İradə Aytel – “Vida nəğməsi”nin bitməyən ömrü

4-11-2019, 01:00
139



“Vida nəğməsi” adlı roman, povest, hekayələrdən ibarət kitab barədə düşündüklərim və Nüşabə Məmmədlinin bədii portreti…
Aynanın qarşısına keçirəm, saçlarımı onun saçları kimi yığıram: ortadan tağ edib, arxada dəstələyirəm. Yox, bənzəmirəm ona. Yenidən saçlarımı dağıdıram, daraqla sığal çəkirəm, bölürəm və arxada toplayıram. Bu, bir neçə dəfə təkrar edilir, nəhayət saçlarım eynən onun saçlarına bənzəyir. Sonra gözlərimə sürmə çəkirəm, bu dəfə də onun gözlərindəki işığa, nura, ucalığa, dərinliyə sahib ola bilmirəm. Və yenidən onun əksinə dəqiqələrlə baxıram, əmin oluram ki, Nüşabə xanıma bənzəmək qeyri-mümkündür. O, gözəlliyi, danışıq tərzi, saç düzümü, geyim mədəniyyəti, istedadı, hörməti, ucalığı, qadın məlahətinin cilası olan işvəsi ilə əvəzedilməz, təkraragəlməz birisidir, bütün bunlara sahib olmaq üçün elə Nüşabə Məmmədli olmaq lazımdır…
Nüşabə Əsəd Məmmədlini ilk nə zaman, harada gördüyümü xatırlamıram. Bircə onu bilirəm ki, ağlım kəsəndən, oxumağı bacarandan, oxuduğum əsərin müəllifini tanımaq cəhdim yaranandan bu böyük, nurlu  xanımın ziyası üzərimdədir. Və onu da dəqiq bilirəm ki, Nüşabə xanımı ilk olaraq Azərbaycanın fəxri, onur yeri, Gəncənin və gəncəlilərin tarixi söykənəcəyi olan “Cavad Xan” romanından tanıyıram.
Nüşabə Məmmədova Əsəd qızı Gəncədə doğulub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən “Novosti Gyandji” qəzetində fəaliyyətə başlayıb. Bir neçə kitabın, pyes və kino-ssenarinin müəllifidir. 1991-ci ildə Gəncə Dövlət Dram teatrında “Cavad xan” tarixi dramı tamaşaya qoyulub. Bir neçə peşəkar mükafata layiq görülüb, respublikanın «Əməkdar jurnalisti» adını alıb. 1997-ci ildə “Qadın hüquqlarını müdafiə” cəmiyyətinin Dilarə Əliyeva adına mükafatına layiq görülüb. Gəncə Jurnalist Assosiasiyasının sədri, Ümumdünya Qadın Jurnalistiəri təşkilatının üzvüdür. “Aeroport” pyesi Dövlət Televiziyasının hərbi-vətənpərvərlik mövzusunda keçirdiyi müsabiqənin qalibi olub. Xocalı soyqırımına həsr edilmiş “Haray” pyesi əsasında eyniadlı bədii film çəkilib. Nüşabə xanımın rəhbərliyi ilə “Tomris” Analar cəmiyyəti 1992-ci ildə yaranıb, həmin ilin aprelində Gəncə şəhər İcra Hakimiyyətində qeydə alınıb. “Tomris” öz hesabına Xocalı soyqırımına həsr olunmuş “Haray” bədii filmini çəkib.
Nüşabə Məmmədlinin əsərləri rus, ingilis, polyak, türk, gürcü, fars dillərinə tərcümə edilib.
“Vida nəğməsi” (roman, povest və hekayələr. “Nurlar” Nəşriyyatı və Poliqrafiya Mərkəzində çap olunub, 432 səhifədən ibarətdir) son dərəcə nəfis, keyfiyyətli tərtibatı ilə göz, oxunduqca isə könül oxşayır. Kitabda yer alan roman (“Cavad Xan”), povestlər (“Dairə”, “İlğım”, “Bir an”, “Vida nəğməsi”, “Lalə talası”, “Qürub”, “Bəyaz çoçəklərin rəqsi”) və hekayələr (“Alatoranlıq”, “Nar”, “Yaşıl otlar cücərir”, “Süleyman Peyğəmbərin padşahlığı”, “Həzrət Abbas ərizəsi”, “Payız tanqosu”, “Əkil-bəkil quş idi”, “İşıq”, “Özgə ömrü”, “Məktub”) ayrı-ayrı illərdə kitab halında çap olunsa da, yenidən müəllif qələminin süzgəcindən keçmişdir.
“Cavad Xan” romanında müəllif elimizin mərd, qəhrəman oğlu, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad Xanın və onunla bərabər, Gəncə əhalisinin bədii portretini çox məharətlə çizmişdir.
Sovet ideologiyası ilə yetişdirilən, lakin Sovet Azərbaycanı ziyalılarının çoxusunun düşündüklərinin tam əksini düşünən, doğruluq, rəşadət, yenilməzlik, müstəqillik, azadlıq, torpaq heysiyyatlı, az qala unudulan Türkçülük ideyalarını təbliğ edən, yolunu tapmaqda çətinlik çəkən  xalqı kökünə qaytarmaq uğrunda heç nədən barınmayan bu xanımdakı iç dünyanın  inikasını məhz “Cavad Xan” romanında görürük. Bu gün görürük, təəssüf ki, bu gün… Dünən göz yumurduq, görməkdən qorxurduq, bəzən də işimizə gəlirdi görməmək. Amma bu gün tam çılpaqlığı ilə görür və bu böyük ziyalının bütün bunları dünən necə yazdığına heyran qalırıq.
Roman beynəlmiləlçiliyi təbliğ, keçmişi unutdurmaq, gələcəyə kör-koranə addımlamaq üçün canfəşanlıq edən bir dönəmdə yazılıb. Buna baxmayaraq, Nüşabə xanım romanda Azərbaycanı sevməyən qüvvələrin iç üzünü elə ehmallıca açır ki, oxucu düşməninin haradan və necə gəldiyini görür, özünütanımağa cəhd edir. Yazıçı evimizə sığınan kiçik ermənilərlə bərabər, rus imperiyasının –  imperiyaya boyun əyən gürcü knyazlığının da əsil simasını göstərir.
Cavad Xanın həyatı barədə çox yazılıb və oxucular kifayət qədər məlumatlıdır. Romanın başqa bir özəlliyi əsrlər öncə baş verən hadisələrin zamanımızla ayaqlaşmasıdır. Bu sintez nasir üçün çox ağır əmək tələb edir. Əsil yazıçı odur ki, tarixin hansı dönəmini qələmə alırsa-alsın, orada öz zamanını göstərməyi bacarsın, zamanının əyriliklərini oxucuya çatdırsın. Romanda adi Gəncə sakininin dili ilə verilən təhkiyəyə diqqət edək: “A başına dönüm, bəyəm Vətən ancaq kasıb-kusub üçündür? Bunların insafı-mürvəti yoxdumu? Bir qalaq topun-tüfəngin qabağına niyə itələyirlər uşaqları? Qoy, əvvəl qırqovul, turac əti yeyənlər uşağını göndərsin davaya, sonra getsin kasıb balaları”. Tarix uzaq, zaman eyni, mətləb dəqiq…
Romana daxil edilən ibrətli kəlamlar, atalar sözləri, əfsanələr müəllifin folklorumuza olan bilgi və sevgisinin təzahürüdür:  “…Gəlin aynanın qabağında ulğun kimi hörüklərini açıb darayırmış. Bu halatda qayınatası nə iş üçünsə öyə gəlibmiş. Gəlin qayınatasını görəndə xəcalətdən az qalıb yerin altına girsin, tez üzünü o göydəki Tanrıya tutub yalvarıb: “Allah, səni and verirəm o birliyinə, məni bir quş elə, göyə uçurt, bir də mən qaynatamın üzünə çıxa bilmərəm, məni bu xəcalətdən qurtar”. Burada müəllif elimizə-obamıza, millətimizə məxsus olan abır-həyadan, namusdan, gəlin-qayınata arasındakı müqəddəs pərdədən söz açır, gələcək nəsillərin bu tərbiyədə böyüməsinə rəvac verir və heç bir nəsihət, tövsiyyə kimi bayağı priyomlardan istifadə etmir…
Cavad Xanın oğulları ilə yanaşı qızı da döyüşə atılır. Əlbəttə “aslanın erkəyi-dişisi olmaz”. Cavad Xan başqa Azərbaycan xanlarına minnətçi düşür – Vətən bölünməsin, xalqı əzilməsin deyə… Cavad Xan torpağı uğrunda canını, canından əziz övladlarını qurban verir… Və Cavad Xan Şəhid olur, düşmən Gəncəyə onun meyidi üzərindən keçir…
Bu yaxın tarix Bizim – Azərbaycanın elə bir şərəf səhifəsidir ki, bunu unutmaq özünü unutmaqdır. Elə bu yöndə də Nüşabə xanımın “Cavad Xan” romanı Azərbaycanın mənəvi sütunlarından biridir!
Bir haşiyə çıxım: Gəncədə rəsmilərin də iştirak etdiyi bir tədbirdə çıxışçı idim. Və çıxışımın sonunda bugünkü tarixin (o günkü) 20 May böyük sərkərdəmiz Cavad Xanın doğum günü olduğunu qeyd edərək, qürurumu izhar etdim. Zal çox etinasız yanaşdı mənim təbrikimə. Arxa masada əyləşən (o bütün tədbirlərdə belədir, ön masalara can atmaz, sıradan biri kimi sıradan bir yerdə əyləşər) Nüşabə Məmmədli ayağa qalxaraq məni alqışladı. Onun alqışından sonra zal da bu onurlu günə sevincini bildirdi.
…Roman bir də ona görə diqqətəlayiqdir ki, əsli-kökü qədim Gəncədən olan müəllif Gəncə əhalisinin həyat tərzi ilə yanaşı, şirin dilini, ləhcəsini də tarixin yaddaşına yazmağı bacarıb.
Romanda müəllifə aid aforizmlərə də rast gəlirik. Bu aforizmlər zaman-zaman atalar sözünə, müdrik kəlamlara çevrildikcə, Nüşabə Məmmədli qələminin böyüklüyü bir daha qabaracaq: “Qeyrət məsələsi həll olunan zaman güc nəzərə alınmaz”,  “ “Türklər birləşəndə savaşırlar”, “Şəhidlərin sayı artdıqca vay-şivən səsi azalır” və s…
“Bir an” povestində hadisələrin cərəyanı insan düşüncəsinin elə bir qatında dövr edir ki, oxucu haldan-hala düşür, lakin bunun fərqinə macal tapmadan yeni bir hadisəylə qarşılaşır. İlk baxışda adi bir həyat sürəci adlandırdığımız epizodların alt yapısında gizlənən mətləblər gözümüzü bərəldərək hadisənin içinə girmə cəhdimizlə nəticələnir. Sadə, sıradan, həm də tənha qadının – Əzizənin günlük həyat tərzi ilə başlayır əsər. Əzizə o qədər kimsəziz, o qədər tənhadır ki, hətta ölümü belə həyat tərzinə uyğun, sakitliklə qarşılamağa hazırdır: “Doğrudan da, əgər Əzizə bilsəydi ki, yəqin bir saatdan sonra öləcək, heç nə eləməzdi, yenə də durub qəhvə içərdi və oturub saatın əqrəblərinə tamaşa edərdi”. Dərzi Əzizənin bu tənha, kasıb, amma səliqəli odasında bir rəsm əsəri də var: Pikassonun “Tənha Qadın” əsəri. Elə buradaca oxucu Əzizənin əslində göründüyü kimi dərzi bir qadın olmadığını,özündə sirr gizlətdiyini anlayır…
Əzizənin ad günündə qapısına gələn qonaq əsərin xanım qəhrəmanı ilə yanaşı, oxucunu da sevinc göz yaşına qərq edir. Povestin ekspozisiyası başdan başa məchul bir nöqtədə birləşdikcə əsərə daha böyük maraq oyanır. Bu, müəllifin son dərəcə peşəkarlığını, hadisələri müşahidə ilə yanaşı, təfəkkür aynasından keçirdiyini, şaquli xətt üzərində yeriyən sujetin əslində neçə-neçə mətləblərə açılan qapıya nəzarətini, lakin bu qapıları məhz bir yola çıxarmaq qabiliyyətini göstərir. Povest həm də ona görə maraqlıdır ki, burada yer alan obrazlar ağla-qaraya, yaxşı ilə pisə ayrılmır. Obrazların xarakterini də çözmək oxucunun üzərinə buraxılır. Əzizənin tənha odasını işıqlandıran heykəltaraş Orxan əvvəl müsbət rolda sərgilənir, o Əzizəni bəyənir, onunla evlənir, övladları olur. Övladları olduqdan sonra Orxan tam şəkildə dəyişir, Əzizənin qaradinməzliyi, sadəliyi, incəsənətə olan “kor”baxışı Orxanda ikrah oyadır, Orxan hətta qonağın yanında Əzizəni təhqir etməkdən çəkinmir. Burada oxucu Orxana nifrət etsə də, başqa səhnələrdə müəllif onu yüksəltməyi bacarır. Və yaxud, əsərdə yer alan Gülnarə obrazına diqqət edək: Gülnarəni ilk başda pozğun həyat tərzi keçirən bir qadın kimi görsək də, sonda bu qadının əslində göründüyü kimi olmadığının şahidi oluruq. Adi bir ekspozisiya ilə həyata vəsiqə alan əsər çox gərgin razvyazkaya yön alır. Məşhur, gənc ikən vəfat etmiş bir bəstəkarın xatirəsinə kompozisiya hazırlamağa çalışan heykəltəraş Orxan, bu bəstəkarın iç dünyasını göstərmək arzusu ilə yaşayır. Onun iç dünyasını isə sevdiyi qadın – Əzizə Aydan olmadan çizməyin çox çətin olacağını anlayır, Əzizə Aydanın surətinə bələd olmadan bu əsəri yarada bilməyəcəyini dərk edir, Əzizə Aydanın surətinə ulaşmağa çalışır. Məlum olur ki, Orxanın zəngin iç dünyasına, gözəlliyinə, musiqi duyumuna, məlahətinə erişəmmədiyi Əzizə Aydan evindəki susqun qadındır, onun uzaqda aradığı xoşbəxtlik yanındadır…
Əsərin əvvəlində Dərzi Əzizə ilə sevinc göz yaşı axıdan oxucu sonda iç dünyası çölünə daşan Əzizə Aydanla qoşalaşıb o “bir an”ın göz yaşını tökür…. Əsər həm də ona görə çox dəyərlidir ki, müəllif  Hiroşima və Naqasakinin atom bombardmanından – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu nümunənin insanlığa vurduğu zərbədən də söz açır. Yazıçının dini, dili, milliyyəti insaniyyətinin arxasında qalmalıdır. Nüşabə xanım da məhz belə yazarlardandır. Türkü ucalardan uca tutan, Vətəninin bir daşını düşmənə verməyi özünə ar bilən, qəhrəman övladları ilə fəxr edən yazıçı, bəşəri ideyalarını da daim əsərlərinin baş tacı edir.
“Dairə” povesti də insanlıqdan bəhs edən bir əsərdir. Burada namuslu bir ailənin Sovet qayda-qanunları altında əzildiyi ustalıqla qələmə alınıb. Əsərin qəhrəmanı Səyyarə, Sovet Azərbaycanının “37”lər damğası altında əzilən nümayəndələrindəndir. O, “xalq düşməni” adı ilə işləmədiyi bir suçun qurbanı olaraq ömrünün 19 ilini dustaqxana divarları arasında keçirən bir atanın övladıdır.  Və bu damğalı atanın övladları da xoşbəxt olmaqdan məhrumdurlar…
Povestdə Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş fəlakətli nüvə qəzasından da söhbət açılır. Ümumiyyətlə, Nüşabə xanımın ən kiçik əsərini belə oxuyanda insan maariflənir, əsil ziyalı olan müəllifin öyrətmən məharətini üzərində hiss edir.
“İlğım” povesti bir nəsil şəcərəsinin taleyindən bəhs edir. Burada Azərbaycan bəylərbəyindən sovet Azərbaycanına keçid, Sovetin Azərbaycana gətirdiyi yeniliklər, irəliləmələr, geriləmələr çox məharətlə qələmə alınıb. Əsərdə təhsil sisteminə tutulan güzgüyə diqqət edək: “Qəbul imtahanları başladı. Qüsursuz yazıları dərs hissə müdiri bir kənara qoyurdu. Onların üzərində yenidən əməliyyat aparılırdı: eyni mürəkkəb tapıb, dəes hissə müdirinin öz əlləriylə “İ” hərfləri “a” edilirdi, əlavə vergüllər artırılıb, yazıya “2” qiymət veriliri”. Bu, Sovet dönəmindəki siyasətin kökü idi. Rüşvət alınır, savadsız kadrlar cəmiyyətə buraxılırdı. O “həkimlər” canımızı, o müəllimlər”beynimizi”, o “mühəndislər” qanımızı sorurdu.
Haşiyə: Yazımı qələmə aldığım bu günü – 24 sentyabrı ağır bir xəbərlə açdıq: kasıb balalarının ali təhsil almasında böyük liderimiz Elçibəydən sonra danılmaz əməyi olan Vurğun Əyyub əbədiyyətə qovuşdu. Yeri Cənnət olsun! Məhz Vurğun Əyyubların sayəsindəNüşabə Məmmədlini o zaman ən çox ağrıdan bir məsələ də həllini tapıb bu gün – kasıb balaları ali məktəblərdə təhsil alır.
 “Vida nəğməsi” 20 Yanvar hadisələri üzərində cərəyan etsə də,  olanlara maraqlı və fərqli yanaşması ilə yadda qalır. Müəllif bu fəxarət dolu tariximizə elə bədii priyomlarla giriş edir ki, oxucu heyrətlənməyə bilmir. Yanvar hadisələri bir qadının iztirabı, sənət adamlarının çətinlik dolu həyatı, müasir dövrümüzdə sənətə verilən dəyər üzərində dövr edir. Ümumiyyətlə, Nüşabə Əsəd Məmmədlinin bütün əsərlərində qadın taleyi, ana obrazı ön sırada yer tutur.
“Lalə talası” sujet xəttinə görə o biri əsərlərdən seçilir. Müəllif  eyniadlı əfsanədən rişələnən əsərdə Zərdüşt dədədən miras qalan Novruz adət-ənənəsindən söz açır. Bu girişdən sonra zamanımıza qarışan povest Kür-Araz qovşağı kimi daha güclü, daha axıcı olaraq davam edir. Məhvərdə isə Qarabağ dərdi dayanır, itirilən torpaqlar sıralanır sətirbə-sətir. Bu sıralanmada yurd-yuvasından qaçqın düşsə də, bu gün həyat tərzini şəhərə dəyişən, dünəninə boylanmaqdan belə çəkinənlər də kənarda qalmır. Çoxlarımızın söz açmağa qorxduğumuz bu mətləbdən də Nüşabə xanım danışır, “Ya Qarabağ, ya ölüm”, – deyənlər indi ev uğrunda, yaxşı məişət uğrunda mübarizə aparırlar”, deyir.
“Qürub” da müəllifin özünəməxsusluğu ilə oxucunu heyrətləndirən əsərlərindəndir. Əsərdə iki ailənin enişli-yoxuşlu həyat tarixi yer alıb. Burada hadisələr Azərbaycanın milli, mənəvi, ədəbi və bədii sərvtətlərinə xəyanətlə dövrələnsə də, başdan-başa bir məqsədə xidmət edir: ana-bala arasındakı qırılan, yaxud möhkəmliyini itirməyən (itirməyəcək) bağa. Müəllif burada övladını başqasına verən anaya haqq qazandırmağı (yaxud da qınamağı) oxucunun üzərinə buraxır.
“Qürub”da yaxın tarix boyunca bir neçə dəfə yurd-yuvasından didərgin salınan, əzab-əziyyətlərə, zillətlərə düçar olan Ahiska türklərinin də taleyindən bəhs edilir. Və bu müharibələrin, sərhədlərin, milli baxışların, dillərin, dinlərin, təbəqələrin qara kabus kimi insanlığa çökən zülməti arasında daha güclü bir zillət də var – Xərçəng! Dünyanı -zamanı bəmbəyaz şəkildə salnamə edən müəllif  insanları qətl edən bu “silahı” da unutmayıb. “Qürub”dakı baş qəhrəman Səmra (Gültəkin) xərçəng xəstəsidir. Və bu xəstəliyə “Azərbaycan” adlı gəminin bəmbəyaz işıqları qalib gəlir(?) (gələcək?!)!
“Məktub” hekayəsi “Çanaqqala savaşının yüz illiyinə həsr olunub və burada türk əsgərini yetişdirən türk qadınının, türk anasının ucalığından söz açılır. Ana oğlunun komandirinə deyir: “…Ana Vətənimiz – Türkiyə ölüm-dirim savaşına qalxıb, Vətənimizin taleyi həll olunur. Mən də balamın başına xına qoydum. Qurbanların başına xına qoymaq adətimizcədir. Qoy, böyük, əyilməz Türkiyə yaşasın! Analar oğulları doğurlar ki, Vətən qorunsun!” Burada Vətənın üzü Şəhid analarının saçları kimi ağarır, çiyinləri qəhrəmanlarımızın sinəsi kimi qabarır…
Ümumiyyətlə, kitabda yer alan hər bir hekayə öz sujet xəttinə, bədii tutumuna və məqsədinə görə Azərbaycan Ədəbiyyatında yeri olan (olacaq) əsərlərdir. Bu əsərləri oxuduqca ana, həkim, müəllim, aqronom, mühəndis, bəstəkar, rəqqasə, döyüşçü… Nüşabə Əsəd Məmmədliyə heyran qalmamaq olmur. Və Nüşabə Məmmədlinin əsərlərindən tədrisdə istifadə şagirdlərin milli qürurunda, şüurunda, təfəkküründə, nitqində, Azərbaycan tarixini daha dəqiq öyrənməsində, mətbəximizə, bölgəmizə bədii səyahətində, dini baxışlarında və ən nəhayət, bəşəri insan olmasında böyük rol oynayacaq.
P.S. Nüşabə Məmmədlinin bir özəlliyini də deyim, çox gözəl rəqs edir. O, rəqs edəndə (“Misri” aşıq havasının sədaları ilə) sanki bir mələk süzürfanilərin qarşısında. Bu gözəlliyin sehrinə düşmək sizə də nəsib olsun – elimin toy günündə!


Mənbə: http://kultur.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: