Prezident Administrasiyasının şöbə müdiri Ümumdünya İqtisadi Forumunun rəsmiləri ilə görüşüb

7-11-2019, 08:30
78

İsveçrəyə səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümumdünya İqtisadi Forumunun (WEF) Avropa və Avrasiya bölməsinin rəhbəri, WEF İcraiyyə Komitəsinin üzvü Martina Larkin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Hikmət Hacıyev Ümumdünya İqtisadi Forumunu Azərbaycan üçün vacib tərəfdaş kimi xarakterizə edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Forumun Davos illik görüşlərində mütəmadi iştirakının ölkəmizin bu təşkilatla əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsi olduğunu, WEF-in Qlobal Rəqabətlilik Hesabatına Azərbaycan hökuməti tərəfindən daim diqqət yetirildiyini qeyd edib.
Görüşdə Azərbaycan ilə Ümumdünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi arasında 2019-cu ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Davosa səfəri zamanı imzalanmış əməkdaşlıq müqaviləsinin həyata keçirilməsindən razılıq ifadə olunub, sazişin implementasiyasının müxtəlif aspektləri və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Görüşdə, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və geosiyasi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə 


Mənbə: https://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: