UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

4-12-2019, 15:30
28

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"






Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasının davamlı inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən dövlət idarəçiliyi texnologiyaları” mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa" Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər, Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə baş tutub.
"Dəyirmi masa"nı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar sahələrdə uğurlu inkişaf nümayiş etdirdiyini bildirib. Rektor bu uğurların kökündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu vurğulayıb.
Urxan Ələkbərov deyib ki, Azərbaycan Respublikası 2018-ci ildə bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran ölkədir. O, eyni ildə Davos Dünya İqtisadi Forumunda dünya ölkələrində davamlı inklüziv inkişafla bağlı durumun təhlil olunduğuna diqqət çəkib. Qeyd edib ki, bu təhlil əsasında hazırlanan hesabata görə, Azərbaycan Respublikası inklüziv cəmiyyətin formalaşdırılması və bu prosesin davamlılığının təmin olunması sahəsində əhəmiyyətli dərəcədə uğur qazanıb. Rektor diqqətə çatdırıb ki, nisbətən məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişaf indeksinin iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. Azərbaycanın inklüziv inkişaf sahəsində yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da mühüm xidmətləri var.
"Dəyirmi masa"da çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, təhsil sahəsində həyata keçirilən islahatlar beynəlxalq miqyasda da öz müsbət nəticələrini verməkdədir. “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatının nəticələrinə toxunan nazir müavini deyib ki, Azərbaycan təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən kateqoriyalar üzrə də xeyli irəliləyib.
Firudin Qurbanov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə əhəmiyyətli məqamları diqqətə çatdırıb. Nazir müavini deyib ki, Təhsil Nazirliyi Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi və maarifləndirmə işlərinin aparılması istiqamətində UNESCO-nun "Assosiativ məktəblər" şəbəkəsinə qoşulub, ümumtəhsil məktəblərində Dayanıqlı İnkişaf Məqsədlərinin öyrənilməsinə başlayıb, həmin məktəblər “Dünyanın ən böyük dərsi“ aksiyasına qoşulub. UNESCO-nun Baş Qərargahında Bakı Dövlət Universitetinin 100 illiyinin qeyd olunduğunu xatırladan Firudin Qurbanov qeyd edib ki, bu, BDU-nun beynəlxalq səviyyədə tanınması baxımından qürurverici hadisə kimi dəyərləndirilməlidir.
Firudin Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirindəki çıxışına diqqət çəkərək bildirib ki, dövlət başçısı təhsilin qarşısında duran əsas vəzifələrdən birinin ixtisaslar üzrə mütəxəssislərin hazırlanması olduğunu xüsusi vurğulayıb. Nazir müavini deyib ki, Təhsil Nazirliyi bununla bağlı Tədbirlər Planı hazırlayıb. "Bu istiqamətdə görüləcək işləri elə müəyyənləşdirməliyik ki,  gənclər ölkənin davamlı inkişafını təmin etsinlər".
"Dəyirmi masa"da Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycanın inkişafı, bu inkişafın təmin olunmasına yol açan texnologiyalar, dövlətimizin başçısının gerçəkləşdirdiyi islahatlar barədə danışıblar.


Mənbə: https://edu.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: