Naxçıvanlı alimlər sənayedə geniş istifadə edilən sürmə metallar alınmasına nail olublar

18-12-2019, 01:00
153

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları tərəfindən Darıdağ sürmə filizindən sürmə metallar alınıb.
Bölmənin İnformasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, narınlaşdırılmış filizin qələvi məhlulu (natrium və ya kalium hidroksid) ilə işlənməsindən alınan maddə süzülərək qalıqdan ayrılıb. Süzüntünün müxtəlif reduksiyaedicilərlə işlənməsindən əldə edilən tozşəkilli qara rəngli amorf sürmə 1073-1173K temperaturda əridilib və təmiz metallik sürmə alınıb.
Müxtəlif xassəli bu materiallar maşın və mexanizmlər üçün akkumulyatorların, xüsusi xassəli poladların, mətbəə şiriftlərinin, elektrik kabel örtüklərinin, turşuya davamlı boruların istehsalında və hərbi sənayedə geniş istifadə edilir. Amorf sürmənin özündən isə kosmetik vasitə kimi istifadə edilən koxl və kajal adlı məhsulların hazırlanmasında, eyni zamanda, gözlərin müalicəsində tətbiq olunur. Darıdağ sürmə filizinin tərkibi, təqribən 50 faiz antimonitdən (sürmə (III) sulfiddən), 20 faiz sürmə oksiddən və digər qarışıqlardan ibarətdir.
Tədqiqatların davamı kimi, sürmənin süzüntüsündən ikinci məhsul olaraq natrium almünium zəyi alınıb. Bu kimyəvi məhsuldan əsasən sənaye sularının təmizlənməsində, tərəvəz, meyvə, eləcə də balıq əti konservlərinin hazırlanmasında konservant, tibbdə qankəsici və damaryandırıc kimi istifadə edilir. Həmçinin parçaların boyamasında, kağız məmulatlarının yapışdırılmasında, dəri və xəzlərin aşılanmasında işlədilir.


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: