar arzulayıram. Bircə istəyim var, gələcəkdə, o zaman ki mən olmayacağam və sən ədəbiyyatı yaşadanlardan olacaqsan, bax, onda məni də xatırlayarsan. Gecən xeyirə qalsın!
-         Xeyirə qarşı, əzizim!
Gəl,
döy qapımı…
yolun uzaqdı bilirəm,
əziyyət çəkmə,
sizə gətirrəm
qapımı…
döy,
ürəyin döyünən qədər.
 
Yaşayıb güldürmədim
səni doyunca.
qoy,
ölüm…
doyunca ağladım səni.
 
Tanrım,
sənin də yanında
yalançı oldum,
göndərə bilmədim əmanətini.
sənə də can borcum qalıb,
nisyə dəftərinə yazarsan məni.
 
-         deyən şairlə – Emin Piri ilə söhbətim yeni-yeni istedadlı gənclərlə görüşə aparan yolda sonuna vardı. Hörmətlərimlə…
Söhbətə başladı: İradə Aytel


Mənbə: http://kultur.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: