Sumqayıt

22-11-2019, 09:00
112


Sumqayıt — Azərbaycan Respublikasında respublika tabeli şəhər.
Əhalisinin sayına görə və sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhər.[6]
Şəhər Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Hacı Zeynalabdin və Corat qəsəbələri rayon tabeliyindədir.
Ərazisi 94.17 km², əhalisinin sayı 2018-ci il siyahında 326.020[7] nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 3.570 nəfər/km² təşkil edir.

"Sum qayıt" əfsanəsi[redaktəəsas redaktə]

Bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:
- Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!
Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:
- Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!

Tayfa adı ilə

Sumqayıt adı Rəşidəddin Fəzlullahın "Cami ət-təvarix" əsərində türk tayfaları arasında qeyd edilir. Həmin əsərdə Çingiz xan zamanında türk tayfalarının adları çəkilərkən Kunkqay və ya Sunkqayt (Khunkqait) tayfasının adı Qarait (Kirait), Cirkin, Sakait (Sakaut), Tumavut, İlbat, Nayman (Naiman), Yiti-i Tokluq, Tanqut və Unkut tayfaları arasında qeyd edilir.[8] Fəzlullah Rəşidəddin Cəmi ət-Təvarixdə türk əsilli tayfaların adları və haqlarında təsvir bölməsində yazır:
Monqollar dövründən sonra bu adı təqdim edən, hazırda monqol adlandırılan ancaq əslində adları monqol olmayan tayfalardan biri Saqait[K 1] tayfasıdır.[10] ...Tayciyut tayfası ilə Çingiz xan arasında çəkişmə və nifaq olduğu zaman bu tayfa Çingiz xanın tərəfini saxladı və onun qoşununa qatıldı: tarixdə onların da təsviri verilib. Ancaq nə o zaman, nə də indi bu tayfadan kimsə məlum deyil ki, möhtərəm və şöhrətli olsun.[9]
Türkiyə tarixçisi Ramazan Şeşen də, həmin əsərə istinad edərək Kunqayt tayfasının adını ayrı bir türk tayfası olaraq qeyd edir.[11] Böyük ehtimal bu ad iki tayfa adını ifadə edirdi. Kun və Qayi tayfaları Çingiz xandan əvvəl indiki Monqolustan ərazilərində məskunlaşmışdılar. Çin mənbələri onlar haqqında məlumat verir.[12] XI əsrin ortasında Kun və Kay (Qay/Qayi) tayfaları Kidanların hücumu qarşısında yurdlarını tərk edib Kimək adlanan İrtış ətrafında yaşayan türklərin ölkəsinə gəldilər. Bəzi Kun və Qay tayfası isə Sırdərya ətrafında məskunlaşan oğuz yurdlarını ələ keçirdilər. Alman şərşünas Cozef Marquart onlardan Qay tayfasını Osmanlıların ulu babaları hesab edib.[13] A.Z.V.Toqana görə, həmin qay qəbiləsi türk olub, qayıların çincə mənbələrdə keçən adıdır.[14]
Qazax tarixçi Sergey Axincanov "Qıpçaqlar" adlı əsərində "Qay", "Kun" tayfalarının etnik mənsubiyyəti haqqında geniş araşdırma apararaq onların Qıpçaqların ulu babaları olduğunu ortaya çıxardıb.[15] Türkmən əsilli sovet tarixçisi Sergey Aqacanov da "Oğuzlar" haqqındakı əsərində, Kun və Qay tayfalarının XI əsrdə Monqolustan və Şərqi Çindəki yurdlarını tərk edərək qərb istiqamətində hərəkət etdiklərini və Orta Asiyada yeni bir xalqlar köçünə səbəb olduqlarını qeyd edir.[16] Hər iki tayfanın köçü haqqında tarixi məlumatları toplayan Əkbər N.Nəcəf "Qaraxanlılar" adlı əsərində, bu tayfaların adlarının ərəbcə, qrabarca mənbələrdə çəkildiyini, Biruninin qay, kun tayalarını türk olaraq göstərdiyini vurğulayıb.[17]
Qayı və kunların birlikdə hərəkət etdikləri, daha sonra Xarəzmşahların və Monqol imperiyasın tərkibində yer aldıqları, 1230-cu ildə artıq Azərbaycanda bu adda məskunlaşmaların olduğu qeyd edilir.[18][19] Adın monqolca yazılışına diqqət etdiyimizdə Sumqayıt adının orjinal yazılışı Kun-qayt olub, bu da Kun və Qay və ya Qayıt tayfalarının birliyini ifadə edirdi. Böyük ehtimal Sumqayıt adı həmin tayfa birləşməsinin adını əks etdirirdi.
Semyon Bronevski 1823–cü ildə nəşr edilmiş "Qafqaz haqqında ən yeni coğrafi və tarixi xəbərlər" adlı kitabında yazır:
Bakı xanlığı demək olar ki, Abşeron yarımadasında yerləşir, şimalda Quba mülkü ilə sərhəddir ki, ondan Suqaytı çayı ilə ayrılır ...[20]

Sumqayıt çay

Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şimalda axan Sumqayıt çayla əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar "su qayıdan çay" demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da, məhz bu ifadədən gəlir.

Tarixi

Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb.
Böyük Britaniyada nəşr olunan "The York Herald" qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki,
"Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur, Tiflisdən isə İrəvana.

Sovet İttifaqı rəhbərliyi Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır. Lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi. Şəhərin tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi.[22] 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.
  • 1938-ci il – indiki İstilik Elektrik Stansiyasının yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlanır.
  • 1939-1940-cı illər – sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən Müharibəsinin başlanması ilə bütün tikinti işləri dayandırılır.
  • 1941-ci il – İES işə düşür və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanı verilir.
  • 1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi başlanır.
  • 1945-ci il – Sumqayıt kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
  • 1949-cu il – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilir. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
  • 1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
  • 1953-cü il – Marten sobalarında ilk polad əridilməsi.
  • 1955-ci il – Sumqayıt Alüminium Zavodu işə başladı.
  • 1957-1959-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
  • 1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
  • 1961-1968-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
  • 1970-1980-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.
  • 1988-ci il - Sumqayıtda ermənilər tərəfindən törədilən təxribat xarakterli qırğınlar.

Coğrafiyası


Sumqayıt inzibati rayonu Xəzər dənizi qərb sahili boyunca duzənlik sahədə yerləşir. İnzibati rayon ərazisi Abşeron yarımadası ərazisinin 9495 hektarını təşkil edir. Torpağı günəşli, iqlimi quru suptropik və yarımsəhradır. Küləkli günlərin sayı ildə 75, küləyin sürəti adətən 5–20 m/san təşkil edir. Şəhər ərazisindən Sumqayıt çayı axır. Çay əsasən suyunu dənizə çatdıra bilmir. Buna səbəb yarımsəhra və qumluq zonasında suyun süzülməsi (İnfiltirizasiya) hadisəsidir. Çay əsasən yağış suları az miqdarda qar və yeraltı suları ilə qidalanır .Ən böyük qolu Qozlu çayıdır. Çayın mənbəyi Dübrar dağıdır. Havanın ən aşağı tempuraturu -13 °C yanvar, ən isti tempraturu isə +40 °C avqust təşkil edir. Havanın illik orta tempraturu +14 °C təşkil edir. Yay fəsli torpaq örtüyünün tempraturu +60 °C qədər catır. Yağıntılar əsasən payız-qış-yaz aylarında düşür. Yay ayları quraq keçir. İl ərzində 247 mm yağıntı düşür. Ərazidə şimal (Xəzri) çox, cənub küləyi (Gilavar) isə az müşahidə edilir. Şəhərin cənubundan Samur-Abşeron kanalı axır. Kanal Ceyranbatan su anbarına tökülür. Ərazidə cöl heyvanları: tülkü, çaqqal, dovşan, canavar, ördək, göyərcin, sığırcın vardır.

Şəhərin baş planı


Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir. 1947-1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi[23].

Rəmzləri

Şəhərinin simvolu

Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə şəhərin simvoludur. 15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, göyərçin isə sülhün rəmzi olmaqla yanaşı qanadları o vaxt mövcud olan Sumqayıt stansiyası və dəniz istiqamətindədir. Sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmamışdır. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir (Şəkinski) (1920-2000).

Sumqayıtın gerbi

Sumqayıt şəhərinin yeni gerbi 22 iyul 2011-ci ildə şəhər aktivinin ilin birinci yarısında Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında təqdim olunmuşdur. Gerbin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş 50-yə yaxın eskiz mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilmişdir. Müzakirələr prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə təqdim edilmişdir. Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status əldə etmişdir. Təsdiq olunmuş gerbdə füruzə rəngi Sumqayıt şəhərinin dəniz sahili sularının rəngini, göy rəng səmanı, şəhərin simvollarından sayılan "Göyərçin" abidəsi isə Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir[24][25].


Mənbə: wikipedia.org

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: