Xəyalə SEVİL.Yeni şeirlər

8-11-2019, 07:30
76

“Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Əllərim üşüyür

Mən özüm “ayrılaq” demişdim onda,
Mən özüm bilirdim belə olacaq.
Uçuq daxma kimi damır gözlərim,
Hələ nə olub ki, hələ olacaq.

Ağladım, gözümü dəniz etdim ki,
Mən sənin sevgini boğum, boğulmur.
Hər axşam gözümə düşən gecəyə
Həsrətin doğulur, yuxum doğulmur.

Soyunum gözümdən göz yaşlarımı,
Göndər ümidini geyim, barışaq.
Axı nə bəhanə tapım görəsən,
“Əllərim üşüyür” deyim, barışaq?

Yenə söykənməyə ürək tapmadım

Yenə söykənməyə ürək tapmadım,
Yenə əllərimə qucaqdı dizim.
Yolumuz nə zaman, necə kəsişdi?
Yolumuz nə zaman ayrıldı bizim?
Kimsən?
Səninləyəm!
Eheey! Kimsən sən?
Bu qədər doğmalıq içində ögey,
Bu qədər yaxınlıq içində uzaq.
Yad adam.
Ömrün divar qonşusu…
Ömrün küçə tanışı…
Evimdə nə işin var?!…


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: