Aİ vətəndaşları üçün süni intellektə dair pulsuz onlayn-kurslar təşkil ediləcək

21-12-2019, 03:30
144

Finlandiya Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlarına süni intellektə dair pulsuz onlayn-kurslardan keçməyi təklif edir.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, Milad bayramı ərəfəsində Aİ ölkələrinə hədiyyə kimi təqdim edilən bu kurslar Finlandiyanın Aİ-də sədrliyinin sonuna həsr edilib və yalnız Avropa İttifaqı vətəndaşları üçün nəzərdə tutulub.
Finlandiya hökumətinin Helsinki Universiteti ilə birlikdə işləyib hazırladığı bu layihə 2021-ci ilə qədər davam edəcək. Onlayn-kurslar cəmiyyətin durmadan rəqəmsallaşmasından və əmək bazarında süni intellektin insanlara təklif etdiyi imkanlardan faydalanmaqda Aİ ölkələrinə kömək etməlidir. Kurs süni intellektin elementar konsepsiyalarını praktikada əhatə edir, lakin kodlaşdırma kimi mürəkkəb məsələlərin dərinliyinə getmir.
Hazırda layihə fin, ingilis, İsveç və eston dillərində istifadəyə verilib. Lakin layihənin yaradıcıları əmin edirlər ki, o, Aİ-yə daxil olan bütün ölkələrin dillərində təqdim ediləcək.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: