Ceyhunə MEHMAN.Yeni şeirlər

8-11-2019, 06:00
42

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
Gündəlik Analitik İnformasiya Agentliyinin 
Gəncəbasar Bürosunun Rəhbəri

* * *

Niyə qayıtmısan, bilmirəm niyə,
Yeni istəyin nə, yeni arzun nə?
Niyə qarğıyırsan bu yerə, göyə,
Söylə, bu dünyaya etirazın nə?


Xaraba qoyduğun könül evimə,
Bilmirəm, çıxmağa yiyəmi gəldin?!
Mənə etdiklərin başqa surətdə,
Qarşına çıxmışdı deyəmi gəldin?!


Daha bir addım da yaxına gəlmə,
Sənə milyon illik uzağam, yadam.
Mən Tanrı deyiləm, Allah deyiləm,
Seni bağışlaya bilmirəm, adam!


* * *

Nə biləsən, ayrılığın səhəri,
Gizli-gizli pıçıldaşır yağışlar.
Nə biləsən,əgər geri qayıtsan,
Tanrı səni göz yaşıma bağışlar.


Nə biləsən,soyuyubdur göz yaşım
Yanağıma kədər yağır,qar düşür.
Gözlərimdə iki dünya qovuşur,
Dodağımda ölüm necə öpüşür.


Nə biləsən,səndən sonra hamının
Mənim ilə davası var,dərdi var.
Çoxdandir ki, taleyimin yükünü,
Daşıyammır ömür adlı nərdivan.


Nə biləsən, bu bitməyən əzablar
Ürəyimi ac qurd kimi yeyirlər.
Bənizimdə həsrətindi saralan,
Həkimlərim “qanazlığı” deyirlər.


Nə biləsən, mənəm səni unudan,
Sənsən məni hər gün bir az itirən.
Nə biləsən, gözlərimdən tökülüb,
Yavaş-yavaş külə dönür xatirən.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: