DÖRD BACININ BİR QARDAŞI və yaxud EL ÜÇÜN DÖYÜNƏN ÜRƏK

24-12-2019, 17:40
112


DÖRD BACININ BİR QARDAŞI

və yaxud

EL ÜÇÜN DÖYÜNƏN ÜRƏK



Cəbrayıl rayonunun Arazboyu kəndlərindən üç kənd daha çox diqqəti cəlb edir. Birinci kənd Acıkeykalı, ikinci kənd Araz Maşanlı, üçüncü kənd isə Hasanlı adlanır. Bu kəndlərə “Üçqardaş” kəndləri deyirdilər. Hələ bineyi-qədimdən Xan Araza söykənən bu  kəndlər Xan Arazın şırıltısı – laylası ilə yatıb, laylası ilə oyanıblar. Bu kəndlərin “Üçqardaş” adlandırılması da səbəbsiz deyil. Arazın o tayında – cənubi Azərbaycan tərəfdə uca dağın başında daşa dönmüş üç qardaşa bənzədilib bu kəndlər. Cənubi Azərbaycanın vilayətlərinin birində üç qardaş bir xanın nökəri imiş. Xanın zülmünə dözməyən qardaşlar bu vilayətdən qaçmağı planlaşdırırlar. Sözü bir edib gecə ilə vilayəti tərk edirlər. Xan səhər eşidir ki, nökərlər qaçıb. Onlar atlanıb, qılınc-qalxanlarını da götürüb qardaşların izinə düşürlər və məqsədləri də bu olur ki, onları harda tutsalar boyunlarını vursunlar. Bir xeyli axtarışdan sonra uzaqdan üç qaraltı görürlər. Üç qardaş da dönüb arxaya baxanda atlıları görür. Qardaşlar ən uca dağın başına çatmışdılar. Üçü də əllərini göyə qaldırıb Allaha yalvarmağa başlayır: 

- Ey yeri, göyü bir həftəyə xəlq edən Allah, bizi ya daşa döndər, ya quşa, təki bu zalımların əlinə keçməyək. 

Allah-taala qardaşların yalvarışını eşidib onları daşa döndərmək qərarına gəlir. Böyük və kiçik qardaş bütöv halda daşa dönür. Ortancıl qardaş ayaqdan yuxarı – yarıya qədər daşa dönmüşdü ki, atlılar özlərini yetirirlər. Başı hələ daşa dönməmiş ortancıl qardaşın boynunu vururlar. Hal-hazırda da iki qardaş bütövlükdə, birinin isə boynu vurulmuş halda daşa dönmüş vəziyyətdə həmin dağda mövcuddurlar və buna görə də dağ “Üçqardaş” dağı adlanır... 

Cəbrayıl rayonunun “Üçqardaş” kəndlərinin söykəndiyi aşıq Dirili Qurbaninin vətəni, qədim Diridağın zirvəsində Mazan nənə deyilən bir ocaq, pir var. Bir də Hasanlı kəndində vaxtilə İranın çox məşhur seyidlərinin ocağından adlayıb gələrək bu kənddə ailə qurmuş seyid Nübar nənə yaşayıb. Bu üç kənd bu üç müqəddəsə - “Üçqardaş”a, Mazan nənəyə və seyid Nübar nənənin cəddinə inanıblar. Bu kəndlərdə bütün müşküllər bu üç müqəd­dəs­lərə and içilməklə həllini taparmış.  

1956-1960-cı illərdə bu “Üçqardaş” kəndləri, o cümlədən Məmmədli və Soltanlı kəndləri birlikdə S.Vurğun kolxozu adlandırılırdı. Yaylaqdan enəndən sonra Diridağın aşağı dərələrində bu kolxozun iki sağmal, bir erkək sürüsü yerləşirdi. Həmin sağmal sürünün birinə Acıkeyxalıdan Oruc kişi, Hasanlıdan isə həmin Seyid Nübarın yoldaşı Rəhim gedərdi. Oruc kişi Acıkeyxalıda sayılıb seçilən, boylu-buxunlu, yanağından qan daman, qartal burunlu bir adam idi. Düqqətlə baxanda deyərdin ki, eynən Şah İsma­yıldır. Dostluqda etibarlı, sədaqətli, özü mötəbər, çörəkli kişi idi. Oruc kişinin bir dərdi, bir nisgili vardısa o da oğul dərdi idi. Düz dörd qız dalbadal dünyaya gəlmiş, hər dəfə oğul həsrəti ilə gözləyən Oruc və həyat yoldaşı Sənəm hər qız olduqca bikef olsalar da, asi olmur, Allahlarına şükür edirdilər. Deyirdilər tələsməklə deyil ki, qurban olduğumuzun öz səbri-qərarı var. Qızlar dünyaya gəldikcə Oruc kişi üzünü uca Tanrıya tutub: “ay qurban olduğum, özün bilən məsləhətdir, axı hamıya çıraq yandıran, yurdqoruyan, düşmən toxmağı bəxş etmisən, bəs bizimki hanı?” deyirdi. Qız uşağı doğulduqca S.Vurğunun “Bəsti” poemasından bu misralar yada düşürdü: 


Beləydi qayda bizdə... Qız doğanda analar,
Baxıb qara geyərdi su üstündə sonalar.
Yazıq qadın utanıb, qızarardı ərindən,
 Min bir varaq qopardı, könlünün dəftərindən.


Deyərdilər: - Qız nədir? Qazancı yox, varı yox,
Vəfası yox, qəlbi yox, aşiqə ilqarı yox.
Özgə şamı yandırır... Bu gün-sabah gedəcək,
 Köçəri quş kimidir, oylağı tərk edəcək.


Oruc kişi çox sevdiyi murçamlı, qumral, kərə təpəl qoyunun erkək quzusunu hamıdan xəlvət gələcək oğlu üçün qurbanlıq saxlamışdı. Artıq qumralın balasının yaşı 5-6-dan keçmişdi. Oruc kişi bu qurbanlığa toxunmur, sevə-sevə oxşayırdı. O, bu qurbanlığı hər dəfə gördükcə İbrahim Xəlil peyğəmbərin oğlu İsmayılın qurbanlıq qoçu yadına düşürdü. Hansı ki, Allahın ən sevimli peyğəmbəri əhd etmişdi ki, ey İlahi, mənə bir oğul payı əta et, sənin yolunda qurban kəsəcəm. Vaxt gəlir ki, İlahi onu eşidir, sınamaq üçün ona oğul payı verir. İbrahim peyğəmbər də İsmayılı götürüb Hira dağına aparır. Orda bir qaya parçasının dibində yerə uzadıb ülgücü onun boğazına çəkmək istəyərkən asimandan bir səda gəlir:

-Ey peyğəmbər, bir yuxarı bax.

Peyğəmbər yuxarı baxanda görür ki, bir Cəbrayıl qara rəngli, ağ təpəl, ala-paça bir qoçla dayanıb. Cəbrayıl deyir ki, bu, Allah-taaladan sənə bir paydı. İsmayılın yerinə bu qoçu kəs, apar yeddi qonşuya yeddi tikəsindən qurbanlıq payla. İndi Oruc kişi özünün saxladığı qurbanlığa baxdıqca həmin təpəl, ala-paça, qara rəngli qoçu xatırlayır və bir salavat çevirirdi...

...Novruz bayramı gəlmişdi Oruc kişinin yaxın qohum-simsarları, Səfqulu kişi və oğlanları Servan, Sərxan bir araya gəlib bayram keçirirdilər. O dövrdə Cəbrayıl rayonunun Soltanlı kolxozunun qoyun fermasının yaylağı Kəlbəcər rayonunun böyük İstisuyundan yuxarı başlayan axarlı-baxarlı “Bağırsaq dərəsi” idi. Elə ki, yazın 45-ci günü gəldi, arançı tərəkəmə eli-elatı fermanı yaylağa qaldırmalı idi. Bu il də kolxozun qoyun ferması yola düşürdü. Köç düz beş yurd yeri dəyişib “Bağırsaq dərəsi”nin başına yetişirdi. Ferma əvvəlcə rayon ərazisi olan məşhur “İncə kəhrizi”nin üstünə düşür. Burda uzun yol gəlmiş bütün canlılar doyunca su içir, çimir, yorğunluğunu alır. Sabahısı gün düz Həkəri və Bərgüşad çaylarının dibində yerləşən “Məzməzə”yə çatır. Bir gecə də burda qaldıqdan sonra (çünki bu yerlərdə sürülər üçün   ot-ələf yox idi) səhəri yola düşüb Laçının çayqırağı Zabux körpüsünün aşağısındakı arxaca düşürlər. Burda da heyvanlar üçün otlaq olmadığı üçün sabahısı gün tərpənib Laçının “Əli bulağı”na çatırlar və dördüncü köç olaraq orda da bir neçə gün qalırlar. Sonra isə Laçının Minkəndinin üstündə çala-taxta arxacda bir neçə gün qaldıqdan sonra fermaçılar üzünü Dəlidağ və Çalbayır döşünə tərəf tutur ki, görsünlər duman, çən yoxdur ki... Əgər varsa, gözləyirlər ki, duman, çən çəkilsin. Çovğun, ala-çolpa qorxusu çəkiləndən sonra elat burdan tərpənir. Qarşıda daşlı-çınqıllı Çalbayır döşü gəlir. Burdan tez-tələsik ötmək lazımdır. Çünki ata-babalar deyərdilər ki, Dəlidağla Çalbayır yoxuşunda neçə-neçə sürü və naxır tələf olub. Elə ki, o yerlərin zirvəsi ayaz oldu, onda tərpənmək olar. Fermaçılar tərpənib daşlı-qayalı döşlə xeyli yol getdilər. Gəlib Dəlidağın gəzinə çatdılar. Daha buranın elə bir qorxusu yox idi. Ferma Pürfənək gəzdən düşüb “Bağırsaq dərəsi”nin başına çatır. Dərə başından xeyli yol getdikdən sonra gəlib dədə-babadan qalma arxaclara yetişirlər. Tez-tələsik - yağış, dolu gəlməmiş kümələr, dəyələr qurulur. Arvad-uşaq rahatlanıb sevinir. 

Aranda olduğu kimi burda da fermaçılar Seyid Nübarın yanına gedərək onu ziyarət edirlər. Kimin nə əndişəsi varsa seyidə söyləyir, Seyid Nübar isə əlindən nə gəlirdisə onlara yol göstərib kömək edirdi. Bir gün Seyid Nübar həyat yoldaşı Rəhimə deyir ki, Orucu da götür gəl bizə. Sizə yaylağın matahı olan yaxşı bir qaysava bişirəcəm, həm də Oruc üçün yuxu görmüşəm, ona bir xeyir xəbər verəcəm. 

Rəhim elə də edir, bir axşam Orucu da götürüb gəlir. Qaysavadan yeyə-yeyə Seyid Nübar yuxusunu Oruca danışmağa başlayır: 

- Oruc kişi, yuxuda gördüm ki, bir zülmət gecədə gəlmisən bizə. Gedəndə dedim ki, Oruc kişi, qaranlıqda çala-çuxura düşüb zədələnərsən. Al bu çırağı əlində tut. Bir də bir kibrit verdim ki, çıraq sönsə yandırarsan. Allah qoysa, el arana qayıdıb, payız girəndə oğlun olacaq. 

Oruc kişi bu sözdən çox şad olub dedi:

-Seyid Nübar, Allah ağzından eşitsin, səni xeyir xəbər olasan.

O gündən etibarən Orucun üzü gülməyə başlamışdı, qurbanlıq qoça əməlli-başlı qulluq edirdi. Artıq yay ötüb getmiş, yaylaqda payızın nəfəsi duyulurdu. Yaylaq döşlərindəki zümrüd rəngli otlar saralıb quruyaraq çöpə dönmüşdü. Sürülər belə otlara dəymir, hər yerdə göy ot axtarırdı. Dağlar başındakı qarlar əriyib suya axan yerlərdə dişələr bitirdi. Sürülər həmin dişələrin üstünə cumurdular. Artıq heyvanlar da dil açıb demək istəyirdilər ki, vaxtdır, arana köçək. Vaxt-vədə yetişdi. Elat yır-yığış edib köçməyə başladı. Gəldikləri yurdlara düşə-düşə axır ki, arana çatdılar. Arançılarla dağçılar görüşür, bir-birilərnə pay-püş verirdilər. Orucla Rəhim öz sürüləri ilə qış yaraqlarına çatıb rahatlandılar. Rəhim onu çoxdan maraqlandıran bir məsələni Orucdan soruşdu:

- Oruc kişi, canavar sürüyə cumanda necə olur ki, bir dəstə qoyun bir-birinin qarnına girib heç yerə tərpənmir, ancaq qalanları bölük-bölük olub hərəsi bir tərəfə səpələnir?

Oruc kişi dedi:

-Hə, ay xalası göyçək, sən qoyunun dilini hardan biləsən?! Bax, o bir-birinin qarnına girib dayananlar bir qoçdan törəmədi, daha doğrusu onlar qan qohumudurlar. O dəstə-dəstə olub qaçanlar isə başqa-başqa qoçlardan törəyənlərdi...

...Artıq sentyabrın axırları idi. Orucla Rəhim döl kampaniyasına hazırlaşırdı. Yeri gəlmişkən deyim ki, Oruc kişi tam püxtələşmiş mütəxəssis idi. Onun adı rayon qəzetindən düşmürdü. İldə 100 baş qoyundan 92-95 baş bala alır, onları salamat saxlayaraq ildən-ilə sürünün sayını artırırdı. Hər il kolxoz ona mükafat verirdi. Hər iki çoban kağ-küzlə məşğul olduğu bir vaxtda gördülər ki, torpaq yolu toz başına götürüb, bir maşın onların binəsinə tələsir. Gəlhagəl gördülər ki, Orucun qohumu Sərxandı. Sərxan hal-əhvaldan sonra:

-Oruc əmi, muştuluğumu ver, xeyir xəbərlə gəlmişəm, - dedi.

Oruc:

- Bu sürü sənə qurbandı, neçəsini istəyirsən götür, bu da olsun sənin muştuluğun.

- Oğlun olub, Oruc kişi, oğlun olub.

Oruc kişi sevindiyindən bilmədi ki, nə etsin. Fermanı Rəhimə tapşırdı. Maşının yük yerinə ala-paça, qaradiş qoçu qoydu, Sərxana da bir quzu verdi. Hər ikisi tələsik özlərini evə yetirdilər. Oruc kişi qızını çağırıb dedi:

- Bala, çağanı bayıra götür, evə gəlim. 

Təzə olan çağanın bayıra götürülməsi dədə-baba adətidi. Deyərdilər ki, gələn adam bəlkə həmzadlıdır? Gəlib həmzadını uşağın üstünə tökər, çağanı xəstələndirə bilər.

Bu iş 1958-ci ildə olmuşdu. Oruc kişi evə daxil olub Sənəm arvada gözaydınlığı verdi. Salamat qurtulduğuna görə Allaha şükürlər etdi. Sonra Seyid Nübarın ünvanına alxışlar etdi:

-Ay seyid, sənin cəddinə qurban olum. Sənin yuxun necə də çin oldu. İnşallah sənə ayrıca nəzir gətirəcəm.  

Sonra Oruc kişi bayıra çıxıb Sərxanı çağırdı. Ala-paça, qaradiş qoçu qibləyə çevirib duasını (qurbanlıq duasını)  oxuyub kəsdi. Sonra hər evə bir pay düzəltdi. Qızlarını çağırıb dedi:

-Balalarım, hərəniz bir sini götürüb bu qurbanlıq paylarını evbəev paylayın. 

Hər ev qurbanlığı aldıqca “Allah qurbanlığınızı qəbul etsin” dedi. 

Sonra uşağa adqoyma gecəsi keçirildi. Biri dedi Xudaverdi qoyaq, biri Allahverdi dedi, biri Tanrıverdi, axırda Oruc kişi dedi ki, ay qohumlar, bu adların hamısı yaxşıdı. Ancaq bu övladı Allah bizə pay göndərib. 4 bacıya bir qardaş verib. Yəni uşaq bizim üçün bir tapıntıdı. Mən deyirəm ki, adını Tapdıq qoyaq. Beləcə, çağanın adını Tapdıq qoydular. Tapdıqdan sonra Elman adında ikinci oğlu da dünyaya gəldi çoban Orucun. Bu dəfə də yığıncaq oldu. Qurban kəsilib paylandı. Elman da xeyli böyüyüb yekə oğlan oldu. 

Günlərin bir günü kənd cavanları yığışıb yaxınlıqdakı kanala elektrik cərəyanı buraxıb balıq tuturdular. Elman da onların arasında idi. Necə olursa Elman bilmədən iki ayağını da suya salır və onu elektrik cərəyanı vurub öldürür. Kəndə hay düşdü. Gəlib meyiti aparıb dəfn etdilər. Bütün ailə vay-şivən içində qalır. 

Bundan sonra Tapdıq dörd bacının bir qardaşı kimi  yavaş-yavaş böyüməyə başlayır. Bütün kənd Tapdığa hörmətlə yanaşır, onun qayğısına qalırdı. Anası və bacıları Tapdığın üstündə nanə yarpağı kimi əsir, bir balaca nasaz olan kimi üzərlik yandırıb tüstüsünü iylədir, bərk əl-ayağa düşüb təşviş keçirirdilər.

Beləliklə, Tapdıq böyüyüb bir laçın oğlan oldu. Kənd uşaqlarına  qoşulub yaxınlıqdakı Araz Maşanlı səkkizillik məktəbinə getdi. Oranı bitirib yaxınlıqdakı Soltanlı kənd orta məktəbində təhsilini davam etdirməyə başladı. Bu məktəbdə Fərman, Məhyəddin, Rzaqulu, Fərrux, Şəban kimi çox savadlı müəllimlərdən mükəmməl təhsil aldı. Tapdığın  tərbiyə­sinə, qanacağına, əxlaqına söz ola bilməzdi. Bu adları qeyd olunan müəllimlərdən dərs alan şagirdlərin əksəriyyəti elə həmin ildə  də institutlara qəbul olub müxtəlif ixtisasa yiyələnərək, çörək ağacı tapdılar.

Nəhayət Tapdığın atası Oruc Nəsirov 1966-cı ildə dünyasını dəyişdi. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. 

Tapdıq 1976-cı ildə Soltanlı orta məktəbini bitirdi. Fikirləşirirdi, indi o, hansı ixtisası, hansı peşəni seçsin ki, elinə, obasına, xalqına faydası dəysin. Kəndlərində üzümçülük və heyvandarlıq sahələri geniş inkişaf etmişdi. Ona görə də 1976-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun zoomühəndislik fakültəsinə daxil olur. İnstituta qəbul olandan sonra müəllimlərdən biri tələbələrin hansı rayondan olmaları ilə maraqlanır. Növbə Tapdığa çatır.  Tapdır “Cəbrayıl rayonundanam” deyəndə, müəllim xeyli fikrə gedir. Sonra isə “Cəbrayılın fəxri olan bu insanları -  Adışirin Əliyevi, Vaqif Əhmədovu, onun bacısı Ziba Əhmədovanı, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovu, yazıçı Sabir Əhmədovu, riyaziyyat üzrə professor Əşrəf Hüseynovu, o vaxtkı Nazirlər Sovetinin sədri Teymur Quliyevi, uzun müddət maarif naziri olmuş Mehdi Mehdizadəni, Azərbaycanda analitik kimyanın bünövrəsini qoymuş Allahverdi Verdizadəni tanıyırsanmı?” - deyə soruşur.

Tapdıq:

- Bəli, müəllim, hamısının adını eşitmişəm, - deyir. 

Qrupdakı uşaqların hamısı dönüb Tapdığa baxırlar. Hamı məəttəl qalır ki, balaca bir rayondan gör nə qədər görkəmli adamlar çıxıb. Tapdıq daxildən qürur hissi keçirir. 

Müəllim sözünə davam edir:

-Siz cəbrayıllılar bu görkəmli simalarla həmişə fəxr etməlisiniz.

Tapdıq sonralar öyrənmişdi ki, rayonun Dağtumas kəndindən olan Adışirin Əliyev Cəbrayılın ilk baytar həkimi olmuşdu. Bundan əlavə oxuya-oxuya institutun ilk partiya təşkilatının katibi olmuş, 5 il bu vəzifəni daşımış, sonra Vaqif Əhmədov və bacısı Ziba Əhmədova eyni vaxtda aqranomluq fakültəsinə daxil olmuşlar. Adışirin Əliyev institutu bitirdiyi üçün ilk partiya təşkilatının katibliyini Vaqif Əhmədova təhvil vermiş, o da 5 il bu vəzifəni aparmışdı. Ziba Əhmədova isə institut üzrə həmkarlar təşkilatının sədri işləmiş, institutu bitirdikdən sonra Vaqif Əhmədov uzun müddət Cəbrayıl rayon partiya komitəsinin birinci katibi, Ziba Əhmədova isə rayon üzrə toxumçuluq laboratoriyasının müdiri işləmişdi...

...Tapdıq Nəsirov dövlət imtahanını müvəffəqiyyətlə verərək institutu bitirir, təyinatını Zəngilan rayonuna verirlər. 1981-ci ildə təyinat yerinə gəlib istehsalat idarəsinin rəisi ilə görüşür. Onu rayonun “Komuna” sovxozuna baş zootexnik göndərirlər. Tapdıq bu sovxozda iri heyvandarlıq kompleksində əmək fəaliyyətinə başlayır. Birinci növbədə naxırın cins tərkibini dəyişməyə, süni mayalanma işlərinə diqqət yetirir. Bu sovxozda o, çox yeniliklər yaradır. Bütün sovxoz kollektivinin rəğbətini qazanır. 4 il burda müqavilə ilə işləyəndən sonra ailə vəziyyəti ilə əlaqədar olaraq öz doğma rayonu Cəbrayıla gələrək istehsalat idarəsinin rəisi İltifat Həsənovla tanış olur. Rəis onu rayon birliyinə zootexnik göndərir. Onun fəal və zəngin təcrübəsini bəyənir və onu rayonun baş zootexniki təyin edir. 

Rayonda işləyəndə anası Sənəm arvad da dünyasını dəyişir. O da həyat yoldaşı Oruc kişi kimi Tapdıq sarıdan arxayın gedir. Allah Sənəm arvada da rəhmət eləsin, o dünyasını versin. 

Tapdıq canla-başla işinə başladığı vaxt, yəni 1988-90-cı illərdə azğın, namərd düşmən hər tərəfdən hücuma keçir, rayon mərkəzini qrad atəşinə tutur. Bir müəllimin evinə qrad düşür. Evqarışıq özü də od tutub yanır. Sonra dövlət bankının binasını, o birisi gün Cəbrayılın fəxri, şöhrəti Xan Çinarı da atılan qrad parça-parça edir. Buna görə rayondan xeyli aralı 4-5 yerdə postlar qurulur, postlarda rayonun cəngavər oğulları – könüllüləri keşik çəkməyə başlayır. Rayonun inzibati işçiləri, o cümlədən Tapdıq da növbə ilə postlara çörək-yemək, silah-sursat daşıyır, onlara ürək-dirək verirdilər. Düşmən tərəf gündən-günə, aydan-aya güclənir, yeni tanklar, toplar, silah-sursatlar gəlir. Atdıqları güllələr yayınmır. Bizim tərəfdən xeyli cavan şəhid olur. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, ruhları şad olsun.

Vəziyyəti belə görən rayon camaatı çıxış yolunu ancaq qaçıb canlarını qurtarmaqda gördülər. Nə yaxşı ki, Xudafərin körpüsü var imiş. Kütlə dəmir yolu xətti ilə Xələfli tunelinə qaçıb ordan da Xudafərin körpüsünə keçirlər. O körpünün yanındakı dərə insan seli ilə dolmuşdu. 3 gün, 3 gecə orda qorxu içində qaldıqdan sonra İran tərəf insafa gəlib körpünü açıb insanları buraxır. İran tərəfinə qaçan cəbrayıllılar bir gün də gəlib Arazın keçid məntəqəsinə toplaşırlar. Ordan buraxılan insanlar Azərbaycanın bütün rayonlarına səpələnərək məcburi köçkünlük ömrü yaşamağa başlayırlar. Camaat bir müddət çox çətin şəraitdə yaşasa da sonralar dövlət tərəfindən Biləsuvarın boş torpaq sahələrində planlı surətdə, nizamlı şəkildə qəsəbələr tikilməyə başlanıldı. Bu işdə Cəbrayılın o vaxtkı icra başçısı Mahmud Quliyevin də böyük əməyi oldu.  Elə həmin vaxtlarda Mahmud Quliyev Tapdığın təşkilatçılığını, işə vicdanlı və məsuliyyətli münasibətini görüb onu icra hakimiyyətinin müavini vəzifəsinə gətirdi. Sonra da əl-ələ verib qəsəbənin inşasını yüksək səviyyədə həyata keçirdilər. Hazırda qəsəbədə 4.500-dən çox məcburi köçkün məskunlaş­mışdır. Hazırda Cəbrayıl rayonunun inzibati idarələri də bu qəsəbədə yerləşir. Qəsəbənin xəstəxanası, məktəbləri insanların xidmətindədir.  

Qeyd edim ki, hazırda Tapdıq Oruc oğlu Nəsirov YAP Cəbrayıl rayon təşkilatının sədri vəzifəsində çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı var.

Ona müraciət edən məcburi köçkünləri xoşüzlə qarşılayır. Gücü çatan qədər köməyini əsirgəmir. Tapdıq Oruc oğlu Nəsirov Cəbrayıl camaatının fəxridir.


Cəbrayıl TOPCAQLI


Mənbə: http://gundelik.info/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: