Ədəbiyyat İnstitutunda İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirildi

13-12-2019, 10:30
139

Ədəbiyyat İnstitutunda İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirildi

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında verdiyi Sərəncamlara uyğun olaraq İnstitutun həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində elmi-nəzəri seminar keçirilib. Seminarda hürufizmin tanınmış tədqiqatçılarından olan Oman Sultan Qabus Universitetinin professoru Fatih Usluerin “Hürufi qaynaqlarında Seyid Nəsimi” mövzusunda məruzəsi dinlənilib.
Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı açaraq “Ey Nəsimi, cahanı tutdu sözün…” II Beynəlxalq elmi konfransın tərkib hissəsi olan həmin seminar üçün dəvəti qəbul edib gəldiyinə görə professor Fatih Usluerə təşəkkürünü bildirib.
Türkiyəli alim Fatih Usluer “Hürufi qaynaqlarında Seyid Nəsimi” adlı məruzəsində Nəsiminin hürufiliyə nə zaman gəlməsi, Fəzlullah Nəimi ilə nə vaxt və harada tanış olması ehtimallarına da münasibət bildirib. Onların ilk görüşlərinin 1386-1387-ci illərdə Təbrizdə olması ehtimalını irəli sürsə də, Bakıda görüşdüklərini də inkar etmir. Hətta Nəsiminin hürufiliyə 1394-cu ildə, Nəimin edamından sonra gəlmə ehtimallarını da diqqətə çatdırıb.
Seminarda Ədəbiyyat İnstitutunun alimlərindən filologiya elmləri doktorları Rəhim Əliyev, İmamverdi Həmidov, Fəridə Əzizova, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, doktorant Şəmsurə İsmayılova və başqalarının mövzu ilə bağlı sualları da cavablandırılıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsi


Mənbə: http://edebiyyat-az.com/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: