Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktorlar Şurasının 2-ci iclası keçirilib

30-11-2019, 12:00
49



Noyabrın 29-da Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktorlar Şurasının 2-ci iclası keçirilib.
Görüşün keçirilməsində məqsəd peşə təhsili müəssisələrinin fəaliyyəti, rastlanan problemlərlə bağlı mütəmadi müzakirələrin aparılması və müvafiq qərarların qəbul olunmasıdır.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov iclasda çıxış edərək 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunan peşə təhsili müəssisələrinin əməkdaşlarını təbrik edib,  Fəxri Fərman və döş nişanlarını sahiblərinə təqdim edib.
İclasda iştirak edən peşə təhsili müəssisələrinin direktorları şuranın fəaliyyəti ilə bağlı təkliflər irəli sürüb, elektron sənəd qəbulu, publik hüquqi şəxs statusu, büdcədənkənar vəsaitlərin cəlb edilməsi, rəhbər və pedaqoji heyətin təlimlərə cəlb edilməsi, mövcud problemlər və onların həlli yollarına toxunublar.
İclasda növbəti tədris ili üzrə qarşıda duran əsas vəzifələr, yeni tədris planı, modul və kurikulumların tətbiqi, həmçinin digər məsələlər barədə təkliflər səsləndirilib. 
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində məşvərətçi orqan olaraq fəaliyyət göstərən Direktorlar Şurası agentlik və peşə təhsili müəssisələri arasında koordinasiyanın gücləndirilməsi, peşə təhsili üzrə tətbiqi nəzərdə tutulan normativ hüquqi sənəd və təlimatların hazırlanması, səmərəli müzakirələrin təşkili və peşə təhsili müəssisələrinin fəaliyyətinin optimallaşdırılması kimi məqamları tənzimləyir.


Mənbə: https://edu.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: