GƏNC NƏSLƏ ÖRNƏK ÖMÜR YOLU

20-12-2019, 12:00
163


Əziz dostumuz, dəyərli ziyalımız Şərbətəli Mahmudovun (Şərbət Əli Ümrə) 80 illik yubileyinin asta­nasındayıq. Bir neçə aydan sonra, bir az da dəqiq desək, Novruz bayramı qapımızı döyəndə, baharın ilıq nəfəsi ruhumuzu oxşayanda dostlarla, əzizlərlə bir araya gəlib dəyərli ağsaqqalımızın yubileyini təntənə ilə qeyd edəcəyik.
Mən bu yazımda Şərbətəli müəllimin bədii yaradıcılığın­dan daha çox keçdiyi şərəfli ömür yolundan, bir şəxsiyyət olaraq yüksək insani xüsusiyyətlərindən danışmaq niyyə­tindəyəm. Çünki mən bundan öncə Şərbətəli Ümrənin iki kitabına - “Ömrün qürub çağı” və “Hər çiçəkdən bir ləçək” kitablarına redaktorluq etmiş, bunlardan birinə isə geniş ön söz yazmaqla yaradıcılığına işıq tutmuşam.
Əlimizdə olan bu kitab – “Ömrün səksəninci baharı” Şər­bətəli Ümrənin sayca beşinci kitabıdır. Bu da o demək­dir ki, dəyərli oxucular Şərbətəli müəllimin yaradıcılığına azdan-çoxdan bələddirlər. İnsani keyfiyyətlərindən isə yalnız və yalnız ona yaxın olanlar xəbərdardırlar. Məhz bu baxım­dan mən Şərbətəli müəllimin bir və­təndaş olaraq, bir pedaqoq olaraq, bir ziyalı olaraq və nəhayətdə, bir insan olaraq keçdiyi ömür yolundan oxucu­lara söhbət açmaq istəyirəm.
Şərbətəli Qardaşəli oğlu Mahmudov hazırda Ağbaş kən­dində yaşasa da, 1940-cı ildə Şabran (Dəvəçi) rayonunun Çaraq kəndində dünyaya göz açıb. Onda ikinci dünya mü­haribəsi başlasa da, heç kimin ağlına gəlməzdi ki, bir ildən sonra “Böyük Vətən“ dediyimiz SSRİ də bu müharibəyə cəlb olunacaq və Azərbaycanın rayon və kəndlərinin bütün başı­pa­paqlıları zor-xoş bu müharibəyə səfərbər olunacaq. O cümlədən də hələ iki yaşı tamam olmamış Şərbətəlinin atası Qardaşəli kişi də, iki əmisi də... Və bir daha geri qayıtma­ya­caqlar.
...Mən əminəm ki, Şərbətəli müəllimin zəhmətkeşliyinin kökündə ilk növbədə bu faktor dayanır. Müharibənin bəxş etdiyi ağrı-acılar, müharibədən geri qayıtmayan atalar, babalar, əmilər, dayılar, bir ovuc buğda, arpa üçün gecə-gündüz qara qul kimi çalışmaq və nəyin bahasına olursa olsun sağ qala bilmək. Bu sadaladıqlarım Şərbətəli Mah­mu­dovun uşaqlıq və gənclik həyatından qara xətt kimi keçib.
Bu qədər ağrı-acının içindən sıyrılıb çıxa bilmək, çıxıb da sağ qala bilmək bir qəhrəmanlıq idi o dövr üçün. Bunun üstünə öncə texnikumda oxumağı, sonra da ali təhsil alaraq düz 51 il gələcəyimiz adlandırdığımız uşaqların təlim-tərbi­yəsi ilə məş­ğul olmağı, özü də bu işi şərəflə, vicdanla sevə-sevə gör­mə­yi gəlsək, görərik ki, bu ikiqat qəhrəmanlıqdır. Bu, Şərbətəli Mahmudovun müsbət xüsusiyyətlərinin birinci və ən önəmli tərəfidir.
Gələk ikinci tərəfə.
Şərbətəli müəllim ömür-gün yoldaşı Fəzilə xanımla 10 övlad - 7 qız, 3 oğlan böyüdüb boya-başa çatdırıblar. Oğ­lanları hələ bir kənara qoyaq. 7 qız böyüdüb təlim-tər­biyə vermək, hamısının təhsil almasına imkan yaratmaq, işlə təmin olunmaları üçün əlindən dələni əsirgəməmək, hər birinə el adətincə toy edərək isti yurd-yuvalarına kö­çürmək, bu gün də eyni sevgi və sayğını nəvə və nəticələrə göstər­mək hər adama nəsib olan xoşbəxtlik deyil. Müqəddəs ki­ta­bımızda yazıldığı, həm də həzrəti Peyğəmbərimizin buyur­duğu kimi, üç qız övladı böyüdüb boya-başa çatdıran, on­ların təhsil almalarına şəraət yaradan, gəlin köçürüb xoş­bəxtlik diləyən valideynlər cənnəti hələ sağ ikən, elə bu dünyada qazanırlar. İndi görün əgər bu say 7 rəqəmi ilə ifadə olunursa, onda Şərbətəli müəllimin və həyat yolda­şının məqamı hansı dərəcədədir.
Digər tərəfdən Şərbətəli müəllim iman əhlidir. Həm vic­danı qarşısında, həm də külli-aləmin yaradıcısı olan böyük Allah qarşısında alnıaçıq, üzüağdır. İbadətində intizamlıdır, dili dualıdır. Xeyirxahdır, mərhəmətlidir, ürəyi rəhimlidir, qəl­bi insanlara və insanlığa sevgi hissi ilə döyünür. İmkanları çərçivəsində hər kəsə dəstək olmağa, yaxşılıq etməyə çalı­şır. Qonaqpərvərdir, qapısını açdınmı, sanki dünyanı bağışla­yır­san ona. Özü də, ömür-gün yoldaşı da pərvanə kimi başına dolanır, ən mötəbər yerdə əyləşdirir, ən ləziz təam­ları süfrəyə gətirməyə çalışırlar. Hələ həyat yoldaşı Fəzilə xa­nım Tayfur qızı, sanki bir mələkdi, göydən enib. Adam, sö­zün yaxşı mənasında, bu cütlüyə həsəd aparır və ilk ürə­yindən də keçən bu olur ki, kaş, Azərbaycanımızda bü­tün ailələr belə mehriban, belə səmimi, belə qonaqpərvər, belə insan­lıq nümunəsi ola...
...Şərbətəli müəllimin üç kitabı “Şərbətəli Mahmudov” im­zası ilə nəşr olunub. Müqəddəs Məkkəyə səfər edəndən, Ümrə ziyarətini həyata keçirəndən sonra isə, bunu təxəl­lü­sündə daşımağa qərar verdi və son iki kitabını biz “Şərbət Əli Ümrə” imzası ilə çapa hazırladıq. Bu, Şərbətəli müəllimin di­ninə bağlılığının, Allahına sonsuz sevgisinin göstəricisidir.
Yuxarıda da qeyd etdiyim kimi, qarşıdan Şərbətəli müəl­limin 80 illik yubileyi gəlir. Şərəflə, qürurla yaşanmış səksən il. Şərbətəli müəllim bu gün də eyni həvəslə, gənclik eşqi ilə yazıb-yaradır. Bizimlə bir arada, bir sıradadır. Tez-tez görü­şürük, tədbirlərimizdə böyük həvəslə iştirak edir, gü­cü­nü, ilhamını da dostlarından alır. Mən belə qərara gəldim ki, ya­zımın sonunda Şərbətəli müəllimin - dostum, qardaşım, urvatlı şair Şərbət Əli Ümrənin səksən illik yubileyini bir neçə bəndlik şeirlə təbrik edim və ona sağlam can, prob­lemsiz ömür-gün, yeni yaradıcılıq uğurları arzulayım.

Bu bağça, bu da güllər,
Ək, sənindi, qardaşım.
Sonra da qayğısını
Çək, sənindi, qardaşım.

Hələ çox şey öndədi,
Aylar ilə kündədi.
Hamı eyni dindədi,
TƏK - sənindi, qardaşım.

Dedin dost ol, dost tanı,
Dosta fəda dost canı.
Biz o ərkin ünvanı,
Ərk sənindi, qardaşım.

Sarmasın könlünü ah,
Qəlbin tanımır günah.
Çox şükür, bu gün-sabah,
Səksənindi, qardaşım.

Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
Respublikanın Əməkdar jurnalisti,
şair, publisist.


Mənbə: http://gundelik.info/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: