Eyni vergi cinayətini 2 dəfə törədən şəxs həbs olunub

30-10-2019, 01:00
93

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Bakı şəhərinin Qaradağ rayonunun Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən, fiziki şəxs Ağayev Davud Tofiq oğluna məxsus ərzaq mağazasında 412 ədəd saxta aksiz markalı, 20 ədəd aksiz markaları ilə markalanmamış alkoqollu içki və 978 qutu aksiz markasız tütün məmulatları aşkar olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs bundan əvvəl də eyni cinayət əməlini törədib. Belə ki, D.Ağayevə məxsus eyni təsərrüfat subyektində bu ilin iyulunda keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 268 ədəd aksiz markaları ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içki, 18 min 326 qutu tütün məmulatı, 14 ədəd saxta aksiz markaları ilə markalanmış alkoqollu içki, 105 ədəd aksiz markası ilə markalanmalı olan alkoqollu içkinin nağd qaydada alınması aşkar olunub, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin cinayət işi çərçivəsində istintaq hələ davam edir.
Beləliklə, iyulda başlanmış cinayət işinin istintaqının aparıldığı müddət ərzində eyni cinayət əməllərini təkrarən törətmiş D.Ağayev bu ilin oktyabrın 18-də şübhəli şəxs qismində tutulub, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2019-cu il 19 oktyabr tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və saxta aksizli malların satışı qanunvericiliklə qadağandır. Nazirlik belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Mənbə: https://azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: