Sevinc Həmzəyevanı doğum günü münasibətilə təbrik edirik! (29 oktyabr)

29-10-2019, 08:30
87


Sevgim özümdən böyükdü...

Nə içimdə boğa billəm
Nə içimdən qova billəm
Nə yenisin doğa billəm
Sevgim özümdən böyükdü...

Əritsə də gilə - gilə
Öldürsə də bilə - bilə
Çarə yoxdu innən belə
Sevgim özümdən böyükdü...

Alov kimi sarıb məni
Öz atımdan salıb məni
Yedeyinə alıb məni
Sevgim özümdən böyükdü...

Təpə - dırnaq əsiriyəm
Dəliyəm, sərsəriyəm
Təkcə onun xəstəsiyəm
Sevgim özümdən böyükdü...

Son ucunda sən varsan!

Daşmı bu, kəsəkmi bu?!
Oxmu bu, tikanmı bu?!
Dağdı bu, yarğandı bu.
Son ucunda sən varsan!

Çiçək çəmən xar olur
Şaxta olur, qar olur
Sənə yolum mar olur
Son ucunda sən varsan!

Dizin – dizin sürünürəm
Yollarına bürünürəm
Yağış kimi süzülürəm
Son ucunda sən varsan!

* * *

Kövrək xatirələrin üstünə getmə
Hələ üzərindən yel də keçməyib
Nə illər bacardı, işə yaradı
Nə də duyğuları ölüb bitməyib

Yenə həmin baxış, yenə həmin söz
Sənin gözlərindən süzülən sevgi
Yenə həmin nəğmə, yenə həmin köz
Qəlbimin telinə hörülən sevgi

Nə nəğməsi susub, nə şeiri bitib
Donub sükutunun pərdələrində
Yol çəkən gözümün kökündə itib
Yanır aram – aram sənin hicrində

 * * *

Səmanın gözünə bərq vurur
Mərmərənin üzünə səpilmiş
Almazlar...
Nazlanırmış kimi...
Gəmilərə dikilmiş ümidlər
Adalara aparan yollara sarılıb
Məsafənin azı – çoxu
Çatacaqmış kimi...
Suda üzən balıqlar
Ova çıxan qağayılar
Suyun üzündə
keşik çəkirmiş kimi
bir başqa havası var
İstanbulun
Bir başqa halı
Nəşəsi
Aşiq olubmuş kimi...



Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: