Xatirə FƏRƏCLİ.Seçilmiş şeirlər

25-12-2019, 03:00
134

Yerin bağrımın başıdı

Ömür yolda qatar ikən,
Sinəm cadar-cadar ikən,
Arzularım çapar ikən
Minib tərkinə gəlmisən.

Keçən illərin köçündən,
Ağrılarımın içindən,
Sıyrılıb Qədər suçundan
Ürəklə, ərklə gəlmisən.

İllər həsrət, qəm yaşıdı,
Qəlb eşqinə baş daşıdı,
Yerin bağrımın başıdı,
Gəl, öz mülkünə gəlmisən.

Bu dərd ki var

Bu dərd ki var, keçən deyil,
Çalış yola ver də, ağla.
Bir ağladın kar olmadı,
Çək sinənə bir də ağla.

Bax ha, nadansa qarşında,
Gülünc olar göz yaşın da.
Yer ver bağrının başında,
Çəkil dalda yerdə ağla.

Boş ver dünya dəstgahına,
Bat bir ömrün günahına,
Yol get dərdin dərgahına,
Dərdini DƏRD bil də, ağla.


Mənbə: http://edebiyyat-az.com/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: