Altıncı Bayraq festivalına start verilib

5-11-2019, 13:30
44

9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən altıncı ənənəvi Bayraq festivalının açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə Gənclər və İdman Nazirliyinin rəhbərliyi, dövlət qurumlarının, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, qeyri-hökumət, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Altıncı Bayraq festivalı ölkəmizin bütün bölgələrində olduğu kimi Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də keçirilir.
Azərbaycanın tarixi bayraqları, Azərbaycan Demokratik Respublikası hökumətinin 24 iyun 1918-ci il tarixli qərarına əsasən Gəncədə qəbul edilmiş qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi al parçadan hazırlanmış Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı, həmçinin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmiş, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Sovetinin qəbul etdiyi “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı elan edilən müqəddəs bayrağımız hərbi qulluqçular tərəfindən salona gətirilib, Dövlət himni ifa edilib. 
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabrın “Dövlət Bayrağı günü” kimi qeyd edilməsi tarixinin əhəmiyyəti xüsusilə qeyd olunub.
Tədbirdə respublikanın  incəsənət xadimləri ilə yanaşı, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin orkestri “Bayrağım - varlığım, bəxtiyarlığım” adlı ədəbi-musiqili-xoreoqrafik kompozisiya ilə çıxış edib və festival iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Bir neçə gündən sonra yaşasaydı 25 yaşı tamam olacaq Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun obrazı canlandırılıb və onun vaxtilə xidmət etdiyi, Müdafiə nazirinin əmri ilə Azərbaycan Ordusunda ilk olaraq şəhidin adı verildiyi “Çingiz döyüş mövqeyi”ndən Vətən müdafiəçiləri vizual olaraq festival iştirakçılarını salamlayıblar.
Festivalın açılışına həsr olunmuş teatrlaşdırılmış mərasimin ssenari müəllifi və quruluşçu rejissoru Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbanidir.


Mənbə: https://mod.gov.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: