Cənubi Koreyanın ixracı ardıcıl 12 aydır azalır

2-12-2019, 06:00
95

Asiyada dördüncü böyük iqtisadiyyatına sahib olan Cənubi Koreyanın ixracı noyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azalaraq, 44,1 milyard ABŞ dollarına düşüb. Bununla da ölkənin ixracında azalma prosesinin ardıcıl davam etdiyi ayların sayı 12-yə çatıb.
AZƏRTAC Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyinin məlumatına əsasən xəbər verir ki, ixracın azalmasının əsas səbəbi Çin ilə ABŞ arasında müşahidə olunan ticarət mübahisələrinin dünya bazarında yaratdığı qeyri-müəyyənlik və ölkənin əsas ixrac məhsullarından olan çiplərin qiymətinin ucuzlaşmasıdır. Cənubi Koreyanın ixracının 15 faizini təmin edən yarımkeçiricilərin xaricə satışı 30,8 faiz, neft-kimya məhsullarının satışı 19 faiz, gəmi ixracı 62,1 faiz azalıb. Noyabrda Cənubi Koreyanın əsas ticarət tərəfdaşlarından olan Çinə ixracı 12,2 faiz, ABŞ-a 8,3 faiz, Yaponiyaya 10,9 faiz, ASEAN ölkələrinə isə 19,5 faiz azalıb.
Ötən ay ölkənin idxalında 13 faiz azalma qeydə alınıb. Cənubi Koreyanın xarici ticarətində müsbət saldo 3,37 milyard dollar təşkil etsə də, ötən illə müqayisədə bu rəqəm 27,8 faiz azalıb.
Bütün bunlara baxmayaq, hökumət ixracla bağlı ümidlidir. Ölkənin Ticarət, Sənaye və Enerji naziri Sunq Yun-mo bildirib ki, hökumət dekabr ayından başlayaraq ixracda azalmanın dayanacağına və artımın başlayacağına inanır. Cənubi Koreyanın mərkəzi bankı gələn il ölkənin ixracının 2,3 faiz çoxalacağını proqnozlaşdırır. Bank cari ildə ölkə iqtisadiyyatının ilkin proqnozdan 0,2 faiz az - 2 faiz səviyyəsində artacağını açıqlayıb. Bu, son 10 ilin ən aşağı artım göstəricisi ola bilər. Beynəlxalq Valyuta Fondu da Cənubi Koreya iqtisadiyyatının artımı ilə bağlı əvvəlki 2,6 faiz proqnozunu dəyişərək 2 faizə endirib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: