Prezident Vladimir Zelenski Bakı Slavyan Universitetində Ukrayna Tədris-Mədəniyyət Mərkəzi ilə tanış olub

18-12-2019, 07:00
203

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya dekabrın 17-də Bakı Slavyan Universitetində fəaliyyət göstərən Ukrayna Tədris-Mədəniyyət Mərkəzi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru Nurlana Əliyeva və mərkəzin müdiri Lesya Kərimova Prezident Vladimir Zelenskiyə və xanımı Yelena Zelenskayaya burada yaradılan şəraitlə bağlı məlumat verdilər.
Bildirildi ki, universitetdə 2001-ci ildə yaradılan Ukrayna Tədris-Mədəniyyət Mərkəzi ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verməkdədir. Mərkəz Azərbaycanda Ukrayna mədəniyyətinin təbliğində mühüm rol oynayır. Mərkəzin bazasında ukraynaşünas tələbələr Ukrayna dili və ədəbiyyatını öyrənirlər. Burada, həmçinin müxtəlif mədəni-kütləvi tədbirlər, Ukrayna tarixi və mədəniyyəti ilə bağlı yubiley gecələri keçirilir. Tədris-Mədəniyyət Mərkəzinin nəzdində yaradılan “Slavyanoçka” ansamblı Ukrayna səfirliyinin və Bakı Slavyan Universitetinin təşkil etdiyi müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirak edir.
Rektor Nurlana Əliyeva qeyd edib ki, mərkəzdə Ukrayna və Azərbaycanın mədəni irsinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır. Mərkəz Ukraynanın ölkəmizdəki səfirliyi, Ukraynanın Azərbaycan diasporu və Ukraynanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Sonra “Slavyanoçka” ansamblı Ukrayna dilində mahnılar səsləndirdi.
Daha sonra Prezident Vladimir Zelenski və birinci xanım Yelena Zelenskaya Ukrayna diasporunun nümayəndələri ilə görüşdülər.
Diaspor nümayəndələri Azərbaycandakı fəaliyyətləri haqqında Prezidentə məlumat verdilər. Diasporun fəaliyyətini yüksək qiymətləndirən Vladimir Zelenski yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə etdi.


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: