Azərbaycanda Könüllülərin 2-ci Həmrəylik Forumu keçirilib

7-12-2019, 13:00
137

 
Azərbaycanda Könüllülərin 2-ci Həmrəylik Forumu keçirilib

Dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Bu çərçivədə ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub.
Tədbir Dövlət himninin səsləndirilməsi və Azərbaycanda könüllülük hərəkatının inkişaf mərhələlərini əks etdirən videoçarxın nümayişi ilə başlanıb.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyətini diqqətə çatdırıb. Müxtəlif dövlət qurumlarında könüllülər hərəkatının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Dekabrın 1-9-da qeyd edilən könüllülük həftəsi çərçivəsində könüllülərin gördüyü işlərdən danışıb.
Forumda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin formalaşmasında və gələcəkdə səmərəli fəaliyyətlə məşğul ola bilmələrində könüllü kimi fəaliyyətlərinin müstəsna rol oynayacağına diqqət çəkib: “Könüllülük gənclərin gələcək fəaliyyətində onlara kömək olacaq keyfiyyətlər formalaşdırır. İlk növbədə, komanda mühitində işləmək və ünsiyyət bacarığını inkişaf etdirir. Dünyada aparılan  tədqiqatlar da göstərib ki, könüllülük fəaliyyəti ilə məşğul olanlar bu iki kompetensiya üzrə yüksək nəticələr göstərir”.
Nazir müavini ölkə Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyində çıxışı zamanı təhsilin və gənclərin qarşısına qoyduğu vəzifələri xüsusi vurğulayıb: “Gələcəkdə ehtiyac olacaq ixtisaslara hazır olmaq üçün gənclər bir çox bacarıqlarını inkişaf etdirməlidirlər. Məhz könüllülük fəaliyyəti imkan verəcək ki, gələcəkdə özünüzə layiqli yer tuta biləsiniz”.
Könüllülük fəaliyyətinə, gənclər siyasətinə Azərbaycanda çox böyük önəm verildiyini deyən F.Qurbanovun fikrincə, dövlətin diqqəti və qayğısı sayəsində könüllülər bütün sahələrdə, o cümlədən təhsil sahəsində fəal iştirak edirlər. Təhsildə “Bir” Könüllü platformasında uğurla davam edən bu fəaliyyət artıq 23 min tələbəni əhatə edir.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov könüllülük fəaliyyətinin təşkilindən, bu fəaliyyətin genişlənməsindən danışıblar.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai BMT Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə müraciətini oxuyub. 
Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və il ərzində fəallıq nümayiş etdirən könüllülərin mükafatlandırılması, həmçinin beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib.
Sonda rəsmi qonaqlar və könüllü təşkilatların təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər.


Mənbə: https://edu.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: