Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı keçirilən fotomüsabiqənin əhatə dairəsi genişləndirilir

18-12-2019, 05:00
213

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Formula 1 dünya çempionatının 70 illiyi və bu mötəbər yarışın Azərbaycanda təşkilinin 5 illiyi münasibətilə keçirdiyi fotomüsabiqədə artıq istənilən fotoqraf iştirak edə bilər.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, bu dəyişikliyə müsabiqəyə kütləvi informasiya vasitələrində çalışmayan fotoqraflardan Əməliyyat Şirkətinin ünvanına gələn çoxsaylı müraciətlər səbəb olub. BŞH artan rəqabəti nəzərə alaraq müsabiqənin daha səmərəli şəkildə baş tutması üçün əvvəl elan etdiyi qaydalara daha bir neçəsini əlavə edib. Müsabiqənin müddəti yanvarın 31-dək uzadılıb.
Müsabiqəyə qatılmaq istəyənlər hazırladığı fotoları elektron formada media@bakugp.az e-mail ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.
Müsabiqədə istənilən fotoqraf iştirak edə bilər. Bakıda keçirilən Formula 1 yarışları zamanı çəkilməli olan fotoşəkillər iki kateqoriyada - trek üzərində və trek ətrafında (axşam konsertlərindən çəkilən şəkillər qəbul olunmur) olmaqla qəbul edilir. Hər bir fotoqraf müsabiqəyə iki kateqoriya üzrə birlikdə ən çox 4 foto təqdim edə bilər. Fotolar rəngli və ya ağ-qara şəkildə rəqəmsal formatda təqdim edilməlidir.
Təqdim edilən fotolar müəllifə məxsus olmalıdır. Lazım gəldikdə fotonun orijinal nüsxəsininin təqdim edilməsi istənilə bilər. Başqa bir şəxsə aid olan və ya internetdən yüklənilən fotoların yollanılması qəti qadağandır. Fotonun üzərində heç bir ad, simvol, loqo və ya nişan olmamalıdır. Belə olduğu təqdirdə fotolar müsabiqəyə qəbul edilməyəcəkdir.
Hər kateqoriya üzrə bir qalib seçiləcək və hər iki kateqoriya üzrə ilk üçlükdə yer alan fotoların müəllifləri mükafatlandırılacaqlar.


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: