Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb

21-12-2019, 00:00
137

Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə Qaydalara” əsasən toxum və ting istehsalçılarına sertifikatlı toxum və tingə görə subsidiyanın verilməsi prosesi yekunlaşıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar nazirliyin müvafiq əmri ilə yaradılmış Ekspert Şurasında rayon-şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxılıb.
Ekspert Şurasının qərarı ilə taxıl toxumu (buğda, arpa) istehsalçılarına 6 milyon 83,7 min manat, kartof toxumu istehsalçılarına 920,5 min manat, yonca toxumu istehsalçılarına 161,2 min manat, meyvə tingi istehsalçılarına 88,8 min manat, qarğıdalı toxumu istehsalçılarına 48 min manat, noxud toxumu istehsalçılarına 16 min manat, çay tingi istehsalçılarına 70,7 min manat, tərəvəz toxumu istehsalçılarına 23,8 min manat, pambıq toxumu istehsalçılarına 12,1 min manat, ümumilikdə isə 7 milyon 425,1 min manat vəsait ödənilməsi barədə qərar qəbul edilib.
Şəffaflığın təmin olunması məqsədilə toxumçuluq subyektləri subsidiyanı “Kapital Bank” ASC-nin rayon filiallarından plastik kart vasitəsilə əldə edə bilərlər.
Ödənilmiş subsidiyalar barədə ətraflı məlumatlar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsində (www.axa.gov.az) yerləşdiriləcək.


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: