“Bayrağa, Vətənə, anda sədaqət” adlı vətənpərvərlik tədbiri keçirilib - VİDEO

7-11-2019, 13:30
44

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Bayrağa, Vətənə, anda sədaqət” adlı vətənpərvərlik tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı hərbi orkestrin müşayiəti ilə salona gətirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, ərazilərimizin bölünməzliyinin, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan Dövlət bayrağı haqqında ətraflı məlumat verib, Azərbaycanın tarixi bayraqları tədbir iştirakçılarına təqdim olunub. Bildirilib ki, ulu əcdadlarımız zaman-zaman bayrağa yer və göyü birləşdirən müqəddəs bir varlıq kimi baxmış, onu ən təmiz, pak, uca tutulan yerlərdə saxlamış, bayraqlar sancılan zirvələri, çadırları, iqamətgahları və qərargahları müqəddəs məkan bilmiş, həmişə bayrağa ehtiram göstərmiş, qarşısında səcdə etmiş, and içmiş, bayraq gətirilən mərasimlərdə onu ayaqda qarşılamışlar. Bu ənənə nəsildən-nəslə ötürülərək bu gün də yaşamaqdadır.
Azərbaycan əsgərinin digər dövlət rəmzləri kimi bayrağımıza da həmişə sədaqət nümayiş etdirdiyi, bu bayraq altında Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğu vurğulanıb.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanın Dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır. Azərbaycanın dövlət bayrağı müstəqil Azərbaycanın başının üstündə dalğalanır. Bu yüksəklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcək!” və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada da dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” fikirləri səsləndirilib.
Azərbaycan idmançılarının, eləcə də ordu idmançılarının olimpiadalarda, dünyanın bir çox mötəbər idman yarışlarında qalib olaraq Azərbaycanın Dövlət himnini səsləndirməsi, bayrağımızı qaldırması barədə  fəxrlə söhbət açılıb.
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Vətən darda olanda Azərbaycan xalqının bir nəfər kimi ayağa qalxdığını, hamının bir amal, bir məqsəd uğrunda birləşdiyini və əsgəri şərəf, şücaət, şöhrət rəmzi olan döyüş bayraqları altında savaş meydanlarına atıldığını qeyd edib. “Bayraq mənliyimizdir, varlığımızdır, kimliyimizdir, dövlətimizin müqəddəs rəmzlərindəndir və tapındığımız, inandığımız müqəddəs milli dəyərimizdir. Ürəyində bayraq sevgisi, Vətən sevgisi, dövlətə, xalqa sədaqət hissi olmayan şəxs heç vaxt vətənpərvər ola bilməz. Hər bir Azərbaycan vətəndaşı bayrağımızın ən uca zirvələrdə dalğalanmasına öz töhfəsini verməli, Azərbaycan naminə bu bayraq altında hər an mübarizəyə hazır olmalıdır”, - general deyib.
Aprel döyüşlərinin iştirakçısı general-mayor Bəkir Orucov çıxış edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ilk olaraq Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrə döyüş bayraqlarının təqdim olunmasını nəzərə çatdırıb.
General-mayor B.Orucov bildirib ki, 12 may 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80-ci ildönümünə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn Ali Baş Komandanımız qarnizonun şəxsi heyəti ilə də görüşüb və hərbi hissələrə təntənəli şəkildə döyüş bayraqlarını təqdim edib. Həmin döyüş bayraqlarını qəbul edən hərbi hissə komandirlərindən biri də məhz general B.Orucov olmuşdur. O, bu gün də həmin tarixi hadisəni fəxarət hissi ilə xatırlayıb.
Lələtəpə uğrunda döyüşləri yada salan general həmin gün Vətən müdafiəçilərinin sanki oda, atəşə dönərək döyüşə-döyüşə zirvəyə doğru necə can atdıqlarını, güllələr, mərmi atəşləri altında bayrağımızı azad edilmiş zirvəyə necə sancdıqları anın sevincini tədbir iştirakçıları ilə bölüşüb və bu bayrağın tezliklə işğal altında olan digər torpaqlarımızda da dalğalanacağına əminliyini bildirib.
Dövlət bayrağı gününə həsr olunmuş tədbirdə hərbi qulluqçular bu bayrağın daim Azərbaycanın başı üzərində əzəmətlə dalğalanması naminə dövlətimizin başçısının apardığı məqsədyönlü daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini və dəstəklədiklərini bəyan ediblər.
Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin hücum diplomatiyasına keçərək, dünyanın gözü qarşısında Ermənistanın siyasi-hərbi rəhbərliyinə, küçədən hakimiyyətə gəlmiş Nikol Paşinyanın sərsəm bəyanatlarına kəskin cavab verməsi və onu yerində oturtması Azərbaycan Ordusunun şəxsi heyətində də böyük ruh yüksəkliyi yaratdığı qeyd olunub.
Ali Baş Komandanın Rusiyanın məşhur “Kommersant” qəzetinə müsahibəsi zamanı dediyi “XXI əsr türk dünyası əsri olacaq!” kəlamı alqışlarla qarşılanıb. Bir millət, iki dövlətin bayraqları yanaşı salona gətirilib. Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi parad xatırlanıb. Azərbaycan və Türkiyə qardaşlığına, dostluğuna həsr olunmuş mahnılar ifa edilib.
Əməkdar mədəniyyət işçisi Solmaz Kosayevanın şəhid analarının dilindən etdiyi “Şəhidlər önündə əyilən bayraq tezliklə Şuşaya sancılmalıdır!” çağırışı tamaşaçılarda duyğulu anlar yaşatsa da, onlarda böyük qələbəyə inam hissini daha da artırıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin, eləcə də tanınmış incəsənət ustalarının iştirakı ilə bayrağa həsr olunmuş ədəbi, xoreoqrafik kompozisiyalar təqdim olunub, Azərbaycan bayrağını tərənnüm edən yeni mahnılar ifa edilib.
Tədbirdə Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahidin yazdığı “Uçuşa hazırıq” mahnısının təqdimatı olub. Azərbaycanın hərbi pilotlarına həsr olunmuş mahnı Elnur Məmmədovun ifasında maraqla qarşılanıb.
Vətənpərvərlik tədbirində qoşun növlərinin, Bakı Qarnizonundakı hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri bir daha Bayrağa, Vətənə, dövlətə, xalqa sonsuz sədaqətlərinin ifadə ediblər.


Mənbə: https://mod.gov.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: