Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

8-11-2019, 09:00
43


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru


Birməclisdə salam verdim birinə,
“Xoşuma gəlirsən, dost olaq”, dedi.
Nə dərdin, nə qəmin olsa çəkinmə,
“Dərdinə əlacı bir qılaq”, dedi.

Zəng eləyib hal-əhvalımı sordu,
Min cürə dil töküb özünü yordu,
Könlündə bir sevgi yuvası qurdu,
“Olma bu sevgidən gəl qıraq”, dedi.

Çox dinlədim bu dostumun səsini,
Könlümə tac olan xoş nəğməsini,
Dedim qoy vaxt çatıb verim dərsini,
“Vur sinəm üstünə bir oraq”, dedi.

Tale çox oynadı, vaxt da fırlandı,
Gördüm ki, hay çəkib göydə dayandı,
Dedim düş aşağı, ölmə amandı,
“Olum yollarına bir çıraq”, dedi.

Çox keçdi sınaqdan, yüz imtahandan,
Gördüm ki, canında qalmayıbdı can,
Hər gün şərbət içib eşqin qanından,
“Gəl bu məhəbbəti bir anaq”, dedi.

Axır dilə gəlib dedim ki, bəsdi,
Bu yalan vədlərin səbrimi kəsdi,
Sənin dediklərin bir quru səsdi,
“Qəflət yuxusundan oyanaq”, dedi.

Gördüm öhdəsindən gələ bilmirəm,
Bu eşqdən gəlibdir dilə, bilmirəm,
Vur öldür, neylim ki, ölə bilmirəm,
“Gəl eşqin oduna bir yanaq” –dedi.

Bağışla, yuxuna gələ bilməyib,
Yuxudan oyatdım səni bir təhər.
Yuxuda könlünü ala bilməyib,
Oxşamaq istədim səni bu səhər.

Bəlkə də yuxuna gəlsəydim səni,
Özünə ömürlük həsrət olardım.
Könlümə ən uzaq bilsəydim səni,
Özümə əbədi həsrət qalardım.

Vüsal nəğməsi

Bir gün məni alıb qolların üstə,
Aparıb gedəydin lap uzaqlara.
Bəxtimin qar basmış yolları üstə,
Əyninə vüsaldan geyəydin xara.
Nə yağış biləydik, nə qar, nə boran,
Donaydıq vüsalın isti donunda.
Eşqin havasına nə dağ, nə aran,
Bir vüsal nəğməsi olsa sonunda.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: